Sahib Kərimov: “Bizi Şərəfli mübarizədən döndərə bilməyəcəksiniz”
Ali Məhkəmədə hüquqa ali sayqısızlıq
Ali Məhkəmə iyunun 5–də dörd vicdan məhbusunun – Sahib Kərimov, Babək Həsənov, Elşən Həsənov və Elnur İsrafilovun kasassiya şikayətinə baxaraq onları rədd etdi. Kasassiya şikayətində vicdan məhbusları məhkəmədən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini tələb etmişdilər.
Məhkəmə saat 9:30 təyin edilsə də, 2 saat yarım ləngiməklə bağladı. Bu müddətdə məhkəmə nəzarətçiləri vəkillərdən birinə-Kamran Musayevə qarşı kobudluq etdilər. Vəkildən xüsusi geyimi tələb edən nəzarətçi “proses başlanada geyinəcəm” sözünü eşidən kimi yersiz mübahisə açdı. Daha sonra idmançı cüssəli və Naxçıvan aksenti ilə danışan başqa bir nəzarətçi içəri girərək “Polisi çağırın tutub bunun qolundan çölə atsın” dedi. Onun bu hərəkəti zaldakı cəbhəçilərin etirazı ilə qarşılandı. Ona məsuliyyəti xatırladılanda nəzarətçi növbəti dəfə hamını şoka saldı: “Nə edirəm, əcəb edirəm, lotuyam”. Maraqlıdır ki Ali Məhəmənin iclas zalındakı bu miskin mənzərəyə dövlət ittihamçısı lal sükutla müşahidəçilik etdi.
Məhkəmə prosesinə vicdan məhbsularından Sahib Kərimov və artıq azadlıqda olan Elşən Həsənov gəlmişdi. Onları prosesdə Fəxrəddin Məlikov, Yavər Hüseyn və Kamran Musayev müdafiə edirdi. Dəstək üçün prosesə AXCP rəhbərliyindən və sıravı cəbhəçilərdən başqa dünən həbsdən şərti azadlığa buraxılan Bəxtiyar Hacıyev də qatılmışdı.
Vəkillərin hər biri çıxışında “2 aprel” məhbusları barədə çıxarılan hökmün əsassız olduğunu sübutlarla izah etdilər. Onlar bildirdilər ki, günahsız yerə bu adamları həbsə salayanların özlərinə cinayət işi başlanmalıdır.
Sahib Kərimov da məhkəmə çıxışında diqqəti işin siyasi mahiyyətinə cəlb etdi. O, heç bir cinayət törətmədiyini vurğulayaraq, yaranan vəziyyətə görə illərdir insanların sərbəst toplamaq hüququnu məhdudlaşıdran hakimiyyətin məsuliyyət daşıdığını dedi.
Kərimov dedi ki, onların həbsində məqsəd cəmiyyətin müqavimətini qırmaq, ölkədə avtoritar qorxu mühüti yaratmaqdır. Lakin bu metodlarla onları şərəfli mübarizədən kimsə saxlaya bilməyəcək: “Bu məhkəmədən ədalət gözləmirəm. Bizim iş siyasi sifarişlə müəyyən olunur, hakimlərin iradəsi ilə yox. Bu məhkəməyə müraciət etməyimiz ədaləti təmin etməkdən daha çox dövlət anlayışına, onun atributlarına hörmət əlamətidir”, – deyə fikirini yekunlaşdıran vicdan məhbusu ədalətli qərar verilməyəcəyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə üz tutacağını bəyan etdi.
Natiq