Vəfa Quluzadə: “Azərbaycan gərək öz təhlükəsizliyini vaxtında təmin edərək NATO-ya inteqrasiya edəydi”
Sülhəddin Əkbər: “Azərbaycan Türkiyə ilə əməkdaşlığı dərinləşdirərək İrana qarşı qüvvələr nisbətini dəyişməlidir”
Azərbaycanla İran arasındakı münasibətlərdəki gərginlik getdikcə dərinləşməkdədir. Qarşılıqlı bəyanatlar, hədələr yenidən bir-birini əvəzləməyə başlayıb. Belə ki, bir neçə gün əvvəl Bakı hava limanının məsul rəsmiləri İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyinin mədəni işlər üzrə ofisinin müdiri höccətülislam Vəl-Müslimin Məhəmməd Hadi Fərid Əsrin Azərbaycana daxil olmasına mane olublar. Bundan başqa, bir neçə gün əvvəl İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı Azərbaycanla bağlı aşağılayıcı məlumat yayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin mayın 29-da Tehranda keçirdiyi brifinq barədə saytda yerləşdirilən məlumatda Azərbaycan dövləti əvəzinə “Bakı dövləti” ifadəsi işlənir.
Dünən isə isə daha bir maraqlı xəbər yayıldı. Məlum oldu ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov Bakıdadır. XİN rəsmi mövqeyində C.Axundovun Bakıya gəlməsinin səbəblərini diplomatın öz şəxsi işləri ilə əlaqələndirsələr də, İranla baş verənlərin fonunda bunu təsadüfi saymayanlar da var. Bir sıra ekspertlərin fikrincə, səfir Bakıya məsləhətləşmələr üçün çağırılıb.
Baş verənləri necə təhlil etdiklərini öyrənmək üçün ekspertlərə müraciət etdik. Sulamızın biri isə mövcud situasiyada Azərbaycanın atmalı olduğu addımlarla bağlı oldu.
Politoloq Vəfa Quluzadənin fikrincə, hazırda cərəyan edən proseslərə baxılan zaman Azərbaycanın indiyə qədər bir sıra ciddi səhvlərə yol verdiyi açıq şəkildə görünür. V.Quluzadə hesab edir ki, Azərbaycan gərək öz təhlükəsizliyini vaxtında təmin edəydi: “Azərbaycan NATO-ya üzv olmasa da, heç olmasa NATO-nun müdafiəsinə arxalanması üçün bu təşkilata vaxtında sıx inteqrasiya etməli idi. Azərbaycan hazırda iki ideologiyanın təsirindədir. Sovet imperiyası dağılandan sonra Azərbaycan ideologiyasız qaldı. Hazırda isə Azərbaycana İran tərəfindən İslam, Qərb tərəfindən isə demokratiya ideologiyası təsir edir. Azərbaycan gərək hazırkı situasiyada demokratiya ideologiyasını qəbul edərək, demokratik dövlətlərlə sıx əməkdaşlıq etsin. Əks halda Azərbaycan təkbaşına İranın ekspansiyasına tab gətirə bilməyəcək”.
Hazırda İranın Azərbaycana qarşı məqsədinin nədən ibarət olduğunun tam açıqlanmadığını deyən V.Quluzadə vurğuladı ki, Azərbaycanın mövqeyi çox təhlükəlidir. İlk baxışdan isə belə görünür ki, İran Azərbaycanda özünə oxşar recimin qurulmasında maraqlıdır. V.Quluzadə bu baxımdan düşünür ki, Azərbaycan mövcud durumda İranla əlaqələri normallaşdırmağa çalışmaqla yanaşı, Qərbə inteqrasiyaya ciddi yanaşmalıdır.
Avro Atlantik Şuranın sədri Sülhəddin Əkbərin fikrincə, İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi üçün obyektiv səbəblər var. İran ətrafında yaranan situasiyanın Azərbaycanla münasibətlərə təsirsiz ötüşməyəcəyinin əvvəlcədən proqnozlaşdırıldığını deyən S.Əkbər vurğuladı ki, Azərbaycanın İsrail ilə münasibətlərini dərinləşdirməsi Tehranı ciddi narahat etməkdədir: “Azərbaycan yaranmış vəziyyətdə İrana qarşı beynəlxalq birliyin gücünə arxalanaraq siyasət yürütməlidir. Bu baxımdan düşünürəm ki, Türkiyə ilə strateci əməkdaşlıq mütləq dərinləşdirilməlidir. Əks halda Azərbaycanla İranın qüvvələr nisbətinin fərqli olması rəsmi Bakını daim təhlükədə saxlayacaq. Azərbaycanın İranla bacarmaq üçün öz gücü yetərsizdir”.
Xəyal