“Azərbaycan və Ermənistan vasitəçilərin işini əngəlləyir
Dondurulmuş münaqişə qaynar münaqişəyə çevrilə bilərmi? ABŞ-ın Cənubi Qafqaz üzrə analitiklərinin iyunun 5-i Vaşinqtondakı Vudro Vilson Mərkəzində apardıqları müzakirələrin mövzusu belə olub.
“Turan”ın məlumatına görə, müzakirə iştirakçıları atəşkəsin pozulması, Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən dərin narahatlıqlarını bildiriblər. Qeyd olunub ki, son illərin ən ciddi gərginliyində üç erməni və beş azərbaycanlı əsgər öldürülüb.
Xarici siyasət üzrə Amerika Şurasının elmi əməkdaşı Ueyn Merri deyib ki, ATƏT-in Minsk qrupu gərginliyin qarşısını almaq iqtidarında deyil: “Azərbaycan və Ermənistan vasitəçilərin işini əngəlləyir. Vasitəçilikdə güc arbitrajına keçməyin vaxtı yetişib. Çünki yeni münaqişə 1988-ci ildəkinin təkrarı olmayacaq, daha sürətli və ölümcül olacaq. Müharibə regional oyunçuları – Azərbaycan üçün Türkiyəni, Ermənistan üçün Rusiyanı da cəlb edəcək, yalnız bu regionla məhdudlaşmayacaq, yayılacaq”.
Müzakirələrin digər iştirakçısı, Karnegi Fondundan Tomas de Vaal deyib ki, hər il onlarca insan həlak olur, odur ki, Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, indi baş verən hadisələr bunu bir daha sübut etdi: “Dünyanın müxtəlif liderləri bu münaqişəni həll etməyə çalışıblar. Xarici qüvvələr problem deyil, məsələnin kökü ötən əsrlərə gedir, sərhədlərin ortaya çıxdığı andan bəri qonşular – ermənilər və azərbaycanlılar yola getməyiblər”.