Britaniya ilə savaşda ümidli notlar

Görəsən bir bilən varmı, dövlət başçısının açılışlarda kəsdiyi lentlərin rəngi niyə dəyişib? Nədən qırmızını yaşılla əvəzləyiblər? İranla münasibətlərin gərginləşməsi fonunda bu, az qala paradoksal görünür.
Lentlərinin rəngi qırmızıdan yaşıla dəyişən Azərbaycanın beynəlxalq siyasətdəki durumu isə getdikcə qırmızı rəng almağa başlayır. Almaniya ilə müharibədən sonra, İranla gedən soyuq müharibənin isinməsiylə yanaşı indi də Böyük Britaniya ilə savaş cəbhəsi açılıb. Hakimiyyət hələ də dərk eləyə bilmir ki, Avropada mətbuat azaddır, dövlətin mətbuatın işinə qarışmaq kimi bir şakəri yoxdu. Bunlara elə gəlir ki, elə dünyanın hər yerində Azərbaycanda olduğu kimidir. Ona görə də indi Britaniya dövlətinə mesaj göndərilir ki, öz mətbuatını susdurmasa, vəziyyət çox qəliz ola bilər. Düzü, mən Azərbaycan hakimiyyətinin Britaniya dövlətinə necə zərbə vura biləcəyini anlaya bilmirəm – hərbimi, iqtisadimi, diplomatikmi? Hər halda YAP-ın bildiyi bir şey var ki, məsələ son dərəcə kəskin qoyulur: “The İndependent” xalqımızdan üzr istəməlidir!”
“The İndependet”də iki nəhəng dövlət arasında savaşa yol açan məqalədə isə Azərbaycanda insan haqlarının və mülkiyyət hüquqlarının pozulduğu, ölkədə korrupsiyanın tüğyan elədiyi vurğulanır. İndi başa düşmək olmur ki, bu qəzet xalqımızdan nəyə görə üzr istəməlidi? Azərbaycanda insan hüquqlarının, mülkiyyət hüququnun pozulması, rüşvətin, korrupsiyanın tüğyan eləməsi indi ən avam azərbaycanlının da bildiyi sadə həqiqətdi. Bu həqiqəti yazmaqla Azərbaycan xalqı təhqir olunurmu? Belə çıxır ki, insan hüquqlarının pozulması, korrupsiya və s. əməllər çox ayıb bir işdi ki, YAP onu təhqir hesab eləyib. Elə isə, onda o haqları pozanların, korrupsiyanı tüğyan elətdirənlərin yerinə “İndepent” niyə xalqımızdan üzr istəməlidi, bunu da yaşıl lent kimi heç cür anlamaq olmur.
İngiltərəni də, Azərbaycan haqda yazılan həqiqətləri də bir yana qoyaq. Ancaq şəxsən Almaniyanın Azərbaycandakı korrupsiyadan danışmağa heç haqqı yox idi. Almaniya prezidenti Kristian Vulf həyat yoldaşı Bettinanın yanında istefa verərkən demişdi ki, son günlər artıq bir prezident kimi insanların etibarını itirib. Bu üzdən artıq Almaniyanı evdə və xaricdə prezident kimi təmsil etməsi mümkün deyil. Bunu ki, YAP düzüb-qoşmayıb. Gerçəkdən Almaniyada belə bir hadisə baş verib. Səbəb də elə korrupsiya olub. Florida ştatına dincəlməyə gedən zaman Vulf təyyarəyə “biznes klass”, xanımı isə “ekonom klass” üzrə uçuş biletləri alıblar. Amma sonradan məlum olub ki, Berlin Hava Yolları şirkəti Vulfun xanımının biletinin əlavə dəyərini ödəyərək onu da “biznes klas” salonuna yerləşdirib. Həmin deputatlar Berlin Hava Yolları şirkətinin rəhbərliyindən buna görə hesabat tələb ediblər. Hətta Hannover şəhər prokuroru parlamentə müraciət edərək aparılan istintaqla bağlı prezidentin toxunulmazlığının ləğvini istəyib. 52 yaşlı prezidenti dolayısı ilə vəzifəsindən sui-istifadədə ittiham edilib. Şükür Allaha, Azərbaycan prezidentini belə bir təhlükə gözləmir, çünki onlar əvvəlcədən biletlərini öz şəxsi təyyarələrində “biznes klas” salonuna alırlar. Mümkündür ki, Azərbaycan Britaniya savaşından sonra kraliça da Almaniya prezidenti kimi istefa verə.
Mən şəxsən dövlətimizin, hakimiyyətimizin gücünə inanıram. Əminəm ki, Britaniya dövləti gec-tez ağ bayraq qaldıracaq. ACP fəalı Şirinbacı Rzayeva ilə gərgin və qətiyyətli savaşda üst-üstə sarsılmaz qələbələr qazanan bir dövlətin istənilən dövlətə qalib gələcəyinə heç bir şübhə yeri ola bilməz. Dövlətin ağbirçək ananı hətta işindən belə çıxarmağa gücü çatıbsa, ürəyimizi buz kimi saxlaya bilərik.
…Yeri gəlmişkən, görəsən qayçını da dəyişiblərmi?