aliyev-ehmedinejad-bakida

Tehran-Bakı toqquşması şiddətlənir

Azərbaycan rəsmisi İran barədə sərt ifadələr işlətdi; İran Naxçıvanla sərhəddi bağladı  

İran-Azərbaycan münasibətlərindəki gərginlik səngimək bilmir. Dünən İran mətbuatı İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhədini bağladığı haqqında məlumat yayıb. ANS PRESS-in İRİB saytına istinadən verdiyi məlumata görə, bu barədə Tehran radiosu məlumat yayıb. Mənbə Naxçıvanın Azərbaycan Respublikası ilə qurudan olan yeganə əlaqə yolunun bağlanması ilə bağlı rəsmi qaynaqlarda məlumatın olmadığını da bildirib. Rəsmi qurumlar məlumatı təkzib etsələr də, “Azadlıq”a Naxçıvandan daxil olan xəbərdə bildirilir ki, yük maşınların İrana keçməsinə maneələr var. Məlumatlarda həmçinin qeyd edilir ki, İrandan Naxçıvana ərzaq keçirilməsinə imkan verilmir.
Dünən həmçinin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İranla bağlı sərt ifadələr işlədib. O, “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” adlı konfransda çıxışında deyib: “Biz İran ruhaniyyətinə deyirik ki, hər gün alnını möhürə vurursan, əlini Allaha uzadırsan, ancaq məsciddən çıxan kimi yalan danışırsan. Sənin dinin də saxtadır, özün də saxtasan. Bizə belə ruhaniyyət lazım deyil”.
Ötən gün o da bəlli olub ki, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami hələ də Bakıya qayıtmayıb. Məlumatı “Media forum” saytına İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri verib.
Mətbuat katibi bildirib ki, səfirin nə vaxt dönəcəyi məlum deyil. Məhəmmədbağır Bəhraminin Azərbaycana qayıtması üçün hansısa şərtin olub-olmamasına gəlincə, Abbas İsgəndəri bu haqda məlumatsız olduğunu söyləyib.
Abbas İsgəndəri bildirib ki, hazırda səfirin səlahiyyətlərini müvəqqəti işlər vəkili Seyid Əhməd Neməti həyata keçirir.
Məhəmmədbağır Bəhrami mayın 21-də Tehrana gedib. Mayın 22-də İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bu, belə izah edilib: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb. O, lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb”.
Bu arada İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti Fəridi Əsrin mayın 28-də Bakı hava limanından geri qaytarılması ilə bağlı bəyanat verib. “Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Cənab Məhəmməd Hadi Fəridi Əsr xidməti pasportla Bakının beynəlxalq hava limanına daxil olduqdan sonra xidməti pasportu olanlar üçün vizanın ləğvinə dair İran İslam Respublikası və Azərbaycan Respublikası arasında mövcud olan anlaşmanın müddəalarına zidd olaraq Bakı hava limanından qaytarılıb.
Bildiririk ki, cənab Fəridi Əsr ali dini rəhbər ayətullah Xamneyinin nümayəndəsi deyil, özü ilə heç bir mesaj da gətirməyib və sırf məzuniyyətinin başa çatması ilə əlaqədar, xidmətini davam etdirmək məqsədilə Bakıya qayıdırmış”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mayın 30-da jurnalistlərə deyib ki, Fəridi Əsrin ölkəyə buraxılmaması Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilib: “Həmin şəxs qanunvericilik çərçivəsində təsdiqlənən müddəalara uyğun olaraq geri qaytarılıb”.
“İran İslam Respublikası olaraq heç bir ölkənin, o cümlədən Azərbaycanın daxili məsələlərində müdaxiləmiz yoxdur”. Bu sözləri Mehr Agentliyinə müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib. Xəbəri Modern.az saytı yayıb.
Məlumata görə, Eks-xarici işlər naziri qeyd edib ki, İran və Azərbaycan xalqlarının müştərək din, məzhəb, tarix və mədəni ortaqlıqları var. “Azərbaycanla İran arasında münasibətlərində anti-islam hərəkətlərin davam etməyəcəyini proqnoz edirik. Hazırda bəzi işlərin görülməsi mümkündür” -deyə o vurğulayıb. “Eyni halda ümidvarıq ki, Azərbaycan hökuməti iki ölkə arasındakı mövcud maneələrin aradan qaldırılması istiqamətində öz səyini göstərəcək və dövlətlər arasındakı münasibətlərin inkişafı istiqamətində öz xalqının istəyinə diqqət yetirəcək”, – deyə Vilayəti qeyd edib.

İnformasiya şöbəsi