Masallıda “Qadınların aktiv sosial qrup kimi formalaşması” mövzusunda ictimai dinləmə keçirilib
Əhalisinin 49,5 fazini qadınlar təşkil edən Masallıda dövlət müəssisələrində çalışanalrın 42%, özəl strukturlar işləyənlərin 35%, kənd təsərrüfatında fiziki şəxs kimi fəaliyyət göstərənlərin 58% qadınlar təşkil edir
USAİD-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində 4 iyun 2012-ci il tarixdə Masallı şəhərində Gənclər Mərkəzində “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda ictimai dinləmə keçirilib.
R.Hüseynova “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi onun məqsədləri, vəzifələri barədə məlumat verib. Icra hakimiyyətinin rəsmidi Seyfəddin Əliyev isə Masallı rayonunda qadınların ictimai-siyasi həyatda rolu, qadın iştirakçılığının dəstəklənməsi üçün görülən tədbirlərdən danışıb. O, bildirib ki, Masallı rayon əhalisinin 49,5 fazini qadınlar təşkil edir, dövlət müəssisələrində çalışanalrın 42%, özəl strukturlar işləyənlərin 35%, kənd təsərrüfatında fiziki şəxs kimi fəaliyyət göstərənlərin 58% qadınlar təşkil edir. 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilənlərin 21.3 fazini qadınlar təşkil edir. 3 bələdiyyənin sədri isə xanımdır.
Ə.Nuriyev “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda təqdimatla çıxış edib. O, qadın hüquq və azadlıqlarının təsbit olunduğu beynəlxalq sənədlər, konvensiyalar, Azərbaycan Demokratik Respublikası dövründən bu günümüzə qədər qadınların hüquqlarının qorunması, qadın iştirakçılğının dəstəklənməsi, gender bərabərsizliyinin aradan qaldırılması məqsədilə atılan addımlar barədə ətraflı məlumat verib.
Ə.Nuriyev həmçinin, BMT-nin Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası (CEDAW), Konvensiyanın icarsı ilə bağlı Azərbaycana verilən son tövsiyyələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Eyni zamanda qadınların aktiv sosial qrup kimi formalaşması məqsədilə Azərbaycan hökumətinin yeni hədəfləri ilə bağlı da bilgi verib. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda qadınlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə aparılması, qadınların hüquqlarının daha yaxşı səviyyədə müdafiəsi üçün tədbirlər nəzərdə tutulmuşdur.
Yoxsulluğun azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramına əsasən, 2015-ci ilin sonunadək qərarların qəbul edilməsi prosesində qadınların iştirak səviyyəsinin yüksəldilməsi, gender bərabərliyi ilə bağlı mövcud siyasətin monitorinqi və qiymətləndirilməsi üzrə məlumat bazası yaradılması, Eyni zamanda, qərarların qəbul edilməsi prosesində qadınların iştirakının artırılmasına mane olan səbəblər araşdırılması və ölkədə gender bərabərliyi üzrə vəziyyətin qiymətləndirilməsinə dair illik hesabatlar hazırlanacaqdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Masallı Rayonu üzrə əlaqələndiricisi Naibə Aslanova bildirib ki, erkən nikahların sayı azalıb. 2011-ci il məzunları içərisində ali məktəbə qəbul olunanların qızların sayının artması bu faktı sübut edir. Belə ki, 2008-ci ildə 215-dən 51 qız idisə, 2011-ci ildə 210-nəfərdən 60-ı qız olub.
Məruzələrdən sonra müzakirələr zamanı Masallı rayonunda qadınların üzləşdikləri problemlər, çətinliklər, onların həli yolları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.