Məhəmməd Məcidli və Babək Həsənov da məhkəməyə üz tutdu
Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənov cəzalarının daha yüngül cəza ilə əvəzlənməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.
İctimai Palatanın 2011-ci ilin aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunan AXCP üzvləri Babək Həsənov 1 il 6 ay, Məhəmməd Məcidli isə 2 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
İyunun 8-də Babək Həsənov və Məhəmməd Məcidli ilə görüşdüyünü deyən vəkil bildirib ki, hər iki məhbus cəzanın böyük bir hissəsini çəkdiklərinə görə cəzalarının daha yüngül cəza ilə əvəzlənməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Amma Qaradağ məhkəməsi müraciəti təmin etməyib: “Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayətdə Qaradağ Rayon Məhkəməsinin qərarının ləğv olunması və cəzaların daha yüngül cəza ilə əvəzlənməsi istənir”.
Fəxrəddin Mehdiyevin sözlərinə görə, Babək Həsənov və Məhəmməd Məcidli həbsxanada ciddi problemlə üzləşiblər: “Hər iki vicdan məhbusu dinə bağlıdır, ibadət edirlər. Amma həbsxana işçiləri onların namaz qılmasına problem yaradır. Babək Həsənova və Məhəmməd Məcidliyə deyirlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən əvvəllər ibadət etdiyinizə və bunu indi də davam etdirdiyinizə dair arayışınız olmalıdır, yalnız həmin sənədlə namaz otağına buraxılacaqsınız. Bu, çox absurd tələbdir. Dəfələrlə namaz qılmağa gediblər, həbsxana işçiləri müdaxilə ediblər, otağı bağlayıblar”.
Vəkilin sözlərinə görə, məhbusların bir şikayəti də tozdandır: “Həbsxananın ətrafı daş karxanalarıdır. Hər gün toz fırtınası olur. Mən orada necə dəhşətli vəziyyətin hökm sürdüyünün şahidi oldum. Hətta məhbus yataqxanalarında belə tozdan nəfəs almaq mümkün deyil. Belə bir vəziyyət ağır xəstəliklər yaradır. Məhbuslar qoruyucu tənziflə gəzir. Vəziyyətə müdaxilə edib müəyyən tədbirlər görmələri üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə müraciət edəcəyik”.