klinton-baki2012

Klinton Əliyevdən demokratiya tələb edib

klinton-baki2012“Biz höküməti vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa və dinc aksiyalarda həbs olunanları azad etməyə çağırırıq”

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində dünən Azərbaycanda olub. Hillari Klinton ölkə başçısı Ilham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşüb. Hillari Klinton bildirib ki, Bakıda keçirdiyi görüşlərdə üç mövzu müzakirə olunub: təhlükəsizlik, demokratiya və enerji məsələləri.

ABŞ dövlət katibi Azərbaycan hökumətini öz vətəndaşlarının ifadə azadlığına və ölkədə fundamental insan haqlarının inkişafına hörmət etməyə çağırıb: “ABŞ hər zaman Azərbaycanda jurnalistlərin və etiraz yürüşlərinin iştirakçılarının azad olunmasına çağırıb. Mən fəallardan birinin – Bəxtiyar Hacıyevin azadlığa buraxılmasından razıyam və bu gün (dünən-red.) onunla görüşdüm”.

Öz növbəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının durumuyla bağlı tənqidlərini şərh edərək deyib ki, mövcud problemlər bir gündə həll olunmur.

Cənubi Qafqaza səfəri ərəfəsində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən qanlı hadisələrə toxunan Hillari Klinton deyib ki, əsgər ölümü barədə eşitdiyi məlumatlar onu kədərləndirib: “Bu ölümlər hədər yerədir, qan tökülməsinə son qoymaq və sülhə nail olmaq lazımdır”.
Dövlət katibi deyib ki, danışıqlar zamanı Azərbaycan və Ermənistan prezidentlərini Helsinki Yekun Aktının prinsipləri əsasında nizamlanmaya nail olmaq üçün lazımi səyləri göstərməyə çağırıb: “Artıq 2012-ci ildir və bu münaqişənin həlli yolunun tapılmasının vaxtı çatıb. ABŞ bu məsələdə lazımi yardımı göstərməyə hazırdır”.

Hillari Klinton onu da əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyunun 18-də Parisdə keçiriləcək görüşündə münaqişənin həlli üçün yeni yanaşma təklif olunacaq.
Elmar Məmmədyarov da ümidvar olduğunu bildirib ki, ABŞ və digər vasitəçilərin səyləri münaqişənin həllinə təkan verəcək.

Bakıdakı brifinq zamanı xanım Klinton Suriyadakı vəziyyətlə bağlı fikirlərini də bölüşüb: “Bəşər Əsəd  Suriya prezidenti postunda qala bilməz. Bu ölkədə hakimiyyətin dinc yolla demokratik hökumətə verilməsinin vaxtı çatıb”.
Klinton Rusiyanı və Çini Suriyada qan tökülməsinin dayandırılmasına yardım göstərməyə və bu istiqamətdə beynəlxalq birliyin səylərini dəstəkləməyə çağırıb. O bildirib ki, Əsədə qarşı sanksiyalar davam edəcək və o, bu məsələni Istanbulda müzakirə edəcək.

ABŞ dövlət katibinin Bakıda vətəndaş cəmiyyətinin təmsilçilərilə görüşünün iştirakçılarından Iqtisadi Sosial Inkişaf Birliyinin rəhbəri, iqtisadçı Vüqar Bayramlı “Turan”a bildirib ki, onların görüşündə əsas müzakirə mövzusu hökumətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlər olub. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri hökumətlə bu institutların münasibətlərinin yetərincə olmadığını bildiriblər. Bu institutlar büdcə sənədlərinə müəyyən çıxışlar əldə etsələr də, büdcə müzakirələrində iştirak hüquqları tam yoxdur. Rayonlarda vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xüsusi ehtiyac var.
Bundan başqa, vətəndaş cəmiyyəti institutlarının  korrupsiyaya qarşı mübarizədə, islahatların aparılmasında hökumətin siyasətinə təsir etmək imkanlarının artırılmasının vacibliyi vurğulanıb.

Hillari Klintonun Bakıda apardığı danışıqlar barədə xarici mediada operativ məlumat yayılıb. Məlumatda xanım Klintonun Bakıda demokratiya tələbi ilə çıxış etdiyi deyilir.

“Reuters” agentliyinin Moskva bürosu xəbər verir ki, Hillari Klinton Azərbaycana insan haqlarına daha çox diqqət göstərmək üçün səfər edib.5 saatlıq səfər müddətində Klinton ABŞ-ın Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlığını və Azərbaycanın enerji resurslarında maraqlı olduğunu bildirib. Agentlik Klintondan sitat da verib: “Biz höküməti vətəndaşların hüquqlarına daha hörmətlə yanaşmağa dəvət edirik və dinc aksiyalarda həbs edilənləri azad etməyə çağırırıq”.

Agentliyin məlumatında daha sonra deyilir ki, 2003-cü ildə atasının varisi kimi hakimiyyətə gəlmiş İlham Əliyevin tənqidçiləri onu azad sözü boğmaqda ittiham edirlər. Rəsmi Bakı isə onlarda hər cür azadlığın və müxalif mətbuata qarşı plüralizmin olduğunu bildirir. “Eurovision” qabağı müxaliflər şəhərdə aksiya keçirməyə cəhd etsə də, polis onlarla nümayişçini həbs edib.

İnformasiya şöbəsi