Azərbaycana uğur diləmək

“Guardian” qəzetinin əməkdaşı Mark Lavsonun “Eurovision” musiqi yarışmasının Bakıda keçirilən 57-ci finalı haqda yazdığı köşədə iki xüsusi məqam var. Müəllif yazır:

“Səsverməyə ayrılan zamanda 120 milyonluq qlobal auditoriya qarşısında prezidentin kürəkəni Emin Ağalarovun ifasına yer ayrılması çətin ki, hakimiyyətin demokratik imicini qaldıra. Hər halda, Britaniyadan Humperdinck qalib gəlsəydi, biz Cameron və Cleggin uşaqlarını 2013-cü il “Eurovision” yarışmasındakı fasilədə səhnəyə çıxartmayacaqdıq”.
Mənə elə gəlir ki, Markın bu abzasın son cümləsini yazmasına qəti gərək yox idi. Çünki dünyanın özünə hörmət qoyan heç bir ölkəsində belə bir işə qol qoyan olmazdı. Belə çıxır ki, bu köşə ingilis oxucular üçün deyil, sırf bizlər, daha doğrusu, sırf Azərbaycanda yaşayan əhali üçün yazılıb. Çünki bir ingilis bu cümlədən hətta hirslənə də bilər ki, nədi, bizi xam yerinə qoyursan? Hamının bildiyi şeyi bir də niyə yazırsan?.. Bizdə isə Ağalarovun səhnəyə göydən düşməsi sosial şəbəkələrdə ironiya ilə qarşılanmaqla bərabər, sıravi vətəndaş bu məsələdə tam qərarsızdı. O bilmir ki, bu, yaxşıdı, ya pis… Çünki əhalimiz ölkədə nə baş verirsə versin, ona ən rahat şəkildə baxa bilir. Bu isə təbliğatın gördüyü işdi. Yəni, bu ölkə bizimdi, nə istəsək eləyərik. Hakimiyyəti də müxalifət məhz bu nüansa görə özündən çıxarır. Müxalifətin hər bir aksiyası bir xeyli vətəndaşı qəflət yuxusundan oyadır, onlara anladır ki, xeyr, qardaşlar, bacılar, sizin zənn etdiyiniz kimi deyil: bu ölkə, onun var-yatırının, yeraltı, yerüstü sərvətlərinin hamısının tək və şəriksiz sahibi sizsiniz, bunların bəhrəsini bir kiçik zümrə deyil, siz görməlisiniz.
Müxalifətin atdığı bu bomba indi hakimiyyətin nəzərində bir ordu silahlı hərbiləşmiş müxalifətdən daha dəhşətlidi. Rejimin indi qəzəbdən cilov gəmirməsi də sırf bu üzdəndi.
…Mark qardaş köşəsinin sonunda yazır (bu, diqqət çəkən ikinci məqamdı): “Ölkəsinin narahat imicini nəzərə alaraq Azərbaycan televiziyası qeyri-adi bir addım atdı: “Eurovision” tarixi boyunca ilk dəfə Azərbaycanda əlavə sensor köşk əsasında qeyri-rəsmi səsvermə keçirildi ki, səslərin hesablanmasına dair şübhələri aradan qaldırsın”.
Sözün açığı, mən bu sensor səsvermə köşklərinin nə olduğunu dumanlı şəkildə, yalnız texniki terminlərin hesabına başa düşürəm və eyni zamanda, tam anlaya bilmirəm. Ancaq köşənin bu fikirlərinin ardınca deyilənlər Azərbaycan televiziyasının çox mütərəqqi bir addım atdığı qənaətini doğurur:
“Yəqin elə alman münsiflər heyətinin rəhbəri də bundan cəsarətlənib daha kəskin siyasi çıxış etdi: “Səs vermək və seçim imkanına malik olmaq yaxşı şeydir”, – deyə o bəyan etdi. “Bu yolda sənə uğurlar, Azərbaycan!”
Çox maraqlıdı. Milli hakimiyyətin devrilməsindən sonra saxta və “nöyütdən qara” fəndlərilə yaddaşlarda qalmış seçkilər keçirən bir hakimiyyət birdən-birə dünyanı sevindirən bir seçim növü kəşf eləyir. Bu, yadıma Ayzek Azimovun fantastik bir hekayəsini salır. Orada prezident seçkisində hər kəs xüsusi kompüterlərdən səs verir. Görəsən, belə mütərəqqi seçki növünə hakimiyyəti vadar eləyən nə olub? Xainin xoflu olmasımı?
Demək istədiyim budur ki, alman münsif də dediyi sözləri Avropa üçün yox, Azərbaycan üçün deyib. Çünki səs vermək və seçim imkanına malik olmaqda da, Avropa üçün təəccüblü heç nə yoxdu. O, sadəcə, Azərbaycan hakimiyyətini inandırmağa çalışır ki, seçim imkanı böyük xoşbəxtlikdi. Xalqınızı xoşbəxt etmək istəmirsizmi? Azərbaycan hakimiyyəti isə yalnız seçim imkanını məhv eləyəndə xoşbəxt ola bilir. Bu yolda isə heç bir halda, Azərbaycana uğur diləmək mümkün deyil…