Əli Kərimlini “polisə çağıranlar” cəzalandırılmalıdır

Tanınmış hüquqşünas AXCP sədrinə qarşı təxribata kəskin qiymət verdi

Müzəffər Baxışov: “Məqsədləri o olub ki, Əli Kərimlinin ailəsini qorxu altında saxlasınlar”

“AXCP sədri Əli Kərimlinin evinə mayın 25-də gecə saatlarında edilən polis basqını qanunsuzluqdur. Polisin gecə saatlarında vətəndaşın evinə bildiriş gətirməsi də qanunsuz hərəkətlərdir”. Hüquqşünas Müzəffər Baxışov Ə.Kərimlinin evinə edilən basqınla bağlı açıqlanan rəsmi rəyə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, polis əməkdaşları vətəndaşın evinə bildirişi gecə vaxtı gətirə bilməz: “Cinayət Prosessual Məcəllənin tələblərinə görə, bu, mümkün deyil. Məcəllənin 20-ci maddəsinə görə, gecə vaxtı dedikdə saat 22-dən səhər saat 7-yə qədər olan vaxt başa düşülür və ümumiyyətlə, gecə vaxtı bu və ya digər hərəkətlərin aparılması, o cümlədən də bildirişlərin verilməsini qadağandır. Gecə saat 1-in yarısında polis kiminsə evinə gedə bilməz və deyə bilməz ki, biz sənə bildiriş vermək istəyirik. Bu cür hərəkətlər qanunsuz hərəkətlərdir”.
Hüquqşünasın sözlərinə görə, bildirişin göndərilməsi qaydaları da Cinayət Prosessual Məcəllə ilə tənzimlənir: “Bildiriş poçt vasitəsilə göndərilməlidir. Təxirəsalınmaz hallarda ola bilər ki, kiminsə vasitəsilə verilə bilər. Amma gecə saat 1-də ümumiyyətlə vətəndaşı narahat edib ona bildiriş təqdim etmək qadağandır. Bu, bir daha sübut edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları özbaşınalıqla məşğuldur. Onlar bilirlər ki, qanunsuz hərəkətlərinin qarşılığında heç bir adekvat tədbirlər görülmür. Ona görə də özbaşınalıqlara yol verirlər. O cümlədən də gecə saat 1-in yarısında ölkədə siyasi partiyalardan birinin sədri olan Əli Kərimlini narahat edirlər, saatlarla qapısını döyürlər. İndi də öz hərəkətləri iflasa uğrayandan sonra məlumat yayırlar ki, biz ona bildiriş vermək istəyirdik. Əli Kərimli Azərbaycanda böyük bir siyasi partiyanın rəhbəridir. Ona heç ehtiyac yoxdur ki, bildiriş verilsin, telefon zəngi də kifayətdir. Əgər hüquq-mühafizə orqanları onu çağırmaq istəyirlərsə, telefon məlumatları hamıya məlumdur, mətbuat vasitələrindən də ala bilərlər. Ona telefon zəngi edib bu və digər məsələlərin araşdırılması ilə bağlı istintaq orqanına cəlb edə bilərlər. Sadəcə olaraq, onların məqsədi o olub ki, Əli Kərimlinin ailəsini də qorxu altında saxlasınlar”.
M.Baxışovun sözlərinə görə, Azərbaycan hüquq dövləti olsaydı, Baş Prokurorluq bu hərəkətləri edən şəxslər barədə cinayət işi başlamalı idi. Həmin şəxslər öz vəzifə səlahiyyətlərini aşdığına görə cinayət məsuliyyətinə cəlb olunmalı idi: “Onda bilinərdi ki, həqiqətən Azərbaycanda konstitusiyanın 25-ci maddəsinin tələbinə – hamının məhkəmə qarşısında bərabərliyi prinsipinə əməl edilir. Amma bu qanunsuzluğu həyata keçirən şəxslərlə bağlı heç bir tədbir görülmədi. Prokurorluq orqanları təcili tədbir görməli və həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edib cəzalandırmalıdır”.
Xatırladaq ki, mayın 25-i axşam saatlarından başlayaraq Ə.Kərimlinin evinin qarşısına mülki geyimlilər və polislər gedərək tez-tez onun mənzilinin qapısını döyüblər, ancaq o, qapını açmayıb. Hətta gecə saat 1 radələrində onun qapısını döyərək açmasını istəyiblər. Mayın 26-sı səhər tezdən də eyni hadisə təkrarlanıb, lakin AXCP sədri qapını açmaqdan imtina edib. Daha sonra isə AXCP sədri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və ondan ifadə alınıb.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, mayın 25-də aksiya zamanı saxlananlardan bir neçəsi öz izahatlarında onları bu işə Ə.Kərimlinin təhrik etdiyini söyləyib. Buna görə Ə.Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Ə.Kərimli telefon zənglərinə cavab vermədiyinə görə iki polis əməkdaşı axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb (“Yeni Müsavat”).