Kürdən Şüvəlana aparan yol…

Daşqınların 2-ci ildönümünə və Oqtay Güləliyevin həbsinə sözardı

Lap əvvəldən başlamağa ehtiyac var. Daşqınlardan. Elə bu çağlarda – 2010-cu ilin mayında Kür-Arazın məcrasından çıxması nəticəsində ölkədə fəlakət yaşandı. Hakimiyyət bunu təbii fəlakət adlandırsa da, vəziyyəti təhlil edib qiymətləndirən ekspertlər daşqınları “idarəetmə fəlakəti” (Mehman Əliyev) kimi dəyərləndirdilər.
Fəlakətin səbəblərindən biri kimi mütəxəssislər Mingəçevir dənizini göstərirdilər. Sel sularının çayları daşdırdığı vaxtda bu dənizdə suyun səviyyəsi normadan artıq olduğundan səlahiyyət sahibləri çıxış yolunu şlüzləri qaldırmaqda gördülər. Eyni zamanda illərlə təmizlənməyən delta bu miqdarda suyu qəbul edib Xəzər dənizinə ötürmək gücündə deyildi. Xatırlayırsınızsa, həmin ərəfədə ANS-in əməkdaşı deltada olub çəkiliş aparmışdı, hətta müxbir topuğundan olan suya da girmişdi. Bütün bunlar daşqınların həqiqətən “idarəetmə fəlakəti” olduğunun sübutu idi.
“Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 30-a yaxın rayonunda 20 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura, böyük həcmdə ziyan dəydi. Aparılan araşdırmalar göstərir ki, 2010-cu ilin daşqınları miqyasına və təsir gcünə görə Kür çayında son 100 ildə baş vermiş ən böyük daşqınlardan biridir”. Bu məlumat daşqınlardan sonra yayılmışdı. Ancaq 100 il məsələsində hakimiyyət özünü sığortalamağa çalışmışdı…
Əhalinin çarəsiz durumda olduğu həmin ərəfədə hakimiyyət  “Gül bayramı” keçirirdi. Bayram ovqatını korlamamaq üçün hətta telekanallar da daşqınlar barədə məlumat vermirdi. Hakimiyyət fəlakətin fəsadlarının aradan qaldırılmasıyla bayram tədbirini yekunlaşdırandan sonra maraqlanmağa başladı. Bu vaxt vətəndaş cəmiyyəti fəalları da əhalinin köməyinə çatmağa tələsirdi. Fəlakət zonasında vəziyyətlə yerindəcə tanış olmaq, çıxış yolları aramaq, dövlətin gördüyü və görəcəyi işlərə dəstək məqsədilə Vətəndaş cəmiyyəti fəallarının təşəbbüsü ilə 21 may 2010-cu ildə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı yaradıldı. Oqtay Güləliyev qərargahın koordinatoru seçildi. Əvvəlcə bir çox QHT-lər bu işdə fəal olsalar da sonradan onlar kənara çəkildilər (bu məsələyə sonra, həm də Oqtay Güləliyevin iştirakı ilə qayıtmaq olar). Regionlara səfərlər qərarı veriləndə artıq sıralar çox seyrəkdi. Ancaq buna baxmayaraq görülən işlərin böyük faydası oldu. Belə ki, Sabirabad və Saatlıya, sonra Kürün deltasına səfərlər bir çox məsələlərə aydınlıq gətirdi. Deltaya səfər zamanı bəlli oldu ki, 2003-cü ildə Şəmkirdən gətirilən “İnam” lilsoran gəmisi son illərdə, ümumiyyətlə, işləməyib. Baxmayaraq ki, bu illərdə deltanın təmizlənməsi və “İnam” gəmisinin işləməsinə milyonlar “xərclənmişdi”. İqtisadçıların üzə çıxardıqları bu oldu ki, 2003-2010-cu illərdə Ehtiyat Su Anbarlarının təmiri, eləcə də Kür və Araz çaylarının lildən təmizlənməsi, sahilbərkitmə, bəndvurmavə deltanın təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 1 milyard manata yaxın vəsait “sərf olunub”.
Avqust ayının sonlarında “Kür” Qərargahı aşkara çıxardı ki, daşqınların nəticəsinin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi ilə bağlı Nazirlər Kabinetinin 09 iyul 2010-cu il tarixli 197s saylı sərəncamı var. Faktiki olaraq bu sərəncam ictimaiyyətdən gizlədilmiş bir sənəd idi (yeri gəlmişkən, daşqınlarla bağlı sonrakı sərəncamlar da gizli saxlanılırdı və onları da Vətəndaş Cəmiyyəti fəalları üzə çıxarmışdı). Bu sərəncamla Fövqəladə Hallar Nazirliyinə 252 milyon 140 min manat vəsait ayrılmışdı. “Kür” Qərargahının bu sərəncamı ictimailəşdirməsi, ayrılan vəsaitlərlə bağlı şəffaflıq tələb etməsi, təbii olaraq dövlət qurumlarının maraqlarına – korrupsiya maraqlarına cavab vermirdi. Bununla yanaşı “Kür” daşqınlardan ziyan çəkmiş əhali arasında tez-tez olur, maarifçilik işi aparırdı. Eyni zamanda evlərə və təsərrüfatlara dəymiş ziyanın alternativ hesablamasını aparırdı. Çünki Qərargah üzvlərinin bölgələrə səfər zamanı çox ciddi problemlərin olduğunu əhali xəbər verirdi. Bu problemlərin əksəriyyəti məmur məsuliyyətsizliyinin, özbaşınalığının nəticəsində baş verirdi. Yerli məmurlar da bu işdə səlahiyyət sahiblərinə yardımçı olurdu. Belə ki, evlərin tikintisi zamanı saysız sui-istifadə halları olmuşdu. Yerli məmurlar fürsətdən yararlanıb qohumlarına, yaxınlarına yardım almağa, onlara ev tikdirməyə (hətta ziyan çəkməyənlərə belə) nail olmuşdular. Sabirabadda yardımların verilməsi zamanı mənimsəmələri də “Kür” Qərargahı ortaya çıxarıb ictimailəşdirdi. Bəlli oldu ki, adamlara pul heç bir sənədsiz verilir və onlara kağız parçasına imza atdırılar. Sonra həmin vərəqə istədikləri rəqəmi yazırlar. Sabirabad olayından sonra kimsə cəzalandırılmasa da, bu qanunsuzluğun qarşısı alındı. “Kür” Qərargahı əhaliyə yardımların qəbzlə verilməsinə nail oldu.
Qərargah “Kür daşqınlarının yaratdığı problemler; mövcud vəziyyət və çıxış yolları” mövzusunda Ümumrespublika Forumları keçirib. Bu Forumlarda beynəlxalq təşkilatlarla yanaşı müxtəlif  dövlət qurumlarının nümayəndələri də iştirak edib. Sualları cavablandırıb, vədlər verib.
Bütün bu işlərin aparılmasında Oqtay Güləliyev öndə olub. Bu iki il ərzində, demək olar, onun əsas iş yeri daşqın zonaları olub. Fövqəladə Hallar Nazirliyinin konstruktiv mövqeyi (son bir ildə “Kür” Qərargahı ilə əməkdaşlıq), alternativ fikrə sayğı ilə yanaşma Vətəndaş cəmiyyətində müəyyən ümidlər yaratmışdı. Elə Oqtay Güləliyevdə də… Ancaq Qərargahın ardıcıl fəaliyyəti görünür, heç də “ürəkaçan” deyildi. Xüsusilə əhalinin məhkəmələrə müraciəti və Qərargahın onların hüquqlarını müdafiə etməsi hakimiyyəti qayğılandırmağa və “Kür”ə qarşı hücuma səbəb oldu.
Sabirabada son səfərlərdə rayon Polis İdarəsi yersiz müdaxilələrə başladı və sonucda bu müdaxilələr Oqtay Güləliyevin həbsilə nəticələndi. Demək olmaz ki, bu onların şəxsi təşəbbüsü ilə baş vermişdi. Onlar tapşırıq almışdılar…
Böyük korrupsiya yolunun üstündə dayanmaq, hətta korrupsionerləri qınaq obyektinə çevirmək bağışlanılmazdı, bağışlana bilməzdi. Bu ardıcıl mübarizə hakimiyyətin “məntiqinə” uyğun olaraq yolu Şüvəlana aparırdı… İndi Oqtay Güləliyevin qanunsuz şəkildə saxlandığı yerə…