Müstəqil mətbuat çökdürülür

Qəzetlərin satışına əngəllər yaradan yeni “Pressa köşk”lərin Bəylər Əyyubova məxsus olduğu bildirilir

Ölkədə olan-qalan iki-üç müstəqil mətbuata qarşı hakimiyyətin hücumu davam edir. Qəzet köşklərinin yığışdırılması, qalanlarınsa gözdən uzaq yerlərdə qoyulması, səyyar satışın sıradan çıxarılması, yeni köşklərdə müstəqil qəzet satışına qeyri-rəsmi qadağalar bunun bariz nümunəsidir.
“Qasid”in ətrafında baş verən hadisələr bu prosesin davamıdır. Bir neçə ay əvvəl “Eurovision” musiqi yarışmasını bəhanə gətirərək köhnə köşkləri götürdülər. Yeni köşklər isə qəzet satışından başqa hər işlə məşğuldur. Satıcılarla söhbət edən zaman onlar etiraf edirlər ki, qəzet satışından əldə olunan gəlir onları qane etmir. Onların sözlərinə görə, yeni köşklərə qoyulan yer haqları yüksək olduğundan məcbur olub, şirniyyat, siqaret, su satırlar.
Qeyd edək ki, bu köşklərə qəzetləri “Qasid” verirdi. Sonda isə satılan qəzetlərin pulu yayım şirkətinə çatmadığı üçün sözügedən şirkətlə qəzetlər arasında maliyyə problemi yaşanıb və məsələ hələ də həllini tapmayıb. Buna görə də “Qasid” yeni köşklərə qəzet verməkdən imtina edib.
“Azadlıq”a daxil olan məlumatlara görə, yeni köşklərin sahibi İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubova yaxın olan şəxsdi. Həmin adam B.Əyyubova arxalanaraq istədiyini edir, ya qəzet satışına mane olur, ya da satılan qəzetlərin pulunu
ünvanına çatdırmır.

“Yeni mətbuat yayım strukturları yaratmaqla azad mətbuatın yayımının qarşısının alınması üçün artıq xeyli işlər görülüb”

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, mövcud hakimiyyət uzun illərdi ki, azad mətbuata qarşı ən müxtəlif vasitələrin tətbiqi və istifadəsi yolu ilə kampaniya aparır: “Jurnalistlərin öldürülməsi, həbs edilməsi, onlara hər cür xəsarətlərin yetirilməsi kimi ən müxtəlif üsullardan indiyə qədər istifadə olunub və proses davam edir. Eyni zamanda azad mətbuatın sıradan çıxarılması, susdurulması, imkanların məhdudlaşdırılması kimi variantların tətbiqinin çox şahidi olmuşuq. Hakimiyyət artıq xeyli müddətdir azad mətbuatın yayım imkanlarını məhdudlaşdırmaqla məşğuldu. Bu işdə polislərdən tutmuş ticarət strukturlarına qədər ən müxtəlif variantlar tətbiq edilir. Yeni mətbuat yayım strukturları yaratmaqla azad mətbuatın yayımının qarşısının alınması üçün artıq xeyli işlər görülüb. Ənənəvi qəzet yayımları sıradan çıxarılır, onların yerini tutanlar isə sadəcə olaraq azad mətbuatın yayımından imtina edir. Hakimiyyət ilk baxışdan sivil görünən belə addımlarla azad mətbuatı sıradan çıxarmağın yeni üsulunu tətbiq edir. Şişirtməsiz demək olar ki, belə getsə, bir neçə aydan sonra azad mətbuat yalnız virtual aləmdə qala bilər”.

“Yeni köşklərdə qəzet satışı ümumi satışın heç 10 faizi də deyil”

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyir ki, köşklərlə bağlı problemlər 2000-ci ilin əvvələrində başladı: “Şəhəri gözəlləşdirmək adıyla köhnə köşkləri yığışdırmağa başladılar. O vaxt bu məsələ qaldırılanda bizə dedilər ki, narahat olmayın, onların yerində daha müasir, daha gözəli qoyulacaq, qəzet satışına heç bir əngəl olmayacaq. Şəhərdən yığışdırılan köşklər ya yerinə qoyulmadı, ya da qəzetdən başqa hər şey satmağa başladılar. Bununla bağlı bir çoxlu mötəbər məclislərdə, toplantılarda fikir söylənildi. Ancaq bizim dediklərimiz sanki daşa dəyib geri qayıtdı. Şəhərdə adda-budda ünvanlarda köşklər qalıb ki, onlar da camaatın gəliş-gedişi olan yerlərdə deyil, görünməyən tərəflərdə qoyulub. İndi şəhərə yeni köşklər gətirilib. Deyirdilər ki, burada ancaq qəzet satılacaq, ancaq bu dükanlarda qəzet satışı ümumi satışın heç 10 faizini təşkil eləmir. Qalan 90 faiz min bir xırdavatdı. Bu, ürəkağrıdıcı məsələdi, çox təəssüf ki, bu problemin qarşısını ala bilmirik”.

“Əgər müqavimət göstərə bilməsək…”

“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikrincə, yeni köşklərə yeni qazanc mənbəyi kimi baxırlar: “Ancaq onlar qəzetlərdən satdıqları məhsullardan əldə etdikləri pulları ala bilmirlər. Bu gün (dünən – red.) iki-üç yeni köşkün yanından keçdim, bizim qəzetlərdən heç biri yoxdu, olanlar da köhnə nömrələrdi”.
Elçin Şıxlı hər şeyin müqavimətdən asılı olacağını dedi: “Müqavimət göstərə biləcəyimizdən asıldı. Əgər müqavimət göstərə bilməyəcəyiksə, heç nə əldə olunmayacaq. Gərək yaxın günlərdə toplaşıb bu barədə hansısa addımlar ataq”.

Ramin DEKO