«Dinc mübarizə aparan gənclərə qarşı repressiv metodlar səmərəsiz olacaq!»
AXCP üzvü olan gənc fəallara və onların ailəsinə qarşı təzyiqlər mayda keçirilən etiraz aksiyalarından sonra daha da artıb. Aksiyalarda fəal iştirak edən AXCP Gənclər Komitəsinin üzvlərindən Xanım Mustafayevanın ailəsi Qaxda yaşayır. Onların evinə polislər gələrək atasından onu soruşublar. Atası isə qızının Bakıda qaldığını bildirib. Polislər atasına qızının düzgün yolda olmadığını, radikal qüvvələrə qoşulduğunu bildirib. Lakin Xanımım atası qızının fəaliyyətindən məlumatlı olduğunu və əksinə, doğru yolda olduğunu bildirib. Bundan sonra onu polis idarəsinə çağırıblar və qızının Bakıda qaldığı ünvanı tələb ediblər.
AXCP Gənclər Komitəsinin başqa bir üzvü Ramin Musayevin Oğuzda yaşayan valideynlərini də iki dəfə polis bölməsinə çağırıblar, onları təhdid ediblər. Bir neçə gün sonra isə Raminin özünü polis idarəsinə çağırıb Ictimai Palatanın bulvarda təşkil etdiyi “Xalq gəzintisi”ndə nə üçün iştirak etdiyini soruşublar, iki saat polis idarəsində saxlayıblar, təhsil aldığı universitetə onun barəsində tədbir görmək üçün məlumat veriləcəyilə hədələyiblər.
AXCP Gənclər Komitəsinin koordinatoru Bəyim Həsənlinin də atasını sahə müvəkkili çağırıb, qızının aksiyalarda iştirakı ilə bağlı sorğu sual edib.
Eyni hal Bakıda yaşayan gənc cəbhəçi Vasif Alışlının Sabirabad rayonunda yaşayan valideynləri və özü ilə bağlı təkrarlanıb.
Cəbhəçi gənclərə qarşı başqa təzyiq vasitələrindən də istifadə olunub. Maydakı aksiyalarda saxlanılan gənclərdən bəziləri AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə verməyə cəht edilib. Hətta bəzilərinə polislə “əməkdaşlıq” etmək təklif olunub.
Dünən AXCP gənc üzvlərinə qarşı müxtəlif formalarda təqib və təzyiqləri şiddətlə pisləyən bəyanat yayıb. Bəyanat müəllifləri hesab edir ki, bu təzyiqlər gənclərin ardıcıl və prinsipial fəaliyyətilə bağlıdır, onları susdurmaq məqsədi daşıyır.
AXCP demokratik, dinc mübarizə aparan gənclərə qarşı repressiv metodların səmərəsiz olacağını, insanların mübarizə əzminə zərrə qədər təsir etməyəcəyini də inamla bəyan edir.