Polis idarəsində gənc cəbhəçidən nəyi soruşublar?

 

AXCP Gənclər Komitəsinin üzvü Bəyim Həsənli dünən Səbail Rayon Polis Idarəsinə çağırılıb. Bu barədə “Azadlıq”a məlumat verən Bəyim Həsənli bildirib ki, çağırış ona mayın 31-də göndərilsə də, məktub poçtda gecikib. Polis idarəsinə vəkili ilə birlikdə gedən gənc fəal idarənin istintaq şöbəsində müstəntiq Müslüm Quliyevin suallarını cavablandırıb.
Bəyim Həsənlinin sözlərinə görə, ona ünvanlanan suallar əsasən 21 may aksiyasında polislərin yerdə sürüdüyü Natəvan Səlimzadənin vəziyyətilə bağlı olub. Qeyd edək ki, bu faktı sübut edən xeyli fotoşəkil və videogörüntülər də var.
Bəyim Həsənliyə həmçinin aksiyada iştirakının məqsədi haqda da suallar verilib. Gənc fəal da öz növbəsində bunu Konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq azadlığı, həmçinin siyasi məhbuslara azadlıq tələbilə əsaslandırıb.
Istintaqı maraqlandıran məsələlərdən biri də Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun əməkdaşı, fotoreportyor Mehman Hüseynovun hərəkətlərilə bağlı olub. Aksiyada qeydə alınmış video-kadrlar Bəyimə göstərilərək, ondan hər hansı KIV işçisinin polisə qarşı zorakılığının şahidi olub-olmadığı soruşulub. Gənc cəbhəçi belə bir hadisənin şahidi olmadığını bildirib.
Təxminən bir saatlıq dindirmədən sonra Bəyim Həsənli sərbəst buraxılıb.