Bu gün doğum günümdü…
Ağlım kəsəndən doğum günümü hamı kimi, sevinclə qeyd etdiyimi xatırlamıram. Əksər hallarda sevdiklərim – babam, çox yaxın qohumlarım, atamın xidmət etdiyi hərbi hissələrdə əsgərlər (dəfələrlə) dünyasını dəyişib, bir dəfə üstümə qaynar çaydan dağılıb, başdan aşağı yanmışam. Bu dəfə də mübarizə yoldaşım…
Rəşadın vəfatı bu sektorda ən çox mənə pis təsir elədi. Eyni məktəbdə oxumuşuq, eyni məhəllədə – üzbəüz binalarda yaşamışıq, eyni siyasi partiyada eyni məqsədlər uğrunda mübarizə aparmışıq.
Həmişə danışardıq. Deyingən biri deyildi, amma insanların aksiyalara, mitinqlərə biganə, səhlənkar münasibətindən danışıb, hey əsəbiləşərdi. Deyirdi ki, “xəstəyəm deyə, aksiyalara çıxa bilmirəm, sonra vəziyyətim dəyişir, məni kimsə aparmalı olur”. Belə aksiyalarda bizi internetdən izləməli olurdu. Amma həmin vəziyyətdə də çox əsəbiləşirdi. Bu yaxınlarda Nihad Hüseynov mitinqə çağırış vərəqəsi payladığına görə həbs olunanda az qalırdı ki, dəli olsun.
Danışıqlarımızda bir-birimizə “siz” deyə müraciət etsək də, çox səmimi idik. Öləcəyini bilirdi və deyirdi: “Ölüb getmək bir şey deyil, sadəcə, bu canımla heç nə eləyə bilməməyimə yanıram. Bu ölkəni dəyişə bilməsəm, necə ölə bilərəm? Bizdən sonrakı nəsil də bizi qınayacaq ki, “niyə bu rejimi dəyişə bilmədiniz?..”
Rəşad humanist insan idi. AXCP Gənclər Komitəsində məsələ qaldırmışdı ki “Qanvermə aksiyası” keçirək. Etdi və uğurlu alındı. Özü kimi talassemiyalı xəstələr üçün qan toplanmasına nail oldu. Bu yaxınlarda Azad Gənclik Təşkilatı ilə uşaq evindəkilərə baş çəkməyə getmişdi. Fotoreportyor olmaq istəyirdi. Bakı Jurnalistika Məktəbinə müraciət etmək üçün ona müvafiq elanın linkini göndərmişdim. Həvəsli idi, amma kurslar yay fəslində olacaqdı deyə, səhhətilə əlaqədar gedə bilməyəcəyini dedi. İsti havada yolda halı pisləşə, huşunu itirə bilərdi.
Bəzən mübarizə aparan insanlar deyirlər ki, bir-iki nəfər qurban getsə, bəlkə hərəkətlənmə olar, insanlar bezib ayağa qalxar, bu rejimi devirər. Elmar Hüseynovun, Rafiq Tağının qətli yetərincə əsas verirdi ki, insanlar ayağa qalxsın. Amma təkcə onların ölümümü? Məgər Rəşadın ölümü bu rejimin ucbatından deyil?
Fikrimi əsaslandırıram. Rəşad dövlət tərəfindən talassemiya xəstələrinə yetərincə yardım edilmədiyindən şikayətlənirdi. Bu sahənin birinci xanımın nəzarətində olduğunu, bununla belə, xəstələrə vaxtlı-vaxtında qan və lazımi dərmanlar verilmədiyini deyirdi.
Onun ölümünü eşidən kimi “facebook” hesabına baxdım, xətdə kimsə vardı. Yazdım, xalasının nəvəsi imiş onun profilindən daxil olan. Bu kiçik qız uşağı bilirsinizmi mənə nə dedi? Dedi ki, “Rəşad dayı sudurqa keçirmişdi, həkimə apardılar. Həkimlər yoxlamayıblar, bir neçə gün imiş ki, qara ciyəri “otkaz” eləyib”.
Rəşad bu hakimiyyətin yarıtmazlığının qurbanı olan sonuncu insan deyil. Siyahı hər gün uzanır…
İslam Şıxəli