Sənədlər Orxan Kərimovun günahsızlığını sübut edir

Elza Kərimova: “Orxan sual verir ki, “mən niyə buradayam?”

Keçən il Təhsil Nazirliyindəki qanunsuz tələbə köçürmələri ilə bağlı ittiham olunaraq həbs edilən Orxan Kərimovun anası Elza xanım redaksiyamıza məktub göndərib. O, məktuba Orxanın işi ilə bağlı yeni sənədlər də əlavə edib. O.Kərimovun işinə aydınlıq gətirən sənədləri və Elza xanımın məktubunu olduğu kimi dərc edirik.
“Mərkəzi Klinik Xəstəxanada Orxanın ürəyində müayinə 14 mayda keçirilib. Nəticədə müəyyən edilib ki, ürəyin tac damarlarında (3 damarda) tutulma var. Tutulma səviyyəsi 97%-dir. Həkim olmayan insan da başa düşür ki, vəziyyət son dərəcə kritikdir. Ancaq faciə ondadır ki, oğlumun təcili əməliyyatı və həyatının xilas edilməsi üçün bu günə qədər icazə verilmir. Deyirlər ki, həbsin ləğv edilməsi, əməliyyat üçün şəraitin yaradılması məhkəmənin səlahiyyətindədir. Ancaq hələ ki, məhkəmə bu məsələyə baxmayıb.
Mərkəzi Klinik Xəstəxanada Orxan müayinə olunarkən həkimlər dərhal əməliyyata ehtiyac olduğunu bildirib və damar tutulmalarını özündə əks etdirən diski təqdim ediblər.  Lakin Ədliyyə Nazirliyi Tibb İdarəsinin nümayəndələri buna imkan verməyib və Orxanı tələsik türməyə qaytarıblar. Halbuki, əməliyyat ehtiyacı bir yana, angioqrafiya müayinəsində arteriyaya müdaxilə olunur. Belə xəstələr heç olmasa, 2-3 gün ərzində yataqdan durmamalıdır, hər an arteriyadan qarşısıalınmaz qanaxma baş verə bilər. Lakin buna da əhəmiyyət verən olmayıb, həkimlərin sözlərinə də qulaq asmayıblar.
Artıq bir ildir ki, Orxanı həbs edənlər onun xəstəliyi barədə rəsmi məlumatları, ekspertiza rəyi olmasına baxmayaraq, oğlumun müalicəsinə müxtəlif bəhanələrlə icazə vermirlər. Başqalarının açıq-aşkar cinayətini Orxanın adına çıxmaq üçün bu yolla təzyiq edirlər, sifariş yerinə yetirirlər. Nə vaxtsa bütün bu məsələlərə qiymət veriləcək. Ancaq hələ ki, nə istəyirlərsə edirlər. Anar, Sabir Rüstəmxanlı kimi ziyalıların, bir qrup deputatın da müraciətinə qətiyyən əhəmiyyət vermirlər. Vəziyyət dəyişmir. Məhkəmənin gedişində oğlumun günahsız olduğunu hamı görür, mətbuat da bu barədə yazır. Günahı olanlara isə “gözün üstə qaşın var” deyən yoxdur. Nə vaxta qədər bu davam edəcək? Bilmirəm.
Orxanın müayinəsi barədə rəsmi sənədlər mayın 16-dan məhkəmədədir. Ancaq bu məsələyə baxmayıblar. Görünür, bu işə mane olanlar var. Penitensiar Xidmətlə də danışmışam. Onlar deyirlər ki, türmə sistemində bu xəstələrin müalicəsi yoxdur. Gərək məhkəmə həbs qərarını dəyişə ki, normal ixtisaslaşmış klinikada əməliyyat üçün imkan yaransın. Oğlumun xəstəliyinin kəskinləşməsi, tutulma səviyyəsinin 97%-ə çatması da əslində onun 1 il ərzində qapalı türmə şəraitində saxlanılması ilə bağlıdır. Görəsən bunun məsuliyyətini kim daşıyır? Ölkəmizin qanunları Orxana çatanda niyə işləmir? Dərdimizi kimə deyək? Hər gün səbirsizliklə və həyəcanla məhkəmə qərarını gözləyirik. Ümid etmək istəyirəm ki, humanist qanunlarımız bizim ailəyə münasibətdə də işləyəcək. Ancaq hələ ki, oğlumun həyatı hər an çox ciddi təhlükə altındadır.   
Sizə təqdim olunan məktublarda, Təhsil naziri ilə BDU-nun rektoru arasında gedən yazışmadan görünür ki, Orxanın köçürmə məsələsinə heç bir aidiyyəti yoxdur. Buna görə də, Orxan hər dəfə sual verir ki, “o zaman mən niyə buradayam?..”.