Bəşər Əsəd hərbi müdaxilədən qorxur

“Xaricdən qaynaqlanan müharibə ilə qarşı-qarşıyayıq”

İyunun 3-də Suriya prezidenti Bəşər Əsəd parlamentdə çıxış edib. Deyib ki, Suriya müstəmləkəçilik dövründən sonra ən ağır dövrünü yaşayır. O xarici qüvvələri Suriyanı vətəndaş müharibəsinə sürükləməkdə günahlandırıb:

«Suriyadakı islahatlara baxmayaraq terrorçuluq artmaqda davam edir. Terror heç nəyə baxmır, hamını vurur. Xaricdən qaynaqlanan müharibə ilə qarşı-qarşıyayıq. Biz fitnə-fəsadla, ölkənin məhv edilməsi ilə qarşı qarşıyayıq. Üzlərdəki maskalar çıxıb düşüb. Suriyada baş verənlərdə xarici ölkələrin rolu ortaya çıxıb». Bəşər Əsəd deyib ki, ölkə müharibə ilə üz-üzə qalıb.

Əsədiin çıxışı əvvəlkilərindən fərqlənməyib. Suriyada baş verənlərə görə terrorçuların məsuliyyət daşıdığını bildirib.

Livanın Tripoli şəhərində isə iyunun 1-dən Assadın tərəfdarları və əleyhdarları arasında başlanmış toqquşmalar davam edir. 14 adamın öldüyü, 48 nəfərin yaralandığı xəbər verilir.

Suriyalı hüquq müdafiəçiləri isə bu ərəfədə ölkədə 57 əsgər də daxil olmaqla 89 nəfərin öldürüldüyünü xəbər verirlər (“Azadlıq” radiosu).