Mayın 28-dən başlanan aclıq aksiyasında iştirak edən beş nəfərdən biri – YAP üzvü Natiq Hüseynov mayın 31-də poçtdan Ombudsmana ərizə göndərərkən həbs olunub. Başqa bir aclıq keçirən Rafiq Baxşıyev Salyan rayon xəstəxanasına yerləşdirilib.
Hazırda aclıq edən digər üç nəfərin də vəziyyəti qənaətbəxş deyil. 9 gündür aclıq edən Yusif Quliyevin sözlərinə görə, Abbasağa Əsgərovun vəziyyəti getdikcə pisləşir. Əsgərovun aclıq etməsinin səbəbkarı Ehtiram Zamanovdur. O, Neftçala rayon balıq kombinatının müdiridir, əsl ixtisası isə sürücüdür. Ehtiram Zamanovun Abbasağa Əsgərova borcu var, onun maaşını vermir. Biz dəfələrlə ona müraciət etmişik ki, pulunu ver, getsin əməliyyat olunsun. Əsgərağanın vəziyyəti getdikcə kritikləşir. Ona aclıq etmək olmaz, ancaq çarəsizlikdən bu yolu tutub”.
Yusif Quliyevin sözlərinə görə, Ehtiram Zamanov dövlətə məxsus 9 ədəd 100 tonluq gəmidən üçünü Lənkəran ərazisində batırıb, birini 40 tonluq benzinlə polislər tutub, yerdə qalan beş gəmidən isə xəbər-ətər yoxdur: “Kombinata məxsus 56 maşın da it-bata düşüb. Deyirik ki, camaatın pulunu ödə, cavabı bu olur ki, kombinatın gəliri yoxdur. Necə olur ki, özü xarici avtomobildə gəzir, ancaq işçinin maaşını vermir?”.
Aclıq edənlər deyirlər ki, hər gün rayon polis idarəsinin iki əməkdaşı onların aclıq etdiyi ünvanın qarşısında gəzirlər. Hərdən rəis müavini də onlara qoşulur”.
Ramin DEKO