Aclıq aksiyası keçirənlərin yaxınlarına təzyiq edilir

Neftçaladakı aksiyaçılara Ombudsman aparatının nümayəndələri baş çəkib

Nefçala rayonunda aclıq aksiyası davam edir. Mayın 28-dən başlanan aclıq aksiyasında iştirak edən beş nəfərdən biri – YAP üzvü Natiq Hüseynov mayın 31-də poçtdan Ombudsmana ərizə göndərərkən həbs olunub. Başqa bir aclıq keçirən Rafiq Baxşıyev Salyan rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan R.Baxşıyev sabah cərahiyyə əməliyyatı olunacaq.
Digər 3 nəfər aclıq aksiyasını davam etdirir.
Aclıq edən Yusif Quliyevin verdiyi məlumata görə, iyunun 1-də Ombudsman onlara baş çəkib: “Ziya müəllim və adını bilmədiyim başqa bir nəfər Bakıdan bizimlə maraqlanmağa gəlib. Ombudsmandan gəldiyini biləndən sonra rayon əhalisi bizim aclıq etdiyimiz ünvana təşrif buyurdu. Hamı öz şikayətini, dərd-sərini dilə gətirdi. Neftçalada elə bir adam tapılmaz ki, indiki icra başçısı İsmayıl Vəliyevdən, onun birinci müavini Dilavər Əliyevdən və baş memar Rüstəm Tahirovdan şikayətçi olmasın. Bu şəxsləri rayonun altını-üstünə çevirirlər”.
Yusif Quliyev deyir ki, onlara baş çəkən Ombudsman nümayəndələri sonra icra hakimiyyətinə yollanıb: “Orada icra başçısı və onun birinci müavini ilə görüşüb. Onlar aclıq edənlərlə bağlı Bakıdan gələnlərə yalandan məlumat veriblər. Bu gün (dünən – red.) Ombudsmanla əlaqə saxladım. Onlar mənə dedilər ki, siz bir neçə dəfə həbs olunmusunuz. Mən də bu informasiyanı təsdiqlədim. Həbs olunmuşam, ancaq hansı şəraitdə – bax bunu demirlər. Mən 12 ildir ki, bu icra hakimiyyəti ilə vuruşuram. İndiki və ondan əvvəlki icra başçıları xalqa qan uddurublar. Onlarla bağlı dəfələrlə Prezident Administrasiyasına şikayət məktubu yollamışam. Ancaq heç bir xeyri olmayıb. Yolladığım məktubları araşdırmaq üçün rayon icra hakimiyyətinə göndəriblər. Onlar da məndən qisas almaq, qorxutmaq və bir daha şikayət etməmək üçün həbs ediblər. Bu həbslər bir neçə dəfə olub. Mən bütün bunları Ombudsman Aparatının əməkdaşına telefonda dedim”.
Müsahibimiz Ombudsman əməkdaşının onunla danışan zaman icra hakimiyyətinin dəfələrlə ona yardım etdiyini deyib: “Bu gülüncdü. Mənə yardım edilməyib. Guya ailəmlə Bakıdan öz ata-baba yurduma qayıdan zaman rayonda məni qeydiyyata salmaq üçün xahiş ediblər, mənə ev tikmək 1500 daş veriblər. Əvvəla, Neftçala dədə-baba yurdumdu, kimin ixtiyarı var ki, məni burada yaşamağa qoymasın, yaxud rayonda qeydiyyata almasın. Onların bu barədə mənə köməyi dəyməyib. Daş məsələsinə qalanda isə deyim ki, icra hakimiyyəti sovetdən qalma bütün idarə və zavodları söküb, talayırdılar. Daşları, taxtaları satırdılar. Həmin vaxt mənə də 1500 ədəd daş verdilər. O daşı daşımaq üçün fəhlələrə pulu cibimdən vermişəm. Sonra özümə ev tikəcəyim yerə gətirmişəm, imkanım olmadığı üçün daş orada qaldı, yavaş-yavaş oğurlandı. Bütün bunları deməkdə məqsədim budur ki, nə indiki, nə də bundan əvvəlki başçıların mənə və Neftçala camaatına heç bir köməyi dəyməyib. Yalandan dövlət idarələrinə məlumat verirlər”.
Yusif Quliyev deyir ki, sona qədər mübarizə aparacaqlar: “Ya tələblərimiz həll edilməlidir, ya da biz aclıq edə-edə öləcəyik”.
Qeyd edək ki, aclıq aksiyası başlanan zaman YAP-çı Natiq hüseynov bir gün sonra şərlənərək həbs olunub. Hazırda o, həbsxanada aclıq aksiyasını davam etdirir.
Neftçala rayon İcra Hakimiyyəti üç gün əvvəl həbs olunmuş Natiq Hüseynovu qanuni əsaslarla müdafiə edən Tarıverdi Əliyevə təzyiq göstərməyə başlayıb. Belə ki, qazpaylaşdırıcı  sahənin rəisinə tapşırılıb ki, orada telefonçu işləyən Tarıverdi Əliyevi işdən azad etsin.
Neftçala mənzil-təsərrüfat sahəsinin rəhbərliyi isə T.Əliyevin xadimə işləyən həyat yoldaşından tələb edib ki, öz ərizəsi ilə işdən çıxsın.

Ramin DEKO