Başabəla, başı bəlalı AzTV

Burda vəzifəyə işbilməzlər gətirilir

I yazı

Azərbaycan Dövlət televiziyasının Avropa ilə düşmənçiliyi bitmir. Hər axşam Avropa ölkələrindən bəhs edən süjetlərdə yalan-yalana calanır, təzə-köhnə faktlar bir-birinə qarışdırılır, güclü əks təbliğat aparılır. Avropanı sel aparır, qiymətlər alışıb-yanır, insan hüquqları pozulur, cinayətlərin sayı çoxalır…
Beynəlxalq qurumların Azərbaycana təpkisi artdıqca saatlarla Avropada Azərbaycanın hökumət rəhbərinin tanınıb bəyənildiyini söyləyən telekanal Avropada insanların ağır durumda olduğunu göstərmək üçün xüsusi kadrlar seçir, təsirli sözlərdən ibarət pafoslu cümlələr qurur, gözdənsalma kampaniyası sürdürürlər. Hakimiyyət televiziyası bir il öncəylə müqayisədə tam əks mövqe sərgiləyir: Azərbaycan Avropa ailəsini bəyənmir, özünü Almaniyadan, Böyük Britaniyadan inkişaf etmiş ölkə sayır.

Dördlü idarəçilik

AzTV-nin mövqeyi hökumətin mövqeyidir. AzTV-nin sözü hakimiyyətin sözüdür. Illərdir dövlət televiziyası xalqa informasiyanı hakimiyyətə sərfəli formada ötürür. AzTV-də deyilənlər cəmiyyətin bəzi təbəqələri arasında sözsüz qəbul olunur. Məhz bu yanaşma iqtidarın ruporu, ümumrespublika yayımçısı olan telekanalın daxilində baş verən qanunsuzluqların günbəgün çoxalmasına imkan verir. “Dövlət televiziyası” adı altında özbaşınalıqlar baş alıb gedir. AzTV-də hakimiyyətə xidmət pərdəsi altında çox ciddi əmək hüquqları pozuntularına yol verilir. Hakimiyyət buna göz yumur. Halbuki gündəlik olaraq prezidentə, aidiyyəti dövlət qurumlarına bu telekanaldan şikayətlər gedir. Hazırda AzTV ilə bağlı bir neçə şikayətə məhkəmədə baxılır. Bunlardan Avropa Məhkəməsi mərhələsində olanlar, bu ali quruma təqdimə hazırlananlar var. Dövlət büdcəsindən maliyyələşən, üç telekanalı birləşdirən AzTV imperiyası əslində göründüyü kimi deyil. AzTV özəl prinsiplərlə idarə olunur. Əslində idarə olunur yox, fəaliyyət göstərir yazmaq doğru olardı. Çünki AzTV-nin idarəçiliyi bir neçə əldə cəmlənib. Sədr Arif Alışanov, müavinləri Faiq Hüsiyev, Ibrahim Məmmədov, bədii rəhbər Etibar Babayev… Bu siyahını polis serjantınacan artırmaq olar. Bir-biri ilə məcburi qaydada ünsiyyət quran “rəhbərlər” telekanalın redaksiyalarına öz yaxınlarını təyin etdirmək uğrunda ciddi mübarizə aparırlar. Kimin sədaqətli baş redaktoru çoxdursa, o özünü güvəndə hiss edir. General olmaq istəməyən əsgərdən əsgər olmaz – sədr olmaq istəməyən müavindən müavin, müavin olmağa çalışmayan baş redaktordan baş redaktor. Müavinlərlə bədii rəhbər sədrlik kürsüsünə özlərini ayrılardan daha layiqli bilir, şirkətdə at oynadırlar. Arif Alışanov idarəçiliyi onlara tapşırıb. Kadrları onlar seçir, vəzifəyə təyin edir, sədrə ancaq əmrləri imzalamaq qalır. Bildirildiyinə görə, bu yaxınlarda yığıncaqların birində Musiqi redaksiyasının baş redaktoru ilə sədrin sözü çəpləşib. Sədr baş redaktor Əsəd müəllimin işdən çıxarılması barədə göstəriş verib. Lakin göstəriş icra edilməyib. Mədəniyyət kanalının sədr müavini, Musiqi redaksiyasının keçmiş baş redaktoru, indiki kuratoru, “xaç atası” Nadir Axundov icranı durdurub. Üstəlik, sədrə “Alışanova deyin, məni bezdirməsin, papağımı götürüb getsəm onun üçün pis olacaq” – mesajı yollayıb.

Peşəkarlara  “qırmızı işıq”

AzTV yenə üç aylıq müqavilə sistemi ilə fəaliyyət göstərir. Burda əlahəzrət müqavilə qaydası ağalıq edir. Üç aydan bir dəyişən müqavilələr(bu müqavilələri sədr ancaq müddət tamam olandan sonra imzalayır) işçiləri istər-istəməz asılı, gözüqıpıq edir. Jurnalistlər əməkhaqqısız, qonorara işləyir. Aylıq qonorar həddi 200 manatdır. Beş ildir bu rəqəm dəyişməz qalıb. Illik büdcəsi bütün telekanallardan üstün olan və bu pulları asan yolla – dövlət büdcəsindən əldə edən Azərbaycan televiziyasında işçilərə minimum əməkhaqqı belə verilmir. Təmir-tikinti işlərinə milyonlar xərclənən şirkətdə (bu barədə gələn yazıda) sıravi jurnalistə 200 manat maaş, 200 manat qonorar ayrılmır. 2006-cı ildə keçmiş mühasib Arif Alışanov televiziyaya rəhbər təyin ediləndən həm maddi təminat məsələsində, həm də kadr seçimində ciddi problemlər yaranıb. Problem get-gedə də dərinləşir. Redaksiyalar çox kiçik heyətlə çalışır. Üstəlik, eyni adamlar Mədəniyyət kanalında, Idman Azərbaycanda da veriliş hazırlayırlar. Çox işləməyin qarşılığında cibləri pul görmür. Işləyən dişləmir, işləməyən dişləyir. Illər ötdückə təcrübəli, peşəkar kadrlar yavaş-yavaş işdən uzaqlaşır. Sonuncu bezdirilənlərdən biri videotekanın müdiri, televiziya arxivinin “həm atası, həm anası” Arif Zamanovdu. AzTV-də çalışan hər kəs Arif müəllimin televiziya üçün nə qədər dəyərli kadr olduğunu yaxşı bilir. Tək Arif Alışanovdan savayı. Adaşını, qırx illik iş yoldaşını “uf” demədən işdən çıxaran sədrin planları genişdir: onun keçmişini tanıyanlar AzTV-də qalmamalıdır. Faktiki olaraq telekanal rəhbərliyi addım-addım məqsədinə çatır. Peşəkarların yerini təcrübəsiz, bacarıqsız gənclər tutur. Etik prinsiplərdən, idarəçilik qaydalarından, ictimai münasibətlərin tənzimlənməsindən, ən əsası televiziya işinin incəliklərindən xəbərsiz cavanlar teleməkanda bir zamanların “peşəkar televiziya məktəbi” olan AzTV-nin yerini aşağı salır. Özəl televiziyalardan uzaqlaşdırılanların AzTV-də yüksək vəzifəyə gətirilməsi kadr seçiminin yerlibazlıq, dostbazlıq, qohumbazlıq, münasibətbazlıq mövqeyindən aparıldığını təsdiqləyir. ANS-in, Liderin keçmiş işçiləri “ədəb-ərkanlı”, “qayda-qanunlu” AzTV-yə qaydasızlıq, başıpozuqluq gətirib. Dərəbəylik baş alıb gedir. Hər yeni təyin olunan kadrın arxasında “dayılar” var. Məsələn, sədr müavini Faiq Hüsiyevin yaxın adamı Cəmilə Əzimova üçün Mədəniyyət kanalında “Mədəniyyət xəbərləri” açılıb. Həmin bu “Mədəniyyət xəbərləri”inə Mədəniyyət kanalının rəhbərləri yox, AzTV-də sədr müavini Faiq Hüsiyev özü “nəzarət edir”.

Ağıl həm yaşdadır, həm də başda

Lider TV-də katibə, Mədəniyyət kanalında proqram oxuyan Sima Çələbi idarəçilik və uşaqlarla iş təcrübəsi toplamadan Uşaq və Gənclik redaksiyasına baş redaktor təyin edilib. 27 yaşlı baş redaktor, onunla yaşıd iki müavin yaşda da, başda da özlərindən böyük, təcrübəli, televiziya tarixində ayrıca yeri olan peşəkarlara rəhbərlik edir. Cəmi cümlətanı beş telejurnalistin üç rəhbəri var. Iki əməkdaşa bir rəhbər düşür. Maraqlı deyilmi? Məqsəd rəhbərliyə yaxın kadrların əməkhaqqı almasıdır. Çünki peşəkarlardan fərqli olaraq diletantlar – baş redaktor və müavinləri – bədii rəhbər Etibar Babayevin “kadrları” maaş almalıdır. Qonorar həsrətlisi sıravilər pulu paylaşdıran rəhbərlərə tabedir. Maaş alanların qonorarı da yüksəkdir, hörməti də. Iyunun 1-də “üçlüyün” hazırladığı bayram verilişi Oksford məktəbinin təbliği üzərində qurulub. Halbuki illər boyu AzTV-nin bizlərə doğma ənənəsi olub – Uşaqları Müdafiə günündə ekrana sosial müdafiəyə, qayğıya ehtiyacı olan uşaqları çıxarmaq. Uşaq evlərinin, internat məktəblərin, küçə uşaqlarının problemlərindən uzaq cavanlar Oksfordla “bəhsləşmək” həvəsindədirlər. O yanda Avropanı qamçılayanlar bu yanda Avropaya yarınırlar.

Azad Akifoğlu