Bakıda mülkyyət hüququ pozulan sakinlərdən biri, İctimai Palatanın mitinqində çıxışı ilə diqqət mərkəzinə gələn, ACP fəalı Şirinbacı Rzayeva işdən çıxarılıb. Bu barədə “Azadlıq”a məlumatı Rzayevanın oğlu Əli Rza Muxtar verib. Onun sölərinə görə, anasını Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə işdən çıxarıblar: “Anam Binəqədi rayon 177 saylı körpələr evində tərbiyəçi işləyirdi. Hacıbala Abutalıbovun tapşırığı ilə işdən çıxarıblar. Deyiblər ki, guya hansısa uşağın valideynə qarğış eləyib. Qarğışa görə işdən çıxarmaq, duaya görə qəbul olur? Bu nə məntiqsizlikdi?”.
Əli Rza Muxtar anasının Hacıbala Abutalıbovun göstərişi ilə işdən çıxarılması iddiasını belə izah edib: “Körpələr evinin bütün heyəti anamdan istəyib ki, evimizin sökülməsi məsələsində Bakı şəhər İcra Hakimiyyəti ilə razılığa gəlsin. Bu olarsa kollektiv Hacıbala Abutalıbovun qəbuluna gedib anamı işə bərpa etməyi xahiş edərlər. Anam isə onlara “yox” cavab verib, bildirib ki, bu hökumətlə heç bir sövdələşməyə getməyəcək”.
Qeyd edək ki, Rzayevlər ailəsi “Qış bulvarı” layihəsinə görə, Mirzəağa Əliyev küçəsində yerləşən mənzilindən zorla çıxarılıb. Onlar hökumətin verdiyi hər kvadrat metrə görə 1500 manatlıq kompensasiyadan imtina ediblər. Problemi həll etmək üçün Avropa Məhkəməsinə üz tutublar. Bundan başqa bu ilin mayın 10-da Şirinbacı Rzayevanın kiçik oğlu İlqar Rzayev narkotik saxlama ittihamı ilə həbs olunub.
Ramin DEKO