İyunun 13-də xarici diplomatlar – Avropa Birliyinin nümayəndəsi Lüdas Kolesnikas və Böyük Britaniya səfirliyinin təmsilçisi Endrü Harvey Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. “Media forum” saytının məlumatına görə, diplomatlar cəzaçəkmə müəssisəsində saxlanan 2 aprel məhbusları Arif Hacılı, Zülfüqar Eyvazlı, Ülvi Quliyevlə görüşüblər. Onlar məhbusların saxlanma şəraiti, sağlıq durumları ilə bağlı bilgilər alıblar.
Arif Hacılının qardaşı, Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli “Media forum” saytına deyib ki, görüş bir saatdan artıq çəkib: “İlk dəfədir ki, xarici diplomatlar 2011-ci il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi aksiyaya görə məhkum edilmiş şəxslərə baş çəkirlər. İndiyədək belə hal olmamışdı”.