Avropa Azərbaycana gəlsin, gəlməsin

Azərbaycanda maraqlı hadisələr baş verir. Bəzilərini heç izah etmək olmur. Kim necə düşünür-düşünsün, nə deyir-desin, “Eurovision” özüylə məmləkətimizə az da olsa Avropasayağı görsənişlər gətirdi. Azərbaycan adamları qorxmadan, çəkinmədən musiqi yarışmasında birincilik qazanması üçün Isveç müğənnisi Lorin Zinəbə səs göndərdilər. Səslər araşdırılır, adamlar narahat deyillər. Səslərinin arxasında durublar. Sağ olsun Lorin də, ümidləri doğrultdu. Avropaya qayıtcağın Azərbaycanda verdiyi vədi unutmadı. Burda gördüklərini Avropa adamlarına bircə-bircə anlatdı. Bilən bildi. Tanıyasılar tanıdı. Azərbaycan isə ötən ildən fərqli, bu “Eurovision”dan sonra səssiz qaldı. Yalanı-yalana qoşmadı. Yalan danışmamaq özü də ədəbdir, mədəniyyətdir. Nə Şərqi var, nə Qərbi. Mədəniyyət elə mədəniyyətdir.
Amma “Eurovision” bitəcəyində Qərb “mədəniyyəti”nin o biri üzü Azərbaycana ayaq açdı. Ilk müjdəsini srağagün aldıq. “Aristokrat” restoranından. Birinci addım iqtidar tərəfdən atıldı. Azərbaycan üçün maraqlı hadisədir. Lap ATV-nin aparıcılarının “Şok, şok! Bizdən ayrılmayın, bura çox maraqlıdır” mesajı kimi. Bu xəbərlə eyni gündə vicdan məhbusu Bəxtiyar Hacıyevi qəfil tutduqları kimi qəfil də həbsdən azad etdilər. Böyük biabırçılıq oldu. Gənci cəzasının üçdə birini çəkdiyinə görə həbsdən azad edib, iki saat sonra cəzasının ikidə birini çəkdiyinə görə azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxdılar. Azərbaycan məhkəmələrinin təcrübəsində belə görkəzmə işlər çox olur. Eynulla Fətullayevə, Ruslan Bəşirliyə baxanda Bəxtiyar Hacıyev adama daha “suyuşirin” gəlir. Deməli, cəzaçəkmə müəssisələrinin “hüquq müdafiəçisi” istehsal etməsi fikrini gündəmə gətirənlər heç də haqlı deyillərmiş. Keçmiş vicdan məhbusu, keçmiş bloqçu, keçmiş namizəd, keçmiş harvardçı açıqca dedi ki, hüquq müdafiəçisi olmayacaq. Keçmiş keçmişdə qaldı, kaş Bəxtiyarın üzü gələcəyə olsun.
Bilmirəm Bəxtiyar Hacıyevin həbsdən azad edilməsi ilə Bəxtiyar bəyin əmisi oğlu, Müasir Müsavat partiyasının sədri, Hafiz Hacıyevin Beynəlxalq Mətbuat Mərkəzində müxalifət əleyhinə alovlu çıxışlar yapdığı mətbuat konfransı keçirməsinin bir əlaqəsi var, ya yox? Olsa, olmasa belə, dövlət telekanallarının Hafiz Hacıyevin dediklərinin üstünə beşini də artırıb xəbər bülletenlərinə qoşmaması adamın ürəyində şübhə yaradır. Televizorda Hafiz Hacıyevin “boyunu sevməyəcəkdilərsə”, yapib-tapdıqlarını göstərməyəcəkdilərsə, adamı niyə danışdırırdılar? Mənim anlamadığım nələrsə baş verir, deyirəm, sözümü qəribçiliyə salırlar. Elə götürək Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun həmin o Beynəlxalq Mətbuat Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurasının tədbirində ağzına gələni danışmasını. Bu tədbiri Əli müəllimin təşkil elətdirdiyini ağlımın ucundan belə keçirmirəm. Hökumətin bütün QHT-ləri bir yerə yığışıblarsa, deməli, Əli Həsənov da orda olmalı, təbii, çıxış etməlidir. Amma nə oldu ki, uzun illərdir ümumi, uzun cümlələrlə, ünvansız, üstüörtülü danışmağı gözəl bacaran Əli müəllim bütün ölçüləri aşaraq, illərdən bəri yaratdığı imici yenərək məmura, iqtidar sözçüsünə yaraşmayan çıxış elədi. Asta, usta danışan Əli Həsənov bu dəfə çox irəli getdi. O qədər irəli getdi ki, çıxış nöqtəsinə qayıtmaq mümkün deyil. Yəni indən belə Əli müəllim iş otağında, kitab rəfinin qarşısında, baba, ata, oğul Əliyevlərin şəklinin fonunda telelekanallara müsahibə verərkən leksikonuna nə qədər ütülü, qaydalı cümlələr yerləşdirir yerləşdirsin, o ağzını açan kimi adamlar “Avropanın başına dəysin”, “Kül müxalifətin başına” kəlmələrini, Iran dindarlarının ünvanına dediklərini xatırlayacaqlar. Ha desinlər ki, meymunu yada salma, mümkün deyil. Bədxahlar fürsət gözləyirmişlər. Əli Həsənov bircə yol buzu sındırdı, tələm-tələsik çıxışını çəkib internetə qoydular. Internet də bizə Avropadan gəlib. Gör indi Avropanın özü tökülüb Azərbaycana gəlsə, necə maraqlı hadisələr baş verər.

Azad