Kəmaləddin Heydərov Qətərə niyə gedib?

“Əl-Cəzirə”də Azərbaycanla bağlı yayımlanan sücetlər YAP iqtidarını narahat edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi FHH nümayəndə heyətinin Qətərə rəsmi səfəri ilə bağlı maraqlı məlumat əldə etmişik. Məlumatda deyilir ki, rəsmi xəbərlərdə Kəmaləddin Heydərovun Qətərə səfərin məqsədi
FHN ilə Qətər Dövlətinin Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi kimi qeyd edilir. “Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, səfərdə əsas məqsədlərdən biri də Qətərin “Əl-Cəzirə” telekanalında Azərbaycanla bağlı yayımlanan sücetlərdən narahatçılığı bu ölkənin rəhbərliyinin diqqətinə çatdırmaqdır. Xatırladaq ki, “Əl-Cəzirə” telekanalı son günlərdə Azərbaycanla bağlı bir neçə sücet yayıb. Həmin sücetlərdə Azərbaycanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulmasından bəhs edilib. Beynəlxalq rəyə ciddi təsir imkanları olan media quruluşlarından birində – “Əl-Cəzirə”də belə sücetlərin yayımlanması Azərbaycan hakimiyyətinin narahatçılığına səbəb olub. Bu baxımdan Kəmaləddin Heydərovun səfər zamanı bu məsələni Qətər rəhbərliyi ilə müzakirə edərək “Əl Cəzirə”də Azərbaycan hakimiyyətinin maraqlarına zidd materialların yayımlanmasının müəyyən yollarla qarşısını almaq zərurəti yaranıb.            
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının sahibi Qətərin əmiridir. Kanal məhz onun maliyyə dəstəyilə 1996-cı ildən fəaliyyətdədir.

İnformasiya şöbəsi