ABŞ-da yaşayan azərbaycanlı professor “od püskürdü”

Müsibətlərimizin hamısı Heydər Əliyev faktoru ilə bağlıdır

Görkəmli tarixçi alim, professor Cəmil Həsənliyə xitabən:

TƏKCƏ “DONQİLİ AKADEMİKLƏRDƏN” CAN QURTARMAQLA İŞLƏRİMİZ QURTARMIR…

Professor Tofiq Şahtaxtinski, Vaşinqton

Bu günlərdə Vaşinqtonda, Vudrou Vilson adına Beynəlxalq Elm Mərkəzində dünya miqyaslı tanınmış tarixşünas, professor Cəmil Həsənlinin “Stalin və Soyuq Müharibənin Türk Krizisi, 1945- 1953” adlı monoqrafiyasının (Harvard univeisitetinin ingiliscə tərcümə edilmiş nəşri, 2012) təqdimat mərasimi keçirildi. Təqdimatda məruzəçi kimi Corc Vaşinqton Universitetinin Milli Təhlukəsizik Arxivinin tədqiqat rəhbəri, məhşur tarixçi alim Malkom Born çıxış edərək əsərin əhatə etdiyi dövrü səciyyələndirdi və onun qısa məzmunu haqda məlumat verdi. Sonra, monoqrafiyanın oponenti, Vilson Mərkəzinin rəhbəri Kristian Osterman göstərdi ki, monaqrafiya pofessor Həsənlinin bu mövzuya həsr edilmiş ikinci əsəridir. O, hal hazırda Soyuq Müharibəyə aid dünyada ən nüfuzlu tarixçi alimlərdən birisidir. Tarixçinin yeni monoqrafiyası Türkiyənin, ABŞ- ın, Böyük Britaniyanın, Rusiyanın arxiv materiallarilə zəngindir. Çoxlu sayda tarixçilər, keçmiş diplomatlar, dovlət işçiləri iştirak edən təqdimat olduqca yüksək səviyyədə keçdi. Mən inanmıram ki, Cəmil müəllimin bu gün “donquli akademiklər” adlandırdığı “alimlərin” hər hansı birinin elmi yaradıcılığında bu monoqrqfiya prezentasiyasına bənzər xarici ölkədə keçirilən bir mərasim olub.  
Tarixçi vətənə qayıtdıqdan sonra, onun aprel ayının ortalarında “Azadlıq” qəzetində dərc olunan “Donquli akademiklərlə” elmi inkişaf etdirmək cəhti özünü aldatmaqdır” adlı, bəzi şəhrçilərin dili ilə desək, “giley-güzarlı” yazısını oxudum. Bəli, ətrafımızda baş alıb gedən ədalətsizliklərdən ünvansız, “xatası məndən uzaq olsun” deyərək dolayı yolla yazanları qınayıb onları qorxaq  adlandırırıq. Əhvalatı konkret faktlarla və ad- soyadlarilə yazanlara isə “şəxsi giley-güzarlarını edir” deyirik…

 “…İNDİKİ HAKİMİYYƏTLƏ BU XALQA ALİ ATTESTASİYA KOMİSSİYASI LAZIM DEYİL…”

Hörmətli Cəmil müəllimin haqlarında yazdığı “donquli alimlər”lə əlaqədar, mənim üçün əlamətdar olan bir tarixçəni burada yada salmaq istəyirəm. Doktorluq dissertasiyamın müdafiəsi Bakıda görkəmli mərhum akademikimiz Azad Mirzəcanzadənin Ali Attestasiya Komossiyasının (AAK) sədri olduğu dövrə təsadüf etmişdi. Azad müəllimin o dövrlərdə öz ətrafina laiqli alimləri toplayaraq iqtidar tərəfindən “itələnən donquli alim” olmaq istəyənlərin qarşısına keçilməz divar çəkməsi bugünədək elm adamları araşısında danışılmaqdadır. Ölkədə təhsildə, iqtisadiyyətın bütün sahələrində, gömrükdə, vergi sistemində, yeraltı-yerüstü sərvətlərimizin mənimsənilməsində və digər sosial-iqtisadi sahələrdə korrupsiyanın başında duran sülalə hakimiyyəti buna dözə bilməzdi. Nəhayət, o kişini sözün tam mənasında çərlədib öz ərizəzini yazdırmaqla  AAK- in sədrliyindən azad etdilər. Bir müddətdən sonra, Azad müəllimə ehtiram əlaməti olaraq, onun işlədiyi ADNA- kı otağına gedib hal- əhval tutduqdan sonra soruşdim ki, Azad müəllim, bəs AAK-ı buraxıb başsız qoydunuz, oranın aqibəti necə olacaq? O, böyük kədər dolu baxışlarilə üzünü mənə tutub: “İndiki hakimiyyətlə bu xalqa AAK lazım deyil” dedi. Müdrik akademikimizin dediyi bu söz tezliklə özünü göstətdi, AAK- a “donqulilər” sel kimi axmağa başladı…
Əgər, 2000- ci ildə, Azad müəllimin sədrlikdən azad olmasından bir il qabaq, AAK- a 557 iş daxil olmuşdusa, bu rəqəm 2004- 2007- ci illərin hər biri üçün 4 dəfəyədək artmış, 2010- cu ildə bir qədər aşağı düşüb 1155 olmuşdur. Müstəqil qəzet və internet səhifələrindən aldığım məlumatlara görə, Prezident Administrasiyasının proteksiyası ilə müdafiə olunan işlər müdafiədən 3- 4 ay sonra təsdiqlərini alırdılarsa, “kimsəsizlərin” təsdiqi 5, hətda 8 il çəkirdi. Bəli, həmin “donquli alimlər”dir ki, bu gün alaq otu kimi ölkəni bürüyüblər…

İNSANLARIN ÜZÜNDƏ TÜPÜRCƏK ÜÇÜN NƏ QƏDƏR YER OLARMIŞ…

Hörmətli Cəmil müəllimin məqaləsində “donquli” adlandırdığı “alim” və “akademiklərdən” can qurtarmaqla işlərimiz düzəlsəydi, nə vardı…
Fikrimcə, başımıza açılan bugünki müsibətlərin hamısı SSRİ dağıldıqdan sonra Azərbaycanı yenidən özünəməxsus şərq uslubunda sovetləşdirən – HEYDƏRLƏŞDİRƏN  Heydər Əliyev faktoru ilə bağlıdır. Ölkəmizin ilk prezidenti Mütəllibovun zəifliyi, ikinci prezidentimiz Elçibəyin təcrübəsizliyi, bir yandan da Qarabağ müharibəsi Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə kömək etdi. Müharibədəki müvəffəqiyyətsizliklərimiz, bir- birinə zidd silahlı qruplaşmalar, daxili hərc-mərcliklər bizə Heydər Əliyevin sabiq KQB generalı, “politbüro” üzvü olduğunu, şaumiyanlara heykəllər qoydurub onlar haqda alovlu nitqlər söylədiyini unutdurub hakimiyyəti “qızıl teştin” içində gətirib ona verməyə vadar etdi… Halbuki, əvvəlcə özü, sonra isə oğlu cənab Mütəllibovu 20 ildir ölkəyə buraxmadıqları kimi, onu da sovetlərin süqutundan sora qətiyyən ölkəyə buraxmaq olmazdı. Xalqın ən böyük səhvi məhz buradan başladı. Hakimiyyətə gələndən çox keçməmiş, Heydər Əliyev ona “şərik” çıxa biləcək adamları, hətta onu hakimiyyətə gətirməkdə mühüm rol oynayan 91-ləri də “dənləyib” ətrafından yox etməyə başladı. Neçə ailələrin, ocaqların viran qoyulduğunun, neçə kişilərin vətəndən didərgin salındığının şahidi olduq…
Bir də gözümüzü açdıq ki yeni Sov.İKP – YAP, yeni Leninizm – Heydərizm, yeni Dahi Rəhbər (Lenin) – Ulu Öndər, yeni Oktyabrçılar- Heydərçilər yaranıb və körpələr “Lenin baba” mahnısı əvəzinə “Heydər Baba” mahnısı oxuyurlar. Leninin anadan olduğu gün, 22 aprel iş günü yox, bayram sayıldığı kimi, 10 may da “Ulu Öndər”lərinin anadan olduğu bayram günü sayılır və s. Azərbaycanı yenidən sovetləşdirən yüzlərlə belə paralellər tapıb üzə çıxarmaq olar.
Vaxtilə Lenin adına olan parklar, prospektlər, meydanlar, stadionlar, aeroportlar indi Heydər Əliyevin adını daşıyır. Rayon mərkəzlərində olan, ortasında əli “işıqlı gələcəyə” doğru uzadılmış Lenin heykəlləri ucaldılmış LENİN BAĞLARI əvəzinə HEYDƏR BAĞLARI salınıb, ortasında da analoji qaydada əli “naməlum gələcəyə” uzadılmış Heydar Əliyevin heykəllərini görürük. Qeyri-ixtiyari olaraq düşünürsən ki, bu gün ölkəmizi zəbt edərək hakimiyyətə gələn həmin kommunistlər dünən öz əllərilə “Ulu Öndər”ləri olan Leninə, Stalinə, Dzerjinskiyə ucaltdıqları bütlərin boğazlarına kəndir salıb yıxdıqdan sonra, nə üçün bu gün yenidən belə bütlər ucaldırlar? GÖRƏSƏN BELƏ İNSANLARIN ÜZÜNDƏ TÜPÜRCƏK ÜÇÜN NƏ QƏDƏR YER OLARMIŞ, İLAHİ…