axcp-alimeclis-iyun2012

“Repressiya və təziyqlər bizi qələbəyə gedən yoldan saxlaya bilməyəcək”

axcp-alimeclis-iyun2012Əli Kərimli partiyanın Ali Məclisində yeni vəzifələrdən danışdı

AXCP Ali Məclisi bazar günü növbəti toplantısını keçirdi. Məclisin gündəliyinə təşkilatı məsələlər, ictimai-siyasi durum və partiyanın qarşısında duran vəzifələrin müzakirəsi daxil edilmişdi. Təşkilatı məsələlər Ali Məclisə yeni seçilən üzvlərin təsdiqi ilə yekunlaşdı. Daha sonra ictimai- siyasi durum və partiyanın vəzifələri haqda AXCP sədri Əli Kərimlinin məruzəsi dinlənildi.

Təqiblər bizi qələbəyə gedən yoldan saxlaya bilməz

Əli Kərimli öncə yazda İctimai Palatanın keçirdiyi aksiyalardan söz açdı. Onun fikirincə, bu aksiyalar  Azərbaycan müxaıifətinin mövqeyini ölkə daxilində və xaricdə gücləndirib: “Bu aksiyalar həm də onu göstərdi ki, ötən il elan etdiyimiz və  2 apreldən başlamış yeni mübarizə mərhələsi hansısa təhdid, repesiya ilə durdurula bilməz, qısa fasilələr olsa da, bu mərhələ qələbəyə qədər davam edəcək”.

Əli Kərimlidən təşəkkürlər

Ötən müddətdə AXCP-nin avtoritarizmlə mübarizədə daim öndə olduğunu və bundan fərəh duyduğunu deyən partiya sədri əlavə etdi ki, bəziləri bunun hansı məhrumiyyyətlər hesabına başa gəldiyini dərk etməyə çətinlik çəkir: “Kənarda baxana döyüş asan gəlir. Kimlərsə dərk etməsə də, bu reallıqdır ki, cəbhəçilər uzun illərdir ön səngərdə mövqelərini qətiyyətləri, mərdlikləri hesabına saxlayırlar”. Bundan sonra Əli Kərimli partiyanın ötən müddətdə intellektual və başqa mübarizə sahələrində fərqlənən üzvlərindən söz açdı, özəlliklə xanımlara, gənc cəbhəçilərə təşəkkürünü çatdırdı.

Mübarizəmiz yatan vicdanları oyatdı

Ötən dövrün siyasi yekunlarından danışan AXCP sədri dedi ki, son proseslər dünyada Azərbaycan haqqında obyektiv rəy formalaşdırıb. Artıq çoxları bu ölkədə hüququn olmadığını, məhkəmə, polis və başqa dövlət orqanlarının bir ailənin əlində oyuncağa çevirildiyini bilir: “Artıq dünya bilir ki 94 il öncə Şərqin ilk demokratik cumhuriyyətini qurmuş bir xalqa 40 ildir bir sülalə rəhbərlik edir. Dünya bildi ki, ən korrupsioner rejimlərdən biri Azərbaycandadır. Bunların nəfslərini saxlaya bilməyən, gözü doymayan xəstə olduqlarını da dünya bildi. Dünya bildi ki, Azərbaycandakı haimiyyət Avropa coğrafiyasına ləkə gətirən hakimiyyətdir. Bütün bunların hamısını dünyanın yalnız siyasi dairələri bilmədi, xalqlar bildi. Bunlar milyonlarla tirajla yayıldı və nəticəsiz qalmadı. Uzun illər gözlədiyimiz hadisə baş verdi. Avropa Parlamenti bizim bütün tələblərimizin birmənalı olaraq haqlılığı və yerinə yetirilməli olduğu haqda qətnamə qəbul etdi. Bizim piketlərimizdə, mitinqlərimizdə hansı tələb vardısa, o qətnamədə yer aldı. Avropa Parlamenti çox açıq formada Azərbaycanda insan haqlarını pozan məmurlarla qarşı sanksiya tətbiq edilməsinə dair mövqe qoydu ortaya. Bu, çox mühüm hadisədir. Bugünlərdə Avropa Birliyinin komissiarı Ketrin Eşton da 2 aprel məhbuslarını azad etməyə çağırdı.

Artıq dünya birliyi Azərbaycanı bu gün yönətənlərin müvəqqəti olduğunu başa düşür. Bu qədər oğurluq edənlərlə, insan haqlarını pozanlarla uzaq yol getmək olmaz. Azərbaycan hakimiyyətinə münasibət bizim mübarizəmizə adekvat olaraq sərtləşir. Bizim aprel-maydakı aksiyalarımız, fəaliyyətimiz olmasaydı bu cür münasibət də olmayacaqdı”.

İctimai Palatanı qorumalı və gücləndirməliyik

Əli Kərimli İctimai Palatanın önəmi haqda da danışdı. Bildirdi ki, kimin nə deməsindən asılı olmayaraq, İctimai Palata mübarizənin önündədir: “Bu gün demokratik qüvvələrin əsas gücü İctima Palatadadır. Azərbaycan xalqının bu rejimdən xilas olmasının ünvanı da İctimai Palatadadır. Biz nəinki İctimai Palatanı qoruyub saxlamaqda maraqlıyıq, həm də hansısa səbəbdən İctimai Palatada bizimlə birgə olmayan, amma demokratik dəyişiklik istəyən insanların da bir araya gəlməsinin yollarını arayırıq. Hökumət İctimai Palatanın fəaliyyətindən narahatdır, ona görə də müxtəlif təxribatlar gözləniləndir. Hər zaman nəzərə almalıyıq ki, biz mübarizənin önündəyiksə, daha çox məhrumiyyəti biz yaşayırıqsa, birlik üçün ən çox güzəştə də biz getməliyik, təxribatlara qarşı ayıq olmalıyıq”.

Bütün seçki məntəqləri boyunca təşkilatlanmalı

Çıxışının yekununda demokratik dəyişiklik üçün daha çox çalışmaq lazım gəldiyini bildirən Əli Kərimli tənqidi ruhda danışdı. O, bildirdi ki, təşkilatlanma işini qənaətbəxş saymaq olmaz. Azərbaycanda köklü dəyişiklik üçün indi faizlə yox, dəfələrlə güclənmək gərəkdir. Əli Kərimli dedi ki, ideoloji və təbliğatı baxımdan AXCP-nin çox münbit imkanları var, çünki onun rəqibi  “qeyri-populiyar, anti-milli və bioqrafiyası cinayətlərlə dolu olan” bir rejimdir. AXCP sədri gələn ilki seçkiyə diqqət çəkərək təşkilatlanma işində güclü səfərbərlik aparmağı vəzifə olaraq bir daha xatırlatdı. O, respublika boyunca bütün seçki məntəqələrinə uyğun komandalar yaradılmasını tapışırdı.

***

Məruzədən sonra AXCP sədrinin müavinləri Nurədddin Məmmədli və Fuad Qəhrəmanlı təşkilati və təbliğati məsələlərlə bağlı fikirlərini məclis iştirakçıları ilə bölüşdülər. Bölgələrdəki işi gücləndirmək üçün təkliflər səsləndirdilər.
Məclisin işində iştirak edən AXCP rayon şöbə sədrləri Bəxtiyar Əlizadə (Gəncə), Sabir Musayev (Qazax), Pərviz Məlikov (Laçın), Nicat İbadov (Lənkəran), Ali Məclis üzvləri Zərifə Məhyəddinova, Sövdagər Mursaqulov gündəlikdə duran məsələlərlə bağlı fikirlərini bildirdilər. Əyalətdə partiya işinin təşkil olunmasına yaradılan maneələr və çıxış yolları göstərildi. Çıxışçılar dəyişikliyə inanmalrını ifadə etdilər, təşkilatlanma və partiya sıralarına yeni üzvlərin cəlb edilməsi ilə bağlı arayışlar verdilər.
Müzakirələr zamanı təbliğat işinin səmərəli aparılması ilə bağlı yeni medianın, internetin imkanlarının diqqətə alınması da vəzifə olaraq müəyyənləşdirildi. Dayaq dəstələrinin, rayon məclisilərinin müntəzəm iclaslarının keçirilməsi və həmin yığıncaqlara partiyanın ali rəhbərliyində təmsil olunan üzvlərin dəvət edilməsi də təqdir olunası təklif kimi nəzərə alındı.

Natiq