“Vəzifə layihəsi”lə bağlı yeni təfərrüatlar

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun başqa bir ölkənin oxşar layihəsindən köçürülüb?

Milli Məclisin regional məsələlər komitəsinin iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər layihəsi barədə yeni məlumat əldə etmişik. Əvvəlcə xatırladaq ki, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bu layihə inzibati ərazi bölgüsü olmayan rayonlarda yeni strukturların – sahələrin yaradılmasını nəzərdə tutur: “Sahələr 20 min əhalisi olan ərazini əhatə edəcək, istisna hallarda daha az əhalisi olan əraziləri əhatə edəcək. İstisnaya həmin ərazilərdə inzibati idarəetmə orqanı olmadıqda yol veriləcək”.
Ekspertlər isə hesab edir ki, bu, layihə əslində yeni vəzifələrin yaradılması deməkdir.
Dünən əldə etdiyimiz məlumata görə, layihə Prezident Adminstrasiyasından qəfil göndərilib. Və Milli Məclis rəhbərliyinə layihənin tez bir zamanda qəbul edilməsi tapşırılıb. Görünür, PA rəhbərliyi yeni vəzifələrin yaradılması və paylanmasına tələsir. Səbəb isə aydındır. Azərbaycanda kiməsə vəzifə bacarıq və səriştəsinə görə verilmir. Azərbaycanda vəzifə tutmağın özünəməxsus şərtləri var. Yeri gəlmişkən, Arif Rəhimzadə layihənin müzakirəsi zamanı Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyasının qəhrəmanlarından olan Məşədi İbaddan da sitat gətirərək deyib: “Məşədi İbadın sözü olmasın, mən özüm iki institut bitirmişəm, iki ali təhsilim var, ancaq bu qanuna edilməsi təklif olunan dəyişikliklərin dilini başa düşə bilmirəm.
Burada bir çox sözlər, fikirlər qəliz yazılıb. Əgər bir komitə sədri kimi mən bunları başa düşə bilmirəmsə, bu məsələdən xəbərsiz olan insanlar, bisavadlar necə başa düşəcəklər?
Elə bilirəm ki, gələcəkdə qanun layihələri, o cümlədən onlara dəyişikliklər hazırlanarkən həmin sənədlərin Azərbaycan dilinə uyğunlaşdırılması məsələsinə ciddi diqqət yetirilməlidir”.
Arif Rəhimzadənin bu çıxışında iki məqam aydın olur. Birincisi, layihə qanunverici orqan tərəfindən hazırlanmayıb. İkincisi, aydın olur ki, layihə hansısa oxşar qanunundan köçürülüb. Arif Rəhimzadənin dəyişikliklər hazırlanarkən həmin sənədlərin Azərbaycan dilinə uyğunlaşdırılması məsələsinə ciddi diqqət yetirilməsi təklifi belə düşünməyə əsas verir.

Hikmət