İxtiyar Şirinov: «Rus kəşfiyyatında azərbaycanlılar da var idi, sonradan onlar güc strukturlarında yüksək vəzifələrə təyin olundular»
Milli Dövlətçilik Partiyasının (MDP) sədri, hazırda həbsdə olan Nemət Pənahlının 1993-cü ilin 4 iyun qiyamı ilə bağlı həbsxanadan “Azadlıq”a yolladığı yazıda bir sıra maraqlı məqamlar var. Həmin məqamlara aydınlıq gətirmək üçün 1993-cü ildə baş prokuror olmuş və 4 iyun qiyamında Gəncədə həbs edilən Ixtiyar Şirinovla söhbətləşdik.
– Ixtiyar bəy, Nemət Pənahlı iddia edir ki, siz Gəncədə saxlanılarkən cibinizdən orada həbs ediləcək şəxslərin siyahısı çıxıb. Həmin siyahıda birinci Nemət Pənahlının adı olub. Bu iddia nə dərəcədə əsaslıdır?
– Nemət Pənahlının 4 iyun qiyamı barədə söylədiklərinin əhəmiyyətli hissəsi fantaziyadır. O istəyir ki, özünü önəmli bir şəxs kimi göstərsin. Konkret mənim cibimdən siyahı çıxmağına gəlincə, bu iddianın heç bir əsası yoxdur. Həmin hadisələrə görə həbs ediləcək şəxslərin adı cinayət işinin materiallarında idi. Bu materiallar isə mənim cibimdə deyildi. Bundan başqa, həbs ediləcək şəxslərin sırasında Nemət Pənahlının adı yox idi.
– Onun sözlərinə görə, fəaliyyəti qiyamı yatırmaqdan ibarət olub. Bu barədə nə deyə bilərsiniz?
– Bizə gələn məlumatlarda bildirilirdi ki, Nemət Pənahlı aprel ayından Surət Hüseynovun dəstəsindədir. Və orada hökumətə qarşı iş aparır. Elçibəyin həbsi ilə bağlı saxta sanksiyanın, vətəndaşları kütləvi itaətsizliyə çağırmaq üçün Hacı Allahşükür Paşazadənin və başqa nüfuzlu şəxslərin adından bəyanatların hazırlanmasında Nemət Pənahlının rolu olub. Əgər Nemət Pənahlı qiyamı yatırmaq istəyirdisə, nə üçün bu cür addımlar atırdı?! Indi Nemət Pənahlının belə danışması sadəcə qiyamdakı rolunu ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Lakin onun gördüyü işlər göz qabağındadır.
– Yeri gəlmişkən, Nemət Pənahlı deyir ki, Elçibəy barədə sanksiyanın mətnini o diktə edib, Əli Ömərov isə yazıb…
– Bunu özü də mənə demişdi. Açığı mən o sanksiyanın necə hazırlandığının şahidi deyiləm. Amma Nemət Pənahlı mənə də belə demişdi.
– Sizcə, bu, Nemət Pənahlının öz təşəbbüsü olub, yoxsa ona da kimlərsə belə etməyi diktə edib?
– Əlbəttə, bu adamların hamısı bir mərkəzdən idarə olunurdu. Məndə bu barədə konrket məlumat yoxdur ki, bu mərkəz kimlərdən ibarət idi. Bunu araşdırmaq lazımdır. Lakin görünən bu idi ki, Nemət Pənahlı və onun kimilər idarə olunur.
– Nemət Pənahlı bildirib ki, qiyamdan sonra Surət Hüseynov prezident, Ayaz Mütəllibov isə baş nazir olmalı idi…
– Belə söhbət var idi. Bizdə məlumatlar var idi ki, Gəncədə Ali Sovetin iclasını keçirib hökumət qurmaq istəyirlər. Orada vəzifə bölgüsünə görə Surət Hüseynov prezident, Ayaz Mütəllibov baş nazir olmalı idi. Indi mən bilmirəm Ayaz Mütəllibovun özü bu prosesdə nə dərəcədə rol oynayırdı. Amma belə söhbətlər var idi. Biz Gəncədə həbsdə olarkən qiyamçılar bəzi şeyləri ucadan müzakirə edirdilər. Müzakirələrdə bu məsələ də qırmızı xətlə keçirdi.
– Amma nəticə başqa cür oldu…
– Bu aydın məsələdir ki, Heydər Əliyev bu hadisələrdən məharətlə öz xeyrinə istifadə etdi. Bu da Azərbaycanı fəlakətə apardı.
– Nemət Pənahlı deyib ki, Heydər Əliyev ona Gəncədə rus kəşfiyyatçılarının olduğunu bildirib. Sizdə bu barədə məlumat var idimi?
– Əlbəttə. Bizdə məlumat var idi ki, Gəncədə rus kəşfiyyatçıları fəaliyyətdədir. Onların işi qiyamçıları və qiyama dəstək verənləri yönəltmək idi. Yəni Surəti və onun adamlarını rüs kəşfiyyatı idarə edirdi. Hara hücum etmək, kimi aradan götürmək və s. bu kimi işlərin planını cızırdılar. Özü də nəzərinizə çatdırım ki, onların hamısı ruslar deyildi. Rus kəşfiyyatında azərbaycanlılar da var idi.
– Ad çəkə bilərsinizmi?
– Ad çəkmək istəmirəm. Amma onu deyim ki, sonradan həmin azərbaycanlılar güc strukturlarında yüksək vəzifələrə təyin edildilər.
– Bəs Heydər Əliyevin Surət Hüseynovla görüşü zamanı onun prezident olmasına razılaşması barədə Nemət Pənahlının söylədikləri nə dərəcədə doğrudur?
– Bu barədə heç nə deyə bilmərəm. Çünki Heydər Əliyev Sürət Hüseynovla görüşəndə biz həbsdə idik.
– Nemət Pənahlının sözlərinə görə, sizə, o cümlədən Gəncədə həbs edilən digər hökumət nümayəndələrinə qarşı alçaldıcı hərəkətlər edərək bunu videoya çəkmək planı olub. Lakin Nemət Pənahlı bunun qarşısını alıb…
– Əli Ömərov mənə dedi ki, əgər saxta sanksiyaya imza atmasan səni və buradakı adamları zorlayaraq öldürəcəyik. Ola bilsin videoya çəkmək planları da olub. Mən həmin saxta sanksiyaya imza atdıqdan sonra vəziyyət dəyişdi. Mən oradakı insanların həyatını xilas etmək üçün bu addımı atdım.
Yəni Nemət Pənahlı deyil, mənim saxta sanksiyaya imza atmağım bu planın qarşısını aldı.
Vidadi