Zati-aliləri Naxçıvana getdi, Bakıya döndü, ayağının tozu ilə Naxçıvana büdcədən pul ayırmaq barədə sərəncam imzaladı. Tanış mənzərədir: biz İlham Əliyevin hansı rayona səfərinin neçə milyon manata başa gələcəyini artıq təxmin edə bilirik.
Yadımdadır, möhtərəm təzəlikcə Qazax və Ağstafaya gedəndə qayıtdıqdan sonra onun bu rayonlara nə qədər pul ayıracağı barədə facebook-da əməlli mərc yarışı gedirdi, axırda xeyli adam məbləği doğru tutdura bildi. Məncə, bukmeker kontorları İlham Əliyevin əyalət səfərlərini də mərc yarışlarına daxil etməlidirlər, bu, futbol qumarından heç də az maraqlı olmayacaq. Naxçıvan isə adi rayon yox, muxtar respublika olduğundan möhtərəmin Bakıya döndükdən sonra ayıracağı məbləği əvvəlcədən müəyyənləşdirmək asan deyildi, bir növ, “Barselona”-“Real” oyunu kimi bir şey idi. Belə oyunların nəticəsini isə futbol şərhçilərinin dili ilə desək, öncədən proqnozlaşdırmaq çox çətindir.
Nəhayət, möhtərəm srağagün Naxçıvan səfərinin büdcəyə neçəyə başa gəldiyini açıqladı: 10 milyon manat! Muxtar respublika ilə yaxşı qurtardıq, Azərbaycan ştatlardan ibarət olsa, neyləyərdik?
Əslində rejimin “analoqu olmayan iqtisadi inkişaf” nağılı, “regionların çiçəklənməsi” barədə mifləri İlham Əliyevin bu cür sərəncamlarında gizlidir. Hansı çiçəklənmədən, iqtisadi inkişafdan söhbət gedir ki, ölkənin bir dənə də rayonu dotasiyasız yaşaya bilmir? Bütün rayonların büdcədən mayalandığı bir inkişaf necə mümkün ola bilər? Hələ üstəlik, o büdcənin 75 faizi də neftdən asılıdırsa…
***
İlham Əliyevin Naxçıvan bəyanatlarını isə təbəssümsüz oxumaq mümkün deyil. Təsəvvür edin, möhtərəm deyir ki, “Naxçıvanda bütün sahələrdə çox uğurlu, dinamik inkişaf prosesi gedir”. Amma rəqəmlər göstərir ki, 2012-cu ilin dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə 257.9 milyon manatın transfer edilməsi nəzərdə tutulub. Bu isə muxtar respublikanın bütün gəlirlərinin 84,5 faizi deməkdir! Buyurun, əlavə şərhə ehtiyac varmı?
İndi isə iqtisadçı dostumuz Natiq Cəfərlinin İlham Əliyevin “Naxçıvanın inkişafı” barədə dediklərinə daha bir tutarlı arqumenti ilə tanış olaq: “2006-cı ildə hüquqi şəxslərdən mənfəət vergisi cəmi 540 min manat olub, 2012-ci il Naxçıvan büdcəsinin proqnozlarında isə mənfəət vergisi 530 min manat nəzərdə tutulub, yəni 6 ildə artım yox, 10 faiz azalma baş verib. Deməli, ya açılan müəssisələr “qara mühasibatlıqla” çalışırlar, ya da müəssisələr ancaq qırmızı lentin kəsilməsi, PR üçün tikilir”.
Bu da son deyil. “Naxçıvanın inkişafı” barədə populizmi ifşa edən faktlardan başqa biri: muxtar respublikanın əhalisi, rəsmi rəqəmlərə görə, 420 min nəfərdir, bu qədər əhali, o boyda muxtar respublika büdcəyə cəmi 47 milyon manat vəsait verir. Yəni? Yəni adambaşına ildə cəmi 110 manat! Ayda hardasa 10 manat! Budurmu “uğurlu inkişaf?” “Çiçəklənmə” budurmu?
Daha nə qədər binaların üzlənməsinə, rənglənməsinə baxıb “ölkənin gözəlləşməsindən”, “inkişafından” danışmaq olar? O binaların içində yaşayanların həyatını gözəlləşdirmədən, belə nağıllarla haracan getmək olar? Dönün ərəb dünyasına baxın, yalançı inkişaf təbliğatının sizin tay-tuşlarınızı hansı vəziyyətə gətirib çıxardığını görün. Dərs alın.
Anlayın artıq: monopoliyaların at oynatdığı, azadlıqların olmadığı, bir ailənin məmləkətin bütün sərvətləri üzərində mütləq hakimə çevrildiyi, oliqarxlaşdığı, vətəndaş cəmiyyətinin, azad medianın, ədalətli mühakimə hüququnun yox edildiyi ölkələrdə inkişaf mifdir, filfilodur.
Belə ölkələrdə inkişaf deyilərkən əslində kimin, kimlərin inkişafının nəzərdə tutulduğunu burnu fırtıqlı bağça uşağı da bilir artıq.
***
Bakıdakı “Eurovision”un devizi “Öz məşəlini alovlandır!” idi.
İlham Əliyev isə öz yalan məşəlini alovlandırdı Naxçıvanda.
Əslində 18 ildir bu ölkədə bir yalan məşəli yanır, əvvəl ata, indi də oğlu onu olimpiya məşəli kimi ölkə boyu gəzdirməkdədirlər.