Bir mağaranın sirri…

Mustye mədəniyyətinin unikal abidəsi Tağlar mağarası

Son illər Azərbaycan arxeologiyası sahəsində aparılan tədqiqatlar tarixin bir sıra qaranlıq qatlarına işıq salmağa imkan yaratmışdır. Belə araşıdırmalar arxeoloq alimlərimizin indiyə qədər öyrənilməmiş mədəni abidələr haqqında dəyərli materiallar toplamasına və onların geniş ictimaiyyətə təqdim olunmasına yol açmışdır. Belə araşdırmalar sırasında mustye mədəniyyətinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Mustye mədəniyyətinin aid olduğu dövrlə son paleolit arasında – 30-35 min il bundan əvvəlki tarixdə “homo sapiens” adlanan müasir insan tipi meydana gəlmişdir. Bu mənada, bəhs edilən dövr tarixi baxımdan həm maraqlı, həm də tədqiqat üçün əhəmiyyətli bir dövr olaraq səciyyələndirilir. Azərbaycan ərazisindəki qədim yaşayış məskənləri olan bir çox mağaralar bu mərhələ haqqında mühüm faktlar verir. Bu dövrün araşdırılması ilə məşğul olan arxeoloq-alimlərimiz Azıx, Tağlar, Qazma, Damcılı və başqa bənzər mağaralarda mustye mədəniyyətinin araşdırılması üçün maraqlı materiallar toplamışlar.
Mustye mədəniyyəti arxeoloq-alim Vəli Baxşəliyev tərəfindən əsaslı şəkildə araşdırılmış və elmi ədəbiyyatda əksini tapmışdır. Elmi araşdırmalara görə, hələ Mustye dövründə də bir-birindən uzaq ərazilərdə yaşayan insanlar arasında əlaqələr olmuşdur. Tədqiqatçılar düşünür ki, Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə arasında heç bir material verməyən dördüncü təbəqənin olması yaşayışın kəsilməsi ilə əlaqədardır. Belə ki, azıxantroplar təqribən 200 min il bundan əvvəl mağaranı tərk etmiş, 150-120 min il bundan əvvəl isə yenidən qayıtmışlar. Heç şübhəsiz ki, insanların mağaraya dönməsi havaların soyuması ilə əlaqədar olmuşdur. Fauna qalıqları içərisində istilik sevən heyvanların qalıqlarının olmaması da bunu təsdiqləyir.
Alimlər Azıx mağarasında yaşayan Mustye insanlarının dairəvi formalı iri həcmli ocaqlardan istifadə etdiyini, ocaqların döşəməsinə və ətrafına əhəngdaşı döşədiyini aşkara çıxarmışlar. Bir diqqət çəkən fakt da odur ki, Mustye dövründəki ocaqlar əvvəlki ocaqlarla eyni sahələrdə salınmışdır. Üzə çıxarılmış əmək alətlərinin qəlpə qoparma texnikası və tipoloji tərkibi Mustye dövrünün erkən mərhələsinə aid edilir.
Arxeoloqlar Mustye təbəqəsində aparılan araşdırmalarda 2000-dən artıq daş məmulatı, minlərlə heyvan sümüklərinin qalıqlarını aşkara çıxarmışlar. Bu dövrdə əmək alətlərinin hazırlanması üçün felzit, çaxmaqdaşı, bazalt, bəzən isə roqovik, yaşma, xalsedon və digər daş cinslərindən istifadə edilmişdir. Bu mərhələdə istifadə olunan daş cinsləri arasında ilk dəfə obsidiana da rast gəlinmişdir. Alimlər belə ehtimal edirlər ki, obsidian Kəlbəcər dağlarından sel suları vasitəsi ilə Quruçay vadisinə gətirilmişdir. Çünki azıxantroplar Kəlbəcər dağlarındakı yataqlara çatmaq üçün yüksək dağ silsilələri ilə 150 km məsafəni qət etmək məcburiyyətində idilər. Həmin dövrdə isə bu mümkün ola bilməzdi.
Tapıntıların izi ilə uzaqlara…
“Daş məmulatının hazırlanmasında istifadə olunan xammalın tərkibi göstərir ki, Mustye insanlarının həyat tərzində və daş işləmə texnikasında xeyli dəyişikliklər olmuşdur. Bu dövrdə piramida şəkilli nukleuslardan və nazik bıçaqşəkilli lövhələrdən istifadə edilmişdir. Bəhs edilən əmək alətlərinin hazırlanmasında yeni üsullarla bərabər Aşel dövrünə aid ənənələrdən də istifadə olunmuşdur. Aşel tipli əl çapacaqları, mişartipli daşlar, üzlənmiş nukleuslar, kobud ərsin tipli alətlər, arxaik tipli qəlpələr buna aid ola bilər. Mustye insanları Kiçik Qafqazın cənub ətəklərinə, Mil düzündən Ceyrançölədək geniş bir ərazidə yayılmışdır” (V.Baxşəliyev).
Azərbaycanda Mustye mədəniyyətinin ən mükəmməl tədqiq olunmuş abidəsi Tağlar mağarası hesab edilir. Xocavənd rayonu ərazisində yerləşən bu mağara maddi-mədəniyyət qalıqlarına görə keçmiş SSRI və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Bu mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Buradakı qazıntı nəticəsində alimlər 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü aşkar etmişlər. Bu düşərgənin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb ki, 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları, 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi-mədəniyət nümunələri tapılıb. O cümlədən, tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.
Tağlar mağarası Azıx mağarasından 3 km qərbdə yerləşir. Bu abidə yeddi qazıntı mövsümü ərzində M.M.Hüseynov və Ə.Q.Cəfərov tərəfindən öyrənilmişdir.
Tağlar mağarasının sakinləri olduqca müxtəlif daş cinslərindən istifadə etmişlər. Buradakı əmək alətlərinin 92%-i çaxmaqdaşından hazırlanmışdır. Tapıntılar göstərir ki, qədim Tağlar sakinləri qəlpə qoparmanın diskşəkilli, levallua və prizmatik üsullarından istifadə etmişlər. Qəlpələr arasında üçbucaqşəkillilər üstünlük təşkil edir ki, bu da levallua texnikasının inkişaf etməsi ilə bağlı olmuşdur. Burada aşkar edilən əmək alətlərinin bir qrupu levallua itiuclularından ibarətdir.
Əmək alətləri ən önəmli tədqiqat obyekti kimi
Alimlərin müqayisəsi nəticəsində aşkar olunmuşdur ki, Mustye itiucluları formaca Tağlar kolleksiyası üçün xarakterik olan levallua itiuclularına bənzəyir. Lakin Mustye itiucluları bir qədər qısa və ağırdır. Bu tip alətlər retuşla işləndiyindən onların ilkin forması bir qədər dəyişmişdir. Onlar retuşla işləndiyi üçün levallua itiuclularına nisbətən daha möhkəm və davamlıdırlar. Alətlərin hazırlanmasında Mustye dövrü üçün xarakterik olan pulcuqlu, bir cərgəli, iki cərgəli və çoxcərgəli retuşdan istifadə edilmişdir.
Mustye mədəniyyətinə işıq salan Tağlar mağarasındakı daş məmulatlarının müəyyən hissəsi ərsinlərdən ibarətdir. Bu ərsinlər müxtəlif tiplərdə hazırlanmışdır. Onların arasında sadə, köndələn və ikiqat ərsinlər üstünlük təşkil edir.
Tədqiqatlar zamanı materialların toplanmasında mağaranın forması da nəzərə alınmışdır. Belə ki, alimlərin qənaətinə görə, Tağlar mağarasının dibinin düz olması, girişdən başlayaraq arxa divara doğru mağara dibinin yüksəlməsi, müxtəlif dövrlərdə onda olan çöküntülərin və yaşayış sahəsinin dəyişməsinə səbəb olmuşdur.
Məsələn, üst paleolit texnikası yalnız mağaranın üst qatlarında, xüsusilə 2-ci və 3-cü təbəqələrdəqeydə alınmışdır. Bundan başqa, mağaranın 4 a və 4 b təbəqələrində xeyli kül təbəqəsinin yığılması əhalinin müəyyən dərəcədə oturaq həyatından xəbər verir. Tədqiqatlar daşın ilk dəfə mağaradan kənarda işləndiyini və tədarük edildiyini sübut edir. Mağarada daş ikinci dəfə işlənmiş və müxtəlif üsullarla retuşlanmışdır. Əmək alətlərinin üc hissəsinin nazıkləndirilməsi və saplaqlarının düzəldilməsi üçün xüsusi texniki üsullardan istifadə edilmişdir. Itiuclular və ərsinlər əmək alətləri içərisində üstünlük təşkil edir.
Eyni zamanda, Tağlar mağarasında təbəqələrin ardıcıl yerləşməsi daşın işlənmə texnikasındakı dəyişiklikləri və yenilikləri izləməyə imkan verir. Bu da Mustye mədəniyyətinin ardıcıl şəkildə öyrənilməsi üçün önəmli material təqdim edir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir