General polislərin qadını sürüyüb soyundurması olayından danışdı
Azərbaycanda baş vermiş, iki nəfər polis işçisinin bir qadını təhqiramiz formada sürüdüyünü əks etdirən videokadr haqqında yeni məlumat əldə etmişik. Məlumatda deyilir ki, hadisə Gəncədə, Metallurq stadionuna yaxın ərazidə baş verib. Qadını sürüyənlər isə Gəncənin Kəpəz rayonu Post Patrul Xidmətinin əməkdaşlarıdır.
Videodakı qadın kimdir?
Gəncə şəhər baş polis idarəsinin rəisi general-mayor Rasim Musayev “Azadlıq”a hadisənin Kəpəz rayonunda baş verdiyini təsdiqləyib: “Bəli belə bir hadisə olub. Lakin baş verənlər mətbuatda təqdim edildiyi kimi deyil. Hadisə 3 il əvvəl olub. Xanlar rayon sakini olan Elnarə adlı həmin qadın kafelərdən birində qab yuyan işləyir. Onun Nofəl adlı Kəlbəcərdən olan məcburi köçkünlə münasibətləri olub. Bir müddət keçdikdən sonra Nofəl başqa bir qadınla ailə qurub. Elnarə bunu həzm edə bilməyib. Nofəlin həmin qadından bir övladı dünyaya gəlib. Elnarə adlı qadın daha da qəzəblənib. Işlədiyi kafedə içib sərxoş olan Elnarə Nofəlin evinə hücum çəkib və orada qalmaqal yaradıb. Hadisə Metallurq stadionunun yaxınlığında Tağı Arani küçəsində baş verib. O, hətta Nofəlin övladına xəsarət yetirmək istəyib. Bu zaman qonşular rayon polis şöbəsinə məlumat veriblər və əraziyə məsul olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Elnarəni sakitləşdirib ərazidən uzaqlaşdırmaq istəyiblər. Lakin mümkün olmayıb. Videoçarxda da göründüyü kimi polislər qadını uzaqlaşdıra bilmir. Onu da deyim ki, qadın hələ polislər gəlməmiş Nofəlin evinin qarşısında soyunubmuş. Onu qonşular geyindirib. Polislər qadını ərazidən uzaqlaşdırmağa çalışanda da videoda gördüyünüz səhnə yaranıb”.
Rasim Musayev üçün “dolaşıq sual”
Rasim Musayev iddia edib ki, polis əməkdaşları qadına heç bir zorakılıq göstərməyib: “Videoya da diqqətlə baxın, orda polislər qadını nə vurur, nə döyür, nə də başqa zorakılıq əməllərinə yol verirlər. Onlar sadəcə bu qadını ərazidən uzaqlaşdırmaq istəyirlər. Özü də qeyd edim ki, həmin video qadın Nofəlin uşağına xəsarət yerinə yetirmək istəyərkən, polislər isə bunun qarşısını alaraq qadını oradan uzaqlaşdırmağa çalışarkən lentə alınıb”.
Rasim Musayev əlavə edib ki, qadının həmin vaxt sərxoş olması ilə bağlı ekspertizanın rəyi də var. “Mən bu işlə bağlı bütün materialları mətbuata təqdim edəcəm”, – deyə general əlavə edib. Rasim Musayev həmçinin bildirib ki, hazırda bu işlə bağlı araşdırma gedir: “Hər şey araşdıralacaq, əgər polislərin hər hansı təqsiri varsa, cəzalandıralacaq”.
“Bəs 3 il bundan əvvəl hadisə ilə bağlı araşdırma aparılmamışdı?” sualını isə polis rəisi “dolaşıq sual” adlandıraraq deyib: “Sizə həqiqət lazım deyil?! Mən də həqiqəti danışıram. Niyə mənə dolaşıq suallar verirsiniz. Bu məsələ o zaman da araşdırılıb. Sadəcə indi bu videogörüntülər üzə çıxıb ona görə də yenə də hərtərəfli araşdırılır və əgər həmin polislərin təqsiri olsa cəzalandıralacaqlar”.
DIN: “Belə hərəkətə yol vermiş şəxslər polis orqanlarında işləyə bilməzlər”
Bu arada Daxili Işlər Nazirliyi (DIN) sözügedən video görüntüyə münasibət bildirib. DIN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq deyib ki, DIN belə halların baş verməsini birmənalı şəkildə pisləyir: “Bu fakt ciddi şəkildə araşdırılır. Bizdə məlumat var ki, həmin hadisə bir neçə ay əvvəl baş verib. Belə hərəkətə yol vermiş şəxslər polis orqanlarında işləyə bilməzlər və onlar birmənalı şəkildə daxili işlər orqanlarında xidmətdən xaric ediləcəklər”.
Polis rütbəsindən asılı olmayaraq qaydalara riayət etmir
Hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib ki, sözügedən videoda yayımlanan hadisə Azərbaycan mentalitetinə tam ziddir: “Həmin qadının şəxsiyyətcə kim olduğunu bilmirik, lakin qanun və mentalitet qadınla belə rəftara yol vermir. Həmin qadın küçə qadını olsa belə, ona qarşı polisin belə davranması yolverilməzdir. Insanı küçədə belə vəziyyətdə sürümək, onu vəhşi kimi döymək, paltarını çıxarmaq heç bir normaya sığmır. Bu hadisə inanıram ki, daxili işlər nazirinə çatdırılacaq və Ramil Usubov həmin polis haqqında mütləq ölçü götürəcək. Ümumiyyətlə, polis sisteminə işçi götürəndə onların psixikasının yoxlanması vacibdir. Polis ekstremal vəziyyətlərdə sınaqdan keçiriləndən sonra çalışmalıdır. Psixoloji durum, əqli vəziyyətin yoxlanması olduqca vacib məsələdir. Bundan sonra insanların asayişini onlara tapşırmaq lazımdır”.
Hüquq müdafiəçisi Leyla Yunus hadisəni iki cəhətdən təhlil edib. Leyla Yunusun fikrincə, polisin peşə davranışı, hansı normaya cavab verməsi mövcud qanunvericiliklə tənzimlənib: “Polisin məsuliyyəti, səlahiyyəti orda dəqiq göstərilib. Belə ki, polis işçisinin küçədə, bina daxilində özünü necə aparması, təqdim etməsi qanunvericiliklə təsbit olunub. Lakin Azərbaycanda nainki sıravi vətəndaş, polisin özü rütbəsindən asılı olmayaraq qaydalara riayət etmir. Belə hadisələr isə polis haqqında qanunlara ziddir. Monitorinq və seminarlar da polisin elementar bilgilərə cavab vermədiyini sübut edir”.
Hüquq müdafiəçisi məsələnin ikinci tərəfi kimi, Azərbaycanın mentalitet, dini baxımdan qadına yanaşma tərzini misal gətirdi. Yəni, bu hadisə mövcud kriteriyanın heç birinə sığmır: “Azərbaycan qadınının zəif təqdim olunan obrazına qarşı belə hərəkət yolverilməzdir. Polis sanki düşmənlə rəftar edir. Bütün hallarda sözügedən videodakı görüntülər azərbaycançılığa sığmır”.
Vidadi