Həbsxana haqqında heç nə bilmirəmmiş…

Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.
Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

(Əvvəli ötən saylarımızda)

Rəisin bu əhvalpürsanlıqdan sonrakı uzun monoloqundan belə başa düşdüm ki, mənim həbs olunmağım onun planları, niyyətləri və istəklərindən asılı olmayaraq baş verib. O, təcridxananın rəisidir, buradakı qayda-qanun onu daha çox maraqlandırır. Buraya kimin necə gətirilməsinin ona dəxli yoxdur. Doğrudur, bura kimlərin yolunun necə düşməsinin müəyyən qədər təfavütü var, çünki bütün bu təfərrüatlar həbsxanadakı əməliyyat şəraitinə təsir göstərir. O da bir rəhbər olaraq, bu müəssisədə “FV” olmasını arzulamır və belə hallar baş verəndə fövqəladə tədbirlər görməyə üstünlük verir. Adidən adi iş prosesinin, adidən adi fövqəladə halların bütün incəliklərinə uyğun olaraq, mən həbsxanada hansısa kameraya yerləşdirilməmişdən əvvəl “karantin” adlanan xüsusi kameraya yerləşdirilməliyəm, bir neçə gün orada qalandan sonra köçürülməliyəm doğma otağıma. Rəis nəzərə alır ki, mən ali təhsilli adamam, birinci dəfədir ki, mühakimə olunuram, bu vaxta qədər rəhbər işlərdə işləməyə macalım olub, üstəlik, yazı-pozu adamıyam… Məni “karantin”ə girmək mərhələsindən azad edir. Mən buradan birbaşa kameraya gedəcəyəm.
Əlbəttə, söhbət hansısa xoşagəlməz və arzuolunmaz mərhələyə daxil olmamaqdan gedirsə, deməli, bu yaxşıdır. Yaxud, ortalıqda “azad edilmək” ifadəsi varsa, deməli, söhbət hansısa xoşagəlməz və arzuolunmaz mərhələnin mümkün mövcudluğundan gedir. Bu balaca azadlıq qırığına görə rəisə, bəlkə də, təşəkkür etməli idim. Amma həbsxananın daxilində bir otaqdan başqa otağa köçürülmənin ən ümumi insan azadlıqlarına heç bir dəxli olmadığını nəzərə alaraq, mən təşəkkür etmək kimi əziyyəti özümə rəva görmək istəmədim, – heç rəisin də belə xırda reveransa görə təşəkkür dinləmək həvəsinin olmayacağını düşünüb, “Necə məsləhətdir, elə də edin”, – dedim. Və rəisin baxışlarından dərhal tutdum ki, o, karantin mərhələsindən azadlığa görə təşəkkürdən yayındığımı boş buraxmadı. Buna görə də əlavə etdi ki, ora bir az natəmizlik olur, ona görə sənlik deyil. Mən əvvəlki mövqeyimi təkrar etdim və dialoqun bu hissəsi bitdi.
Rəis məndən arxada divarın dibinə söykədilmiş kresloda oturub bizim mükaliməmizi dinləyən müavininə baxdı:
– Razılaşdığımız kimi edin. Tapşırın, müəllimə babat bir kamera versinlər.
Bu, söhbətin bitməsi demək idi və mən ayağa qalxdım. Müavini qabağa buraxıb kabinetdən çıxdım. Hər ikimiz rəisin “Razılaşdığımız kimi edin” göstərişinin icrasına doğru hərəkət etməyə başladıq. Müavin bu göstərişin və həmin “razılaşmanın” nədən ibarət olduğunu bildiyi üçün tam qətiyyətli addımlarla, mən isə razılaşma barədə heç bir xəbəri olmayan adam kimi qətiyyətli addımların ləpiri ilə hərəkət etməyə başladıq…

Saqqal

Əlbəttə, müəyyənləşdirmək çətin deyildi ki, biz harasa, həbsxananın içərilərinə doğru hərəkət edirik. Fövqəladə gözləntilərim yox idi. Sadəcə, müavin təlimatını almış, ola bilsin ki, mənim konkret olaraq, hansı kamerada və kimlərlə eyni yerdə qalacağımla bağlı şifahi göstərişlə silahlanmış şəkildə hərəkət edirdi. Onun təlimatlı və qətiyyətli addımları məni heç ilgiləndirmirdi. Mənim üçün də xeyli dərəcədə müəyyənliklər var idi. Başlıcası isə həbsxanada olduğumu bilir və ona uyğun əhval-ruhiyyənin qəlibi içinə yerləşməyə səy göstərirdim. Hər bir halda, burası mənim üçün tamamilə yeni bir hadisə sayılmalıdır. Birdən-birə mənə aydın oldu ki, həbsxana haqqında heç nə bilmirəm. İndi rəis müavininin arxasınca addımladıqca sağdan-soldan şütüyüb keçən uniformalı həbsxana işçilərinin, tənbəlliklə vurnuxan, qara rəngli köhnə paltarlar geyinmiş dustaqların hamısı mənim üçün tamam bir yenilik idi. Həbsxana işçilərinin bəziləri addımlarını yavaşıdıb rəis müavinini salamlayır və çox maraqlı baxışlarla məni süzürdülər. Bəziləri hətta salam verməyə də cəsarət edirdilər. Nəhayət, nimdaş və bulaşıq hündür divara dirənmiş göy rəngli balaca bir köşkün qarşısında dayandıq. Müavin başını köşkün açıq qapısından bayır tərəfə sallayan dustağa yarımçıq zəhmlə səsləndi:
– Müəllimlə məşğul ol, indi starşinanı göndərirəm.
“Müəllimlə məşğul olmağ”ın nə məna daşıdığını dərhal başa düşmədim, amma qapının içəri tərəfinə boylanan kimi anladım ki, bura həbsxananın bərbərxanasıdır və bu ikiqat “xana”da refleksləri xüsusi olaraq işə salmağa zərurətin olmadığını dərk etdim. Müavin məni orada qoyub ləngərləyə-ləngərləyə getdi. Mən isə köşkə girib balaca kətilin üstündə oturdum.  Saç-saqqalım qaydasında idi. Saçlarım o qədər də uzun deyildi. Elə saqqalımın da xüsusi qayğıya ehtiyacı yox idi. Əlimi üzümə çəkib, “kamerada məşğul olaram” – fikrini beynimdə hərləməyə başladığım an sifət ifadələri ifrat yuxusuzluqla çox yatmağın fəsadını qarışdıran bərbər elektrik makinasını dığıldatmağa başladı. “Əvvəlcə başını qırxım, yoxsa üzünü?” sualını dilinin ucunda elə hərlədi ki, cavabımın onun üçün heç bir dəyər daşımadığını aşkar hiss etdim. Onun sualının intonasiyasına görə yox, sadəcə, özümün qərarıma uyğun olaraq, “heç birini” deyib ayağa qalxdım və “kamerada özüm səliqəyə salaram” – dedim. Bərbər duruxdu: “Yox, olmaz! Buradan o tərəfə saqqalla keçə bilməzsən. Mənlik bir iş yoxdur, haaa” – dedi və bu sonuncu “haaa”-nın tələffüzü onun dodaqlarının kənarında səylə irişmək mimikasını da yaratdı. Bərbər özünün hansısa hökm sahibi olduğunu və ya tam səlahiyyətsiz birisi kimi təqdim etməyin gərəkliliyini kəsdirə bilmədən alayarımçıq ovqatda ilişib qalmışdı. Əlindəki elektrik makinəsinin dırıltısını kəsməyi də yadından çıxartmışdı. Bu əsnada təqribən 40 yaşlı, arıq və uzun bir gizir köşkün qarşısında peyda oldu. Üzünü bərbərə tutub, “Nə məsələdir, əəə?” – dedi. Bərbər dərhal dil-dil ötdü: “Deyir ki, nə başımı qırxdırıram, nə də üzümü. Mənə də qulaq asmır”. Gizir acıqlı gözlərini bərbərin sifətindən sürüşdürdü, baxışlarını yavaş-yavaş, sanki çox qorxunc bir epizoda baxacaqmış kimi hərləyib mənim sifətimə doğru fokuslaşdırmağa başladı. Amma mən çox aydın şəkildə müşahidə edirdim ki, onun baxış bucağı dəyişdikcə baxışlarının itiliyi də korşalır və mənim üzümə dirənəndə çox həlim tövr aldı. Elə həmin həlim tövrlə də saqqalıma baxdı və xoşbəxtlikdən bu tamaşanı uzun sürdürmədi. “Mən sizin korpusun starşinasıyam. Adım İlqardır”, – dedi və sağ əlini mənə tərəf uzatdı. Bu, bütün şüurlu bəşəriyyətin təbirində salamlaşmaq və dostluq təklifi idi. Eyni qaydada mən də onu cavablandırdım. O, sifət cizgilərini daha da mehribanlaşdırıb, “Sizi tanıyıram”, – dedi. Bir anlıq mənə elə gəldi ki, onun bu mehribanlığı məni saqqaldan imtinaya razılaşdırmaq jestidir və müqavimətə hazırlıq pozamı əldən vermədim. O isə təbii olaraq, mənim hələ də aqressiv pozada dayandığımı görüb bu anlaşılmazlığa son qoydu: “Problem yoxdur! Gedək…”.
“Problem yoxdur!” – hissəsindəki amiranəliyin də mənə heç bir dəxli olmadığını başa düşdüm.

(Ardı növbəti sayımızda)