“Tehran rejiminin çökməsi regionun geosiyasətini dəyişəcək”

Mahmudəli Çöhrəqanlı: “Əbülfəz Elçibəyin Bütöv Azərbaycanla bağlı “millətləşmə-dövlətləşmə-bütövləşmə” tezisinə tam şərikəm”

Son vaxtlar İran-Azərbaycan münasibətlərinin növbəti dəfə gərginləşməsi İrandaxili proseslərə siyasi baxış tələb edir. Milli baxışlarına görə İranda siyasi məhbus olmuş, hazırda uzun müddətdir ki, ABŞ-da mühacirətdə yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisinin (MM) sədri, doktor Mahmudəli (Çağrı) Çöhrəqanlı “Contact.az”a müsahibəsində təkcə İran-Azərbaycan münasibətlərinə deyil, bölgədə və dünyada baş verən proseslərə dair açıqlama verib.

– İran-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz?

– İran rejiminin Azərbaycanla ilgili əsl niyyətini bildiyimiz üçün deyirik ki, Azərbaycan və İran münasibətləri gərginləşməyə doğru gedəcək. Səbəbləri də aşağıdakılardır: İran həqiqətdə Azərbaycanı müstəqil dövlət kimi tanımır. Azərbaycan Respublikasını qeyri-rəsmi kanallar vasitəsilə də olsa “Quzey İran” sayır. Rəsmi Tehranla bağlı qüvvələr “Quzey İran” adlı qəzet nəşr edir. İranın “Səhər TV” telekanalının siyasi etikadan kənar fəaliyyəti, vilayəti-fəqihə bağlı ayətullahlar vasitəsilə Azərbaycan dövlətçiliyinə qarşı fətvalar rəsmi Tehranın Azərbaycanın haqlarına və daxili işlərinə müdaxilədir. İranda hakim fars-molla rejiminin doktrinasına görə, Azərbaycanın inkişafı İranın zəifləməsi və nəhayət, dağılması deməkdir. Əksinə, hər baxımdan Azərbaycanın geridə qalması İran rejiminə rahatçılıq və həyat deməkdir.

Güney Azərbaycanda yaşayan 35 milyon soydaşımız qonşuluğunda mütərəqqi, çağdaş və güclü Azərbaycan görsə, heç zaman faşist fars-molla rejiminin hakimiyyəti altında yaşamağa razı olmayacaq. Nəhayət, İrandan ayrılaraq bütöv Azərbaycanı qurmağa sarı yürüyəcəklər. Fikrimcə, Azərbaycan və İran  antaqonist ziddiyyətlərə malikdir. Bu o deməkdir ki, Azərbaycan gücləndikcə  İran zəifləyəcək, İran gücləndikcə isə Azərbaycan. Ona görə də İran rejimi heç zaman Azərbaycanın güclənməsinə, inkişafına, insanların rifah və firavanlıqda yaşamasına razı olmayacaq.

– Sizcə, iki ölkə arasında baş verənlər sadəcə iki ölkəyə aid məsələdir, yoxsa pərdəarxası nələrsə var?

– Yuxarıda söylədiklərimə istinadən, əsas problem Azərbaycan və İran arasındadır. Buna sadəcə bölgənin, ya Qərbin təhriki, ya oyunu demək mümkün deyil. Amma Orta Şərqə Avropa və Amerikanın müdaxilələri, tərəflərin bir-birinə arxa durmaları məsələni daha da şiddətləndirə bilər.

– Rəsmi Tehran İranda azad mətbuatın olması haqda yazır, bu doğrudan da belədirmi?

– BMT İnsan Haqları Şurası, ABŞ Dövlət Departamentinin illik hesabatı və “Amnesty International”ın bəyanatlarına əsasən İran dünyada jurnalistlərin və media-mətbuat mənsublarının zindanıdır.  Ötən üç il ərzində yüzlərlə jurnalist həbs edilərək zindanlarda işgəncəyə məruz qalıb. Daha yüzlərlə jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb. Açıq desək, İranda qələm, danışıq və düşüncə azadlığı zərrə qədər belə yoxdur. Əgər kimsə “vilayəti-fəqih”in xoşu gəlmədiyi kimi düşünsə və ya yazsa beynini partladıb, dilini kəsərlər.

– Qərb-İran münasibətləri yalnız nüvə məsələsinə görə kəskinləşib, ya bölgədə yeni siyasi düzən nizamlanması nəzərdə tutulur?

– İran rejimi öz varlığını nüvə silahı yaratmaqda görür. İran rejimi belə düşünür ki, nüvə silahı yaratsa molla rejimi sığortalanacaq. Heç bir rejimin ona hücum etməsi mümkün olmayacaq, rejim “əbədiyyətə” qədər davam edəcək.

Dünya birliyi önündə atom silahı əldə etməyi haram saymaqla ikiüzlülük edən İran kadr arxasında öz varlığını o silahı əldə etməkdə görür. İran prezidenti İsraili yer üzündən siləcəkləri barədə bəyanatlar verir. Fikrimcə, bunlar Qərbin mövqeyi baxımından əsaslı amillər sırasına aiddir.

Bu amillərə dayanaraq Qərb yeni Orta Şərq siyasi xəritəsi də hazırlayıb. Ola bilər ki, çox yaxın gələcəkdə yeni Qafqazlar, yeni Orta Şərq və yeni Quzey Afrika siyasi şəkli görə bilək. Bu o deməkdir ki, çox həssas və kritik bir tarixi mərhələ yaşanır. Bu həssas və kritik mərhələdə ayıq millətlər nə lazımsa edərək vətənlərini və azadlıqlarını qoruyacaqlar. Qəflətdə yatan millətlər, müqavimətsizlərsə imperiyaçıların əsiri kimi xiffət və zillət dolu həyat yaşayacaqlar.

– İrana hərbi müdaxilə bölgədə nələrə səbəb ola bilər?

– İran rejimini saxlayan illik 120 milyard dollarlıq gəlir və silahlı qüvvələrdir. Bu isə o deməkdir ki, İranda hakimiyyət xalqa söykənmir. İran çoxmillətli bir dövlət olsa da  milli bərabərlik yoxdur. Əgər bu gün İranda doğru-düzgün referendum keçirilsə buradakı millətlərin əksəriyyəti molla rejimini istəmədiyini dünyaya bəyan edər. Qısa desək, İran rejimi xarici müdaxilə olmadan belə içəridən çökməkdədir. Yaxın gələcəkdə içəridə başlanacaq qiyam və inqilablar nəticəsində bu rejim tarixin zibilliyinə atılacaq.

İran rejiminin yürütdüyü siyasət, o cümlədən, nüvə siyasəti, qonşu ölkələrin işinə qarışması, Suriya rejimi kimi avtoritar və diktator rejimləri qoruması, buna bənzər fəaliyyəti yaxın gələcəkdə xarici müdaxilə ehtimalını mümkünə çevirəcək. İrana hərbi müdaxilə, bölgənin siyasi geopolitik mütənasibliyini dəyişərək neçə-neçə ölkənin bölünməsinə, yeni ölkələrin yaranmasına səbəb olacaq.

Bölünən ölkələr Suriya, İraq, Pakistan, İran olacaq. Yeni yaranan ölkələr İraq Kürdüstanı, Şiə İraqı, Sünni İraqı, Sünni Suriyası, Ələvi Suriyası və Suriya Kürd bölgəsi olacaq.  Bu yeni düzən Pakistanın Bəluçistan bölgəsinin istiqlalı və İranın Farsistan, Bəluçistan, Ərəbistan, Doğu Türkmənistan, İran Kürd bölgəsi və Güney Azərbaycan Türk cümhuriyyəti kimi dövlətlərin yaranmasıyla başa çata bilər.

– “Mücahidani Xəlq” təşkilatını necə xarakterizə edərdiniz?

– Bu təşkilat İranda köklü və tarixi olan təşkilatlardan biridir. 1980-ci illərə kimi güclü tərəfdar kütləsinə sahib qurum idi. Amma o vaxtlardan bu yana bu təşkilat iki böyük tarixi səhvə yol verdi. Birincisi, minlərlə insanları terror yolu  ilə qətlə yetirdilər. İkinci, 1980-ci illərdə başlayan və 8 il davam edən İran-İraq savaşında Səddamın yanında yer alaraq İranın sərhədində döyüşən yüz minlərlə insanın qətlində iştirak etmələridir. Üçüncü, bu qurum indiki rejimə müxalif olmasına baxmayaraq, özü dini əsaslı birlikdir. Bu təşkilat irqçilik və şovinizmdə şah və ya molla rejimindən geridə qalmır. Odur ki, “Xalq Mucahidləri” İranın hər bölgəsində, xüsusilə də Güney Azərbaycanda nüfuz və etibarını itirib. Güney Azərbaycanda bu quruma bağlı bir mücahid tapmaq belə mümkün deyil.

– Bütöv Azərbaycan məsələsində düşüncələriniz: bu mərhələli həlldir, yoxsa Güney Azərbaycanın istiqlalını elan etməsi yetərli ola bilər?

– Rəhmətlik Əbülfəz Elçibəyin Bütöv Azərbaycanla bağlı “millətləşmə-dövlətləşmə-bütövləşmə” tezisinə tam şərikəm. Ə.Elçibəyin dediyi kimi, Azərbaycanın hər iki tərəfində (Quzey-Güney) bir-birindən asılı olmayan azadlıq hərəkatı başlayaraq ilk olaraq millətləşmə, ardınca dövlətləşmə və son mərhələ olaraq bütövləşmə prosesini əhatə edəcək.

XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanın quzeyində millətləşmə, 1992-də Azərbaycan Respublikası dövləti özün dünyaya elan etməklə dövlətləşmə prosesi başa çatdı.

Azərbaycanın güneyində azadlıq hərəkatı 1995-dən başlayaraq millətləşmə mərhələsini bitirib. Yaxın gələcəkdə Güney Azərbaycan Türk Cümhuriyyəti özünü dünyaya müstəqil dövlət elan etməklə dövlətləşmə mərhələsini başa vuracaq. Güney Azərbaycan ikinci prosesi başa vursa Azərbaycanın bütövləşməsi anı məsələsidir.

Şərqi və Qərbi Almanyanın birləşməsi kimi iki Azərbaycan dövləti və ya parlamentləri uyğun qərarlarla Azərbaycanın güney və quzeyinin birləşməsinin nəticəsi olan Bütöv Azərbaycanı qurur və şərəflə dünyaya elan edə bilərlər. Bu qeyri-mümkün məsələ deyil, əksinə, o günlərin çox yaxında olduğunu hiss etməkdəyəm.

İki Azərbaycanın birləşməsinin bir ayrı yolu da var. O da İran rejiminin Quzey Azərbaycanın dövlətçiliyi və müstəqilliyinə təcavüz edə bilməsi ehtimalına bağlıdır. İran belə bir təcavüz edərsə o zaman 35 milyon Güney Azərbaycan türkü İran rejiminin yox, Quzey Azərbaycan dövləti və ordusunun yanında yer alaraq İran rejimini devirib bütöv Azərbaycanı yaradaraq dünyaya açıqlayacaqlar.