Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakıya səfər edəcək ABŞ dövlət katibi Hillari Klintona müraciət yayıb. Müraciətdə deyilir:
“Xanım Hillary Diane Rodham Clinton!
Uzun illər demokratik islahatlar istiqamətində apardığınız siyasət, 2008-ci ildə məhz Demokrat Partiyasından prezidentliyə namizədliyinizi irəli sürməyiniz, insan haqları və demokratiya ilə bağlı yadda qalan çıxışlarınız Azərbaycana səfəriniz ərəfəsində Sizə müraciət etməyimə səbəb oldu.
Mən, Azərbaycanda həbsdə olan 7 jurnalistd’n biri – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıyam. Çox istərdim ki, Azərbaycana səfəriniz zamanı ictimaiyyətlə keçirdiyiniz görüşlər çərçivəsində mənimlə də görüşəsiniz.
Mən Sizə Azərbaycanda jurnalistlərin hansı səbəblərdən həbs olunması və azad, müstəqil mətbuatın susdurulması istiqamətində hakimiyyətin apardığı siyasət haqda danışmaq, jurnalistlərin həbsdən azad olunmaları üçün Sizin dəyərli məsləhətlərinizlə bölüşmək istərdim.
Həbsdə olan jurnalistlərlə görüşünüz üçün hakimiyyət tərəfindən ciddi maneələrə rast gəldiyiniz zaman nümayəndəmiz “Xural” qəzetinin baş redaktorunun müavini Məlahət Zeynallı ilə görüşməyinizi xahiş edirəm.
Ümidvaram ki, bu görüş Sizin Azərbaycanın azad və müstəqil mətbuatına böyük töhfə verə bilər.
Dərin hörmətlə,
Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı”