BDU-nun döyüldüyü deyilən professoru “Azadlıq”a danışdı

Hadisəyə səbəb olmuş xanım tələbə isə prokuror qızı imiş

“Vallah mənim bu hadisədən, hələ də təəccüb içindəyəm ki, bu nə xəbərdir yazıblar. Məni heç kim döyməyib”. Bu sözləri “Azadlıq”a Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev müdafiə sənayesi naziri Yavər Camalovun oğlu tərəfindən döyülməsi barədə məlumatlara münasibət bildirərkən deyib. Professor bildirib ki, bu məlumat yayılan ərəfədə o, rayonda olub: “Atam rəhmətə gedib, mən də rayonda olmuşam. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. Anlamıram ki, niyə belə şeylər yazıblar”.
Mayis Əliyevə hadisənin fevral ayında baş verdiyini sadəcə bu günlərdə mətbuata çıxdığını bildirdikdə isə o deyib: “Əvvəla, bir daha təkrar edirəm ki, belə bir hadisə olmayıb. Ikincisi, tutaq ki, bu hadisə fevralda olub, niyə bəs indi yazıblar? Fevralda olan hadisəni indi yazmağın mənası nədir axı?”.
Professor BDU-da hətta buna oxşar hadisənin də baş vermədiyini iddia edib.    
BDU-da professorun Yavər Camalovun oğlu tərəfindən döyülməsi barədə xəbəri ilk olaraq “Olaylar” yayıb. Dünən isə “Yeni Müsavat” qəzeti hadisənin təfərrüatlarını yazıb. Qəzetin yazdığına görə, Hüquq fakültəsinin sosial təminat hüququ fənnini tədris edən müəllimi, professor Mayis Əliyev nazir oğlunun nişanlısına telefonla oynadığı üçün irad tutub və onu auditoriyadan çıxarıb. Bundan yarım saat sonra nazirin oğlu və mühafizəçiləri universitetə gəlib. Onlar auditoriyaya girərək Mayis müəllimdən dərhal xanımdan üzr istəməyi tələb edib. Professor bunu etməyəcəyini deyib və bu zaman nazir oğlu onu təhdid etməyə başlayıb. Bunu görən qrup uşaqları müəllimin müdafiəsinə qalxıb və aranı sakitləşdirməyə çalışıblar. Bundan sonra nazir oğlu Mayis müəllimi itələyərək yıxıb və təpikləməyə başlayıb. Bir neçə saniyəlik çaşqınlıqdan sonra tələbələr hadisəyə müdaxilə edib, nazir oğlu məcbur qalıb BDU-nu tərk edib.
“Azadlıq” isə nazir oğlunun nişanlısının kimliyi barədə maraqlı məlumat edib. Məlumatda bildirilir ki, həmin xanım tələbə prokuror qızıdır. Onun atası Respublika Prokurorluğunda çalışır.

Informasiya şöbəsi