Keçmiş dövlət katibi Moskvadakı mənzilini satıb
Azərbaycan Liberal Partiyasının lideri, keçmiş dövlət katibi, professor Lalə Şövkət şəhərdən kəndə köçüb.
Lalə Şövkət “mediaforum”a deyib ki, bir ildir Bilgəhdə yaşayır: “Şəhərdə dünyaya gəlib böyüsəm də, kənd həyatı mənə daha doğmadır. Kənd həyatını, təbiəti çox sevirəm. Ona görə də hər zaman kənddə yaşamaq istəmişəm. Son zamanlar şəhər məni çox sıxırdı. Basabasdan, səs-küydən bezdim, rahatlıq tapmadım. Bir ildir Bilgəhdə yaşayıram. Özümü çox rahat hiss edirəm, kənd həyatından böyük zövq alıram. Həm ruhum azaddır, həm də təbiətdən enerji alıram. Həyətdə işləyirəm, ağaclar əkmişik, onlara qulluq edirəm”.
Lalə Şövkətin sözlərinə görə, Moskvadakı mənzilini sataraq Bilgəhdə yeni bağ evi tikdirib: “Moskvanın ən gözəl yerində, şəhərin mərkəzində, elm, mədəniyyət, dövlət xadimləri üçün inşa olunan binada mənzilim vardı. ”Akademiklər evi” adlanan binadakı həmin mənzil çox gözəl və geniş idi. Bir neçə il əvvəl həmin mənzili satdım və onun puluna Bilgəhdə ev tikdirdim. Amma bu evdə iş tam yekunlaşmayıb”.
Partiya lideri bildirib ki, yeni evi o qədər də böyük deyil, amma Bakıdakı mənzilindən rahatdır: “Mən 20 il Bakıda, atamdan qalan birotaqlı mənzildə yaşamışam. O mənzil darısqal idi”.
Lalə Şövkət əlavə edib ki, indi şəhərə nadir hallarda gəlir: “Şəhərdən kənarda yaşamaq siyasi fəaliyyətimə mane olmur. Indi siyasətlə daha aktiv formada məşğul oluram. Həftədə üç dəfə qəbul keçirirəm. Partiyanın rəhbərliyi, üzvləri bura gəlir. Şəhərdən köçmək siyasi proseslərdən uzaqlaşmaq demək deyil”.