Transxəzər layihəsi Moskva və Tehranı Vaşinqtonla üz-üzə qoydu
ABŞ Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsində Bakıya və Aşqabada dəstək vəd edir. Dövlət Departamentinin Avrasiyada xüsusi səfirinin baş müşaviri Daniel Steyn bildirib ki, Azərbaycan və Türkmənistan Transxəzər qaz kəmərinin inşaatı haqqında razılıq əldə etsələr, heç bir ölkə bu qərara veto qoya bilməz.
O, həmçinin bu layihənin ABŞ-ın maraqlarına uyğun olduğunu və onun həyata keçirilməsi üçün bütün səylərini birləşdirəcəklərini deyib. Bu bəyanat Rusiya və Iranın da cavabını özünü çox gözlətməyib. Rusiya prezidenti Putin bildirib ki, rəsmi Moskva Xəzər dənizi ilə bağlı konsensus olmadan qəbul edilən istənilən qərarı legitim hesab etməyəcək. Öz növbəsində Iran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlilliyə dənizin təhlükəsizliyi məsələsində hövzə ölkələrinin əməkdaşlığı zəruriliyini vurğulayaraq beş Xəzəryanı ölkə arasında əməkdaşlığın qaçılmaz olduğunu deyib.
Rusiya və Iranın ABŞ tərəfindən səslənən fikrə aqressiv reaksiya verməsi layihənin həyata keçirilməsində problemlərin qaçılmaz olduğunu göstərir. Belə olan halda Moskva və Tehran Transxəzər layihəsinin reallaşdırılmasına hansı əngəllər yarada bilər?
İlham Şaban: “Bu layihə Rusiya üçün olum ya ölüm məsələdir”
Iqtisadçı-ekspert Ilham Şaban Rusiya ciddi-cəhdlə bu kəmərin qarşısını almaq çalışdığını və bu səbəbdən də ABŞ tərəfdən səslənən bəyanata belə ciddi reaksiya verdiyini deyir. Bunun əsas səbəbi isə Transxəzər layihəsinin Rusiyanın iqtisadi maraqlarını sarsıda bilməsidir.
Ekspertin sözlərinə görə, Azərbaycanın dünya bazarına maksimum 20-30 mlrd kub metr qaz ixrac etmək potensialı var. Ancaq Türkmənistan dünyanın dördüncü qaz ölkəsidir. Əgər infrastruktur hazır olsa, bu ölkənin 100-150 il müddətində Avropaya 100 mlrd kub metr qaz çıxarmaq üçün heç bir problemi yoxdur. Rusiya üçün isə öz qazı həm iqtisadi maraqlarını təmin edən, həm də xarici siyasətinin həyata keçirilməsində istifadə etdiyi bir vasitədir. Ona görə bu layihə Rusiyaya çox ciddi zərbədir. Hətta Rusiya üçün olum ya ölüm məsələdir. Bu səbəbdən də Rusiya bu layihənin gerçəkləşməməsi üçün əlindən gələn bütün imkanları səfərbər edir.
Vəfa Quluzadə: “Amerika Rusiyanın da, Iranın da cavabını vermək iqtidarındadır”
Politoloq Vəfa Quluzadə isə Rusiyanın artıq bu istiqamətdə addımlar atdığını deyir. Cəbhə xəttində gərginliyin artması Rusiya-ABŞ qarşıdurmasının nəticəsidir. Rusiya ABŞ-dan ciddi sürətdə narazı olduğunu gizlətmir: “Moskva ABŞ Dövlət Departamentini Rusiyadakı müxalifətə maliyyə və digər dəstək verməkdə ittiham edir. Suriya məsələsində də Rusiya Amerikadan narızıdır. Dünyadakı bütün diktatorlar Rusiyanın müttəfiqidir və Moskva Bəşər Əsədi də hakimiyyətdə saxlamaq istəyir. Əgər Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto qoymasaydı, bu qədər qan tökülməzdi və Bəşər Əsəd çoxdan hakimiyyətdən getmişdi. Digər tərəfdən, rusiyalı politoloqlar dünyada neftin qiymətinin aşağı düşməsinin ABŞ tərəfindən idarə olunduğunu deyir. Bu da Rusiyaya zərbə vurmaq məqsədi daşıyır”.
Ekspertin sözlərinə görə, iqtisadi və hərbi baxımdan Rusiya ilə ABŞ arasında xeyli fərq var. Ancaq bununla belə Amerikanın da ağrılı nöqtəsi var. Bunlardan biri də Azərbaycandır. ABŞ Azərbaycanın Rusiyanın təsiri altına keçməsinə imkan verməyəcək. Amma Rusiya da Qarabağ münaqişəsini yenilən başlaya və regionda problem yarada biləcəyini göstərir. Bununla belə, ekspert ABŞ-ın bundan qorxmadığını da vurğuladı: “Əgər bu dəfə ermənilər Rusiya ilə bərabər Azərbaycana hücum etsə, Türkiyə əvvəllər olduğu kimi əli bağlı dayanmayacaq. Atəşkəs xəttində dəyişiklik olsa, Türkiyə mütləq qarışacaq. Bu o deməkdir ki, NATO da qarışacaq. Müharibə başlasa, bu dəfə Azərbaycan türk ordusunun köməyi ilə Ermənistanı darmadağın edəcəklər. Bunu nəzərə alsınlar. Bu halda Rusiya Türkiyəyə nüvə zərbəsi endirə bilməz. Çünki Amerika nüvə zərbələri ilə Rusiyanı uçurar. ABŞ-da bütün bu məsələləri hesablayıblar. Hesablayandan sonra deyib ki, Azərbaycan və Türkmənistan qərarını versə, buna heç kim qarışa bilməz, heç nə edə bilməz. Amerika Rusiyanın da, Iranın da cavabını vermək iqtidarındadır”.
Ekspertin fikrincə, Rusiya bu məsələdə geri çəkilməli olacaq. Amerika da bunu bilir. Ona görə də həqiqətən də Azərbaycan və Türkmənistan qərar verib Transxəzər magistralını çəksələr, Rusiya və Iran heç nə edə bilməyəcəklər. Yalnız müxtəlif provakasiyalar edə, bəzi terror aktları həyata keçirə bilərlər. Ancaq bu da faydasız olacaq.
Fizzə