Uzun müddətdir ki, hansı mövzuda yazacağım haqda düşünürdüm. Ölkəmizdə o qədər çox problem var ki, seçim etməkdə çətinlik çəkirdim. Sonda qadınlar haqda yazmağı və onları mübarizəyə səsləməyi qərara aldım. Tarixə nəzər salsaq, hər dövrdə öz azadlığı uğrunda mübarizə aparan cəsur qadınların olduğunu görərik. Düzü, əvvəlki dövrlərə diqqət yetirəndə insan heyrətlənməyə bilmir. Çünki onlar elə çətin dövrlərdə fədakarcasına mübarizə aparıblar ki…
Belə cəsur qadınlardan biri də Nat Terner olmuşdur. 1831-ci ildə ABŞ-ın Virciniya ştatında bu qul qadının başçılığı ilə qullar quldarların əleyhinə üsyan qaldırmışdılar. Bu üsyanda yaş və cins məhdudiyyəti yox idi. Quldarların çoxu üsyançılar tərəfindən öldürüldü. Üsyan amansızlıqla yatırıldı və Nat Terner dar ağacından asıldı.
Bəli, Nat Terner öldürüləcəyini bilirdi, amma yenə də haqsızlığa boyun əyməyib üsyan qaldırdı. Belə bir vəziyyətdə qadınlar öz azadlıqları uğrunda mübarizə aparırdılarsa, bu gün qadınların öz talelərinə biganə qalmaları həqiqətən də qəbuledilməzdir. Hər bir qadın anlamalıdır ki, öz haqqını müdafiə etmək üçün daim mübarizə aparmalıdır.
Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan qadınlar azlıq təşkil edir. Bunun da müəyyən səbəbləri var. Ən böyük səbəbi isə odur ki, bəzi insanlar siyasətlə məşğul olan qadınlara qəribə münasibət bəsləyirlər, böyük günah işləmiş biri kimi baxırlar.
Bu mövzunu seçməyimin məqsədi yenə də qadınları siyasi mübarizəyə cəlb etməkdir. Düzdür, hər kəs siyasətlə məşğul ola bilməz, amma öz haqqını tələb edə bilər. Əgər bu gün yaşayırıqsa, deməli, varıq. Varıqsa, deməli, haqqımızı tələb edə bilərik.
Əziz qadınlar, haqqınızı tələb edin ki, haqqı tapdalananlardan olmayasınız! Haqqınızı tələb edin ki, gələcək nəsillər sizə haqq verə bilsinlər!
Və bir şeyi unutmayaq ki, bəzən kişilərin belə, edə bilmədiklərini biz həyata keçirə bilirik. Hamınızı haqq və ədalət uğrunda mübarizəyə səsləyirəm. Nə qədər ki, gec deyil, fədakar olun. Fədakar olun ki, istəyimizə nail ola bilək
Türkel Quliyeva