Danimarka ikinci möcüzə yarada bilmədi; Hollandiya yenə xalsız qaldı
İyunun 13-də futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. Ölüm qrupu adlanan B qrupunda Danimarka Portuqaliya ilə, Almaniya isə Hollandiya ilə qarşılaşıb.
Birinci qarşılaşma 3:2 hesabı ilə Portuqaliya yığmasının xeyrinə başa çatıb. Pepe (24-cü dəqiqə) və Poştiqanın (36-cı dəqiqə) vurduğu qollarla maçtda üstünlük qazanan portuqallar sonradan rəqiblərinin layiqli müqaviməti ilə qarşılaşıblar. Danimarka yığması Bendtnerin 41 və 80-ci dəqiqələrdə vurduğu baş zərbələri ilə hesabı bərabərləşdirib. Ancaq o, növbəti möcüzəyə imza ata bilməyib – Portuqaliya 87-ci dəqiqədə Varelanın tora göndərdiyi topla Danimarkanı məyus edib.
Günün ikinci qarşılaşmasından isə almanlar qalib ayrılıb – 2:1. Ümumən Almaniya yığmasının açıq üstünlüyü şəraitində keçən oyunda Qomez 24 və 38-ci dəqiqələrdə vurduğu dəqiq zərbələrlə komandasını irəli çıxarıb. Hollandlar 74-cü dəqiqədə Van Persi ilə bu qollardan birinin əvəzini çıxa biliblər. Onların rəqib qapıya yol tapmaq üçün göstərdikləri qalan cəhdlər uğursuz olub.
Beləliklə, iki oyunda aktivinə 6 xal yazmağı bacaran Almaniya qrup mərhələsini adlamağı təmin edib. Hollandiya isə 0 xalla qrupun ən zəifi kimi evə dönməyə çox yaxındır.
İyunun 14-də keçiriləcək oyunlar bunlardır: İtaliya–Xorvatiya (saat 21:00), İspaniya-İrlandiya (saat 23:45)