Azərbaycanla bağlı göstərici isə 98 faizdir
“Dünyanın ayrı-ayrı ölkələrindən Avropa İnsan Haqları Məhkəməsinə gedən şikayətlərin 98 faizi geri qayıdır”. Bunu, bugünlərdə Azərbaycanda səfərdə olan “Memorial” Beynəlxalq Mərkəzinin hüquqşünası, Avropa Məhkəməsinin eksperti Kiril Koroteev deyib. Bakıya Azərbaycan Hüquqmüdafiə Mərkəzinin “Avropa Məhkəməsinə fərdi müraciət qaydaları: prosedurlar və perspektivlər” mövzusunda keçirdiyi təlimlərdə iştirak etmək üçün gələn F.Koroteev mövzu ilə bağlı üç gün təlim keçib.
ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə keçirilən təlimlərdə hüquq müdafiəçiləri, curnalistlər, tələbələr, həmçinin Avropa Məhkəməsinə müraciət ünvanlamaq istəyən şikayətçi vətəndaşlar iştirak edib. İştirakçılara Avropa Məhkəməsinə müraciət qaydaları barədə ətraflı məlumat verən təlimçi hansı şikayətlərin geri qaytarıldığına da aydınlıq gətirib: “Onu deyə bilərəm həmin şikayətlər həqiqətən də baxılmağa layiq deyil”.
F.Koroteev quruma göndərilən şikayətlərin əksəriyyətinin qaydalara uyğun hazırlanmadığını da diqqətə çatdırıb. Təlim iştirakçılarını maraqlandıran suallardan biri də Azərbaycandan gedən işlərdə azərbaycanlı hakim Xanlar Hacıyevin nə dərəcədə obyektiv olub-olmaması, onun şikayətlərin “filtirdən keçməməsinə” təsir edib-etmədiyi ilə bağlı idi. F.Koroteev bildirdi ki, Avropa Məhkəməsində heç bir hakimin, eləcə də X.Hacıyevin təkbaşına qərar vermək səlahiyyəti yoxdur. Belə ki, bunun üçün bir neçə hakimin rəyi üst-üstə düşməlidir. X.Hacıyevin vaxtilə Eynulla Fətullayevin işinə baxmaqdan imtina etməsinə gəlincə, ekspert bildirib ki, bu, onun Avropa Məhkəməsi tərəfindən obyektivliyini şübhə altına almır. Əksinə işə baxmaqdan imtina etməklə o daha obyektiv davranıb. Lakin F.Koroteev X.Hacıyevin Avropa Məhkəməsində mühafizəkarlığı ilə seçildiyini də etiraf etməli olub.
Gültəkin