ip-sessiya090712

Azərbaycan əsgəri yalnız torpaq uğrunda şəhid olmalıdır! (VİDEO)

ip-sessiya090712Cəbhədə baş verənlərlə bağlı hakimiyyətin səmimiliyi İP-də şübhə doğurur; Sessiyada Klintonla görüş məsələsinə aydınlıq gətirildi

Son günlərin müharibə ovqatı İcitmai Palatada müzakirə edildi

Dünən Ictimai Palatanın növbəti sessiyası keçirildi. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın sədrlik etdiyi sessiya öz işinə dövlət himnin ifası və cəbhədə şəhid olan hərbçilərimizin xatirəsinə sayğı duruşu ilə başladı. Sessiyanın gündəliyinə ölkədəki ictimai-siyasi durum, cəbhə xəttində baş verənlər, eləcə də növbəti dövr üçün Ictimai Palatanın qarşısında duran vəzifələrin müzakirəsi daxil edildi. Ənənəvi olaraq, ötən müddətdə Ictimai Palatanın Koordinasiya Şurasına sədrlik etmiş Rahim Hacıyevin hesabatı dinlənildi.

Vahid namizəd

Daha sonra çıxışlar başladı. Vidadi Mirkamal çıxışında təşkilatlanmanı sürətləndirməyin vacibliyini vurğuladı:
– 50-yə yaxın rayonda Ictimai Palatanın regional şöbələri yaradılıb, daha 20 rayonda iş gedir. Bizim əsas vəzifələrimizdən biri yeni narazı təbəqəni ətrafımıza cəlb etmək olmalıdır. Qarşıdakı müddətdə buna nail olmalıyıq.

V.Mirkamal həmçinin bir il əvvəl qəbul olunmuş “Demokratiyaya keçidin Yol Xəritəsi”ndə müəyyən dəyişikliklər edilməsini zəruri saydı. O həmçinin Ictimai Palatanın prezidentliyə vahid namizədinin müəyyənləşməsi mövzusunun son günlər müzakirə olunduğuna diqqəti cəlb etdi: “Ictimai Palatanın iki əsas namizədi var. Onlardan hansının olacağı məsələsini isə liderlərin siyasi iradəsi öz yoluna qoyacaq”.
V.Mirkamal kütləvi aksiyaların Ictimai Palatanın gündəliyində qaldığını da qeyd etdi.

Məsuliyyət Əliyev rejiminin üzərindədir

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı Isa Qəmbər çıxışında bildirdi ki, Azərbaycanın demokratik qüvvələrinin nailiyyəti “Eurovision”la başlamayıb və “Eurovision”la da qurtarmayacaq. Sözügedən musiqi yarışması dövründə bütün dünyanın gözünün Azərbaycana yönəldiyi deyən Isa Qəmbərin sözlərinə görə, bu səbəbdən beynəlxalq aləm ölkəmizdəki vəziyyəti aydın şəkildə gördü: “Hakimiyyət son bir ildə islahatlara getmədi. Ona görə də Azərbaycanla bağlı dünyada yaranmış rəyin bütün məsuliyyəti Əliyev rejiminin üzərindədir”.

Bütün dünya bu hakimiyyətin mahiyyətinə bələd oldu

Isa Qəmbər Ictimai Palatanın aprel-may aylarında keçirilən aksiyalarını yüksək dəyərləndirdi, bununla belə, qeyd etdi ki, bu aksiyalar ölkədə vəziyyəti dəyişmək üçün yetərli olmadı: “Dostlarımızın hamısının zindandan azad olunmasına nail ola bilmədik. Sərbəst toplaşmaq azadlığı və digər azadlıqlarla bağlı hakimiyyətin zərərli mövqeyini dəyişə bilmədik, problem qalmaqda davam edir. Amma hakimiyyət geridönməz şəkildə ifşa olundu. Heç vaxt dünya mediası Azərbaycan barədə bu qədər davamlı, detallı yazmamışdı. Dünyanın bütün məşhur telekanallarında, qəzetlərində qeyd olundu ki, Azərbaycanda sülalə hakimiyyəti hökm sürür, vicdan məhbusları var, azadlıqlar boğulur. Azad dünyada media orqanları öz dövlət rəhbərlərindən soruşmağa başlayır ki, sən, bu avtoritar liderlərin əlini nə cür sıxa bilirsən? Normal ölkələrin başçıları da ictimai rəylə hesablaşmağa məcbur olur”.

Cənubi Qafqazda dəyişiklik dünyanın gündəmindədir

Dünyada Azərbaycanla bağlı mühüm hadisələrin baş verdiyinə diqqət çəkən Isa Qəmbər mayın 24-də Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı qəbul edilən qətnamədən danışdı: “Elə həmin gün ABŞ Dövlət Departamenti də Azərbaycanda insan haqlarıyla bağlı hesabat yaydı. Bir çox başqa təşkilatlar da Azərbaycanla bağlı hesabatlarını ictimaiyyətə təqdim elədilər. Bunların hamısının həmin mərhələdə və eyni günlərdə baş verməsi qətiyyən təsadüf deyil. Bu, düşünülmüş addım idi. Ona görə də hakimiyyət ”Eurovision” dövründəki ifşasından sonra daha da qəddarlaşıb və Avropa ilə bağlı qəribə hədyanlar yağdırır. Avropa Birliyi isə hakimiyyətə kifayət qədər sərt və aydın cavab verdi. Avropa Birliyinin genişlənmə üzrə ali komissarı açıqlama verərək dedi ki, bu şəkildə davam etsə, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı baş tutmayacaq. Eyni zamanda, Azərbaycanın vətəndaş cəmiyyətilə əməkdaşlığın güclənəcəyini bəyan etdi. ABŞ dövlət katibi Hillari Klintonun Bakı səfəri də maraqlı məqamlarıyla yadda qaldı. Klintonun 2010-cu ildə Bakıya səfəri zamanı verdiyi açıqlamalarla budəfəki açıqlamaları arasında çox ciddi fərq var. Təbii ki, bu səfərdə Azərbaycan demokratik ictimaiyyətini də razı salmayan məqamlar oldu. Amma xanım Klintonun açıqlamaları kifayət qədər konkret oldu. Etiraz aksiyalarına görə həbs edilən şəxslərin azadlığını istədi, iqtisadi və siyasi islahatlar aparılmasının zərurətini bildirdi və yenicə azadlığa çıxmış vicdan məhbusu Bəxtiyar Hacıyevlə görüşməklə, bu məsələlərə münasibətini sərgiləmiş oldu. Kifayət qədər aydın mesajlar verdi. Dünya birliyi dünyanın dəyişməsi, avtoritar rejimlərə son qoyulması ilə bağlı prinsipial mövqe qəbul edib. O mövqe getdikcə bizim bölgəyə çatır. Heç bir avtoritar lider bu dalğadan təminat almayıb. Sadəcə, bu dalğanın da müəyyən yayılma sürəti, ardıcıllığı var. O ardıcıllıq artıq bölgəyə çatıb. Suriya məsələsi gündəlikdədir, yaxın zamanlarda Suriya məsələsində ciddi dəyişikliklərin olacağı görünür. Daha sonra Cənubi Qafqazda ciddi dəyişikliklər məsələsi gündəlikdədir. Bunu Azərbaycan hakimiyyəti də dərk edir. Düzgün nəticələr çıxarmaq əvəzinə regionda vəziyyəti gərginləşdirmək yolu seçirlər”.

Cəbhə xəttində baş verənlərdə Rusiyanın əli

Müsavat başqanı son vaxtlar cəbhə xəttində baş verənlərə də toxundu: “Gənclərimizin həlak olması bizi ağrıdır. Nədən məhz Klintonun səfəri günlərində cəbhədə gərginlik qəfildən artdı? Bu, təsadüf ola bilməz. Fikrimcə, bu, ilk növbədə Rusiyanın müəyyən dairələrinin güc nümayişidir. Demək istəyirlər ki, ”bu regionda sabitlik də, xaos da bizdən asılıdır”. Hesab edirəm ki, bu keçməyəcək. Ola bilsin ki, bu addım Azərbaycan və Ermənistan hakimiyyətlərinin də maraqlarına cavab verir. Ona görə də bu məsələ ilə bağlı Ictimai Palatanın mövqeyini əks etdirən bəyanat qəbul edilməlidir”.
Azərbaycanda dinc dəyişikliklərin yalnız xalqın fəallığı və beynəlxalq birliyin prinsipial mövqeyilə mümkün olduğunu deyən Isa Qəmbərin sözlərinə görə, bu amillərdən biri olmasa, proseslər arzulamadığımız istiqamətdə cərəyan edə bilər: “Ona görə də daxildə güclənməklə yanaşı, dünya miqyasında da güclənməyə diqqət yetirməliyik. Ictimai Palata ölkənin əsas alternativ qüvvəsi, demokratik qüvvələrin toparlanma mərkəzi kimi qəbul edilib. Amma hələlik cəmiyyətin gözündə vəziyyəti dəyişməyə qadir qüvvə halına gətirə bilməmişik. Təşkilati, intellektual və əlaqələr baxımında Ictimai Palatanın güclənməsini təmin edə bilsək, buna da nail olmaq imkanımız yaranacaq”.

Pənah Hüseyn narahatdır

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynin çıxışı özünütənqid ruhunda oldu. O, qəbul edilən sənədlərin icrasında ləngimə olduğunu dedi. Pənah Hüseynin fikrincə, artıq prezidentliyə vahid namizədin müəyyən edilməsi istiqamətində müzakirələr başlanmalıdır.

Gənclər dəstək istədi

Ictimai Palatanın üzvü, VHP-çi gənc fəal Samir Əsədli 25 mayda keçirilən “Xalq gəzintisi”ndən sonra gənclərə, xüsusən də tələbələrə qarşı başlanan təzyiqlərdən danışdı: “Hakimiyyət təzə metod tapıb. Gənclərin, tələbələrin valideynlərini polisə çağırıb hədələyirlər”.
S.Əsədli Ictimai Palatanın gənclərə qarşı basqılarla əlaqədar bəyanatla çıxış etməsini təklif etdi.

Hakimiyyətdən siyasətə, əxlaqa sığmayan davranış

Ictimai Palatanın üzvü, politoloq Ərəstun Oruclu isə çıxışında bildirdi ki, hakimiyyət çaşqınlıqdan başını itirmək həddinə çatıb. Onun sözlərinə görə, baş verənlər açıq göstərir ki, hakimiyyətin təkcə daxili deyil, xarici siyasəti də iflasa uğrayıb. Ə.Oruclu hesab edir ki, indiki mərhələdə vahid namizəd məsələsini müzakirəyə çıxarmağa ehtiyac yoxdur: “Bunlara izah olunmalıdır ki, dünya sizdən sifətinizi dəyişməyi istəyirsə, güzgünü sındırmayın, sifətinizi düzəldin. Artıq Azərbaycan hakimiyyətilə danışıqlar bitmək üzrədir. Biz ölkənin demokratikləşməsi üçün daxili amili fəallaşdırmalı və önə çəkməliyik. Bütün demokratik dəyişiklik istəyən qüvvələri bir araya gətirməliyik. Indi vahid namizəd məsələsinin müzakirəsinin başlanmasına ehtiyac yoxdur.
Politoloq hakimiyyətin son vaxtlar müxalifətə, eləcə də bir çox xarici dövlətlərə qarşı qeyri-etik mövqe nümayiş etdirməsini siyasətə, əxlaqa sığmayan, “küçə hərəkətlərindən də aşağı davranış” kimi dəyərləndirdi.
Ictimai Palata üzvləri Sabir Məmmədli, Mirfeyzulla Seyidov, Səxavət Əlisoy da təşkilatlanma və vahid namizəd məsələsi barədə çıxışlar etdilər.

Mübarizə əzmimizi göstərdik!

Sessiyada yekun çıxışçı olan Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli əvvəlcə aprel-may aylarında keçirilmiş aksiyaları dəyərləndirdi. AXCP sədri bildirdi ki, uzun illərdən sonra müxalifətin ilk dəfə razılaşdırılmış mitinqlərə getməsi bəzilərinə məkrli təbliğat imkanı versə də, sonra zaman məsələləri yerbəyer edib: “Biz razılaşdırılmış aksiyalarla sübut etdik ki, hətta kifayət qədər güclü basqılarla belə, Ictimai Palata şəhərdən kənardakı meydana 10 mindən çox qüvvəni aparmağa qadirdir. Hökumət isə göstərdi ki, hətta o ucqarda da bizim aksiyalara dözə bilmir. Razılaşdırılmamış aksiyarla da mübarizə əzmimizi göstərdik. Bununla da Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını növbəti dəfə təsdiqlədik”.

“Eurovision”: kim uduzdu, kim uddu?

“Eurovision”a toxunan Əli Kərimli dedi ki, bu yarışma ərəfəsində dünya Azərbaycandakı real durumdan xəbərdar oldu: “Əslində, bizim sayəmizdə Azərbaycan bu prosesdən dövlət və millət olaraq uddu. Ilk növbədə ona görə ki, Azərbaycanın Avropa mədəniyyətinə can atdığı, bu mədəniyyətə yaxın olan, onu bölüşən millət olduğu bütün dünyaya aydın oldu. Bundan başqa, Azərbaycanla bağlı həqiqətlər üzə çıxdı. Avropada yüz milyonlarla insan bildi ki, Azərbaycan hələ 94 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətini qurmuş, parlament sistemi yaratmış, qadınlara seçki hüququ vermiş dövlətdir. Buna görə kimə minnətdar olmaq lazımdır? Xalq Cumhuriyyətinə! Bildilər ki, Azərbaycan kifayət qədər varlanıb, israfçılıqla da olsa, çoxlu tikintilər aparılır. Bu kimin xidmətidir, nəyin hesabınadır? Allahın xalqımıza verdiyi neftin! Amma Azərbaycan iqtisadiyyatı Fars körfəzi dövlətlərdən də çox neftdən asılıdır. Azərbaycanın ixracatı demək olar tamamilə neftin üzərindədir. Bunun məsuliyyətini kim daşıyır? Təbii ki, hökumət! Bildirlər ki, Azərbaycanı 40 ildir bir sülalə idarə edir. Bunun məsuliyyətini kim dayışır? Bu hakimiyyətdən 40 ildir əlini çəkməyənlər! Bildirlər ki, Azərbaycanda olduqca korrupsiyalaşmış hakimiyyət var, ölkənin yeraltı-yürüstü sərvətləri bir ailənin və onun ətrafındakıların əlindədir. Buna görə kim məsuliyyət daşıyır? Acğözlər! Bundan başqa, onu da bildirlər ki, bu qədər məhrumiyyətlərə baxmayaraq, xalqımız son 18 ildə mindən artıq siyasi məhbus versə də, hələ də küçələrdə, meydanlarda azadlıq, demokratiya, bərabərlik, ədalət istəyir. Bununla da xalqımızın dəyəri oldu ki, baxın, bunca məhrumiyyətlə bizi ülvi dəyərlərdən uzaqlaşdıra bilməyiblər. Bu kimin xidməti idi? Başda bizim xanımlarımız olmaqla, gənclərimizin, bəylərimizin!
Hökumətin məyus olduğu göz qabağındadır, bunu onların, dövləti, dövlətçiliyi özlərilə eyniləşdirmələrində də görmək olar. Bu gün hökumətin sözçülərindən biri “Azərbaycan dövlətinə yüz ildə dəyməyən zərbə dəydi” deyirsə, biz bundan narahat olmalı deyilik. Əmin olmalıyıq ki, Azərbaycan dövlətinə heç bir zərbə dəyməyib. Zərbə Azərbaycanda hakimiyyətdə olanlara dəyib. Azərbaycan dövləti korrupsiyadan ibarət deyil. Dövlətçilik bütün bir hakimiyyətin bir əldə cəmləşməsi demək deyil. Əgər bu sistemə zərbə dəyibsə, bu sistem sarsılıbsa, deməli, dövlətçilik qazanıb”.
Mübarizə güclənsə, dəstək də artacaq
Müxalifətin siyasəti nəticəsində dünya dövlətlərinin Azərbaycana münasibətdə siyasətinin dəyişdiyini deyən AXCP sədri bildirdi ki, bununla belə, beynəlxalq aləmin demokratikləşmə cəhdlərimizə reaksiyasından tərəfdarlarının narazı qaldığını sezir: “Bilirəm, bu dəstək tam ürəyinizcə deyil. Bizim mübarizəmiz də xalqımızın azadlıq istəklərinə adekvat deyil. Bu mübarizə pik həddə çatanda beynəlxalq reaksiya da artacaq.

Hillari Klinton müxalifətlə niyə görüşmədi?

Suda boğulan saman çöpündən yapışdığı kimi, son günlər hakimiyyət mediası da təbliğat aparır ki, ABŞ dövlət katibi Hillari Klinton müxalifətlə görüşməyib və bu, hakimiyyətin uğurdur. Bu adamlar hələ də anlamırlar ki, ABŞ dövlət katibi Türkmənistan, Özbəkistan, Kuba, Koreya kimi ölkələrdə müxalifətlə görüşmür. Müxalifətlə görüşmək demokratiyanın əlamətidir. Demokratiya olan yerdə müxalifətə o imkan tanınır. Yaxşı olar ki, hakimiyyətdəki məmurlar Hillari Klintonun Cənubi Qafqaz ölkələrilə bağlı açıqlamalarını müqayisə etsinlər. Hillari Klinton Gürcüstan və çox təəssüf ki, Ermənistan hakimiyyəti haqqında da müsbət fikirlər işlətdi. Bəs bizimkilər barədə hansı fikirləri işlətdi? Bunu ona görə dedim ki, mənasız söz oyunları ilə bizim düşərgədə ruh düşkünlüyü yarada bilməyəcəklər. Siz də bu təsirə düşməyəsiniz. Azərbaycanın demokratik qüvvələri ayaqdadır, biz yazdan başladığımız kampaniyadan güclənib çıxmışıq. Biz sübut eləmişik ki, başladığımız mübarizə qısamüddətli kampaniya deyil, məqsədyönlü fəaliyyətdir. Biz zərbə də qəbul edə bilirik, itki də verə bilirik, məhrumiyyətə də dözürük, geri çəkilib irəli də gedə bilirik. Biz nə istədiyimizi bilən, Azərbaycanı nə olursa olsun, qurtarmaq istəyən qüvvəyik”.

Hakimiyyətin Qarabağ siyasəti tənqid atəşinə tutuldu

Əli Kərimli cəbhədə atəşkəsin pozulmasından narahatlığını ifadə etməklə yanaşı, həm də hakimiyyətin Qarabağla bağlı siyasətini tənqid atəşinə tutdu: “Bu gün qara qanlar axan qəlbimiz döyüş bölgəsindəki əsgərlərimizin, zabitlərimizin yanındadır və narahatdır. Biz Azərbaycan torpaqlarının qorunmasını özümüzə müqəddəs vəzifə sayanlarıq. Biz əsgərimizə, zabitimizə özümüzü qurban verməyə hazır insanlarıq. Səngərdə dayanan hərbçilərimiz bilməlidir ki, milli demokratik düşərgə həmişə onların arxasındadır. Amma eyni zamanda, elə həqiqətlər var ki, onları da biz dilə gətirməliyik. Bizim əsgərlərimiz yalnız Vətən torpaqlarını azad etmək üçün şəhid ola bilərlər, kimlərinsə oyunlarının qurbanı ola bilməzlər! Biz Azərbaycan hakimiyyətinin torpaqlarımızın azad edilməsi məsələsinə ciddi yanaşdığına inanmırıq. Belə bir niyyəti olan hakimiyyət sərhədin bir neçə kilometrliyində on minlərə məcburi köçkün üçün şəhərcik-düşərgə niyə tikir? On milyonlarla vəsait hesabına Qarabağın ətrafında utanmaz-utanmaz daş hasarlar çəkiblər.  Indi Azərbaycan ordusu hücum eləsə, o hasarları aşmaqla hansı itkiləri verəcək? Torpaqları azad etmək fikrində olan hakimiyyət bizim təbii və yeganə müttəqifimiz olan Türkiyə ilə ambisiya davası aparmazdı. Azərbaycan torpaqlarının azadlığı naminə şəhid olan insanların abidəsi üzərindən bayraq endirməyə əli gəlməzdi.
Torpaqları azad etmək istəyən hakimiyyət hər sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək verən NATO-ya  inteqrasiyanın qarşısını almazdı. Bizə ən böyük təhlükəsizliyi NATO vəd verir, amma bunlar ondan imtina edirlər. Çünki NATO bu sülalənin varlığını təhdid edir, Azərbaycana təhlükəsizlik, demokratiya, inkişaf və Qarabağı vəd edir. Bunlar isə deyir ki, qoy demokratiya da olmasın, Qaarabağ da olmasın, amma bizim hakimiyyətimiz olsun. Bunlardan sonra mən belə bir hakimiyyətin səmimi şəkildə torpaq davası aparmasına necə inanım?”

Bu rejimin getməsinə çalışaq!

AXCP sədri çıxışının sonunda son zamanlar gənclərə yönələn basqılardan söz açdı, onlara qarşı hakimiyyətin davranışını cılızlıq kimi dəyərləndirdi. Ictimai Palatanın daim mübariz gənclərə dəstək olacağını bəyan edən Əli Kərimli dedi ki, başlanan yeni təqib dalğası dəyişiklik istəyən qüvvələri əsla qorxuda bilməyəcək.
Vahid namizəd məsələsi barədə də mövqeyini açıqlayan AXCP sədri dedi ki, bu gün əsas diqqət və hədəf kiminsə hakimiyyətə gəlməsi üçün yox, Əliyevçi rejimin getməsi üçün səfərbər olmalıdır.

***

Sessiya öz işini təmas xəttində baş verən döyüşlərə və gənclərin müdafiəsinə yönələn bəyanatlar qəbul etməklə başa vurdu.

Natiq