Yaşar Bağırsoy: «Naxçıvandakı vəziyyət çox acınacaqlıdır»
Naxçıvan rəhbərliyi yerli camaatın hüquqlarını boğmaqda davam edir. Bugünlərdə muxtar respublikadan daha bir şikayət gəlib. Belə ki, Nehrəm kənd sakini, fermer Vəfadar Eyvazov ailə üzvləri ilə birgə tabuta girərək ölüm aclığına başlayacağını bildirib. Anası milliyyətcə rus olan V.Eyvazov məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə müraciət edib.
Müraciətində bildirib ki, məhz anası başqa millətdən olduğuna görə onun əkin sahələrinə düz iki ildir su verilmir: “2011-ci ildən başlayaraq Nehrəmdə milli ayrıseçkiliyin əsası qoyulub. ”Nehrəm Sudan Istifadə Edənlər” Birliyinin sədri Cəmşid Həsənov mənə deyir ki, hər gün Rusiyada bir qara millət öldürülür, ruslarÿ ermənilərə kömək edir, rədd olub gedin Rusiyaya, orada torpaq çoxdur, istədiyiniz qədər əkərsiniz. Axı mən 40 ildir burada yaşayıram. Anam Anna Eyvazova rusdur. O, 1956-cı ildə Azərbaycana gəlib. Atam isə azərbaycanlıdır. Ailəmizi əkinçilikdən gələn gəlirlə dolandırırıq. Ötən il əkdiyim 7 hektar taxıl susuzluqdan məhv oldu. Bu il yenə eyni problemi yaşayıram”.
Fermer deyib ki, bankdan kredit götürərək bu il 7 hektar taxıl əkib. Yenə suvarma suyu verilmədiyi üçün zəmisi məhv olub. Indi nəinki ailəsini dolandıra, heç götürdüyü krediti də qaytara bilməyəcək. Bu haqda MR prokurorluğuna, Naxçıvan Ali Məclisinə, Baş Prokurorluğa və digər qurumlara müraciət etsə də, müraciətlərinə cavab verən olmayıb. V.Eyvazov məcbur qalaraq Rusiya səfirinə müraciət edib. Səfirdən ona kömək göstərilməsini, problem həll olunmadığı təqdirdə isə ailəsi ilə birlikdə Rusiyaya köçmək üçün şərait yaradılmasını xahiş edib.
V.Eyvazov tabuta girərək ölüm aksiyası keçirmək təcrübəsini bundan əvvəl sınaqdan keçirib. Ona qarşı olan haqsızlıqlara etiraz olaraq bir neçə il əvvəl tabuta girərək ölüm aclığı keçən V.Eyvazov hakimiyyət orqanlarının problemi həll etməsindən sonra aksiyanı dayandırıb.
Cəmşid Həsənov isə “Yeni Müsavat”a açıqlamasında ittihamları rədd edib: “Vəfadar Eyvazova istədiyi zaman su verilib və sahəsini suvarıb. Anasının rus olmasının isə məsələyə heç bir aidiyyəti yoxdur”.
AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy baş verənlərin Naxçıvandakı növbəti özbaşınalıq adlandırıb: “Vəfadar Eyvazov tələbini açıqlayıb. Əgər o tələb yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq. Bu, ilk belə hal deyil. Naxçıvanda insan haqlarının kobud şəkildə pozulduğu hamıya məlumdur. Bu gün Naxçıvandakı vəziyyət çox acınacaqlıdır. Özbaşınalığın həddi-hüdudu yoxdur. Addımbaşı insanların hüquqları tapdanır. Dövlət məmurları idarə etdikləri qurumu şəxsi idarələri hesab edirlər. Ona görə də şikayətlərin heç birinə baxılmır, vətəndaşın haqq səsi eşidilmir”.