ACP-nin yeni sədri yaxın vaxtlarda İctimai Palata ilə müzakirələrə başlayacağını deyir
Açıq Cəmiyyət Partiyasına (ACP) yeni sədr seçilib. Partiyanın Ali Məclisinin dünənki iclasında ACP-nin sədri Vaqif Mahmudovun istefası qəbul olunub və səs çoxluğu ilə Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbər ACP-nin yeni sədri seçilib. İclasa onlayın qoşulan ACP lideri Rəsul Quliyev S.Əkbərin sədrliyini şəxsən irəli sürdüyünü bildirib: “Sülhəddin Əkbər öz üzərində işləyən siyasətçidir. Mən inanıram ki, o, digər partiyaların üzvləri tərəfindən də dəstəklənəcək və partiyanın sırasını genişləndirəcək. Diplomatik korpuslarla əlaqələr qurulacaq və onların tədbirlərində iştirak ediləcək, mətbuatla da, juranistlərlə də sıx ünsiyyət qurulacaq. Mən ona uğurlar arzulayıram”.
Yeni sədr S.Əkbər isə çıxışında ACP-nin sədri olmağın böyük məsuliyyət və çətin bir iş olduğunu söyləyib: “Bizim Rəsul Quliyevlə mayın 22-26-da Norveçin paytaxtı Oslo şəhərində görüşlərimiz keçirildi. Bu görüşlərdən sonra mənim sədrliyə namizədliyim məsələsi dəqiqləşdi. Azərbacyanda müxalifət olmaq çətindir. ACP-nın üzvü olmaq isə daha da çətindir. Amma biz çətinliklərdən qoxmuruq. İnanırıq ki, Azərbaycanda demokratiya bərqərar olunacaq(“Qafqazinfo”).
“Azadlıq”a müsahibəsində S.Əkbər yeni vəzifəsi ilə bağlı suallarımızı cavablandırdı.
– Sülhəddin bəy, Müsavatdan ayrılandan sonra adınız başqa partiyalarla birgə çəkilsə də, qərarınız ACP oldu? Hiyə məhz bu partiya?
– 2010-cu ilin noyabr ayının sonunda Müsavat Paritiyasından istefa verdim və bəyanatımla bunun səbəbini açıqladım. Sonra bir qeyri-hökumət təşkilatı təsis etdik və bir müddət onun işi ilə məşğul oldum. ACP ilə bağlı təklif mənə uzun müddət idi gəlmişdi. Daha doğrusu, konkret vəzifə təklifi olmamışdı, partiya ilə əməkdaşlıq təklif olunmuşdu. Uzun müddət dünyada, regionda və ölkədə gedən prosesi təhlil etdim və bu qərara gəldim ki, yenidən aktiv siyasi fəaliyyətə başlamaq vaxtıdır. ACP-ni seçməyimin bir neçə səbəbi var. Birincisi, ideya və siyasi baxımdan mənə daha yaxın partiyadır. Açıq Cəmiyyət Partiyası sağ mərkəzçi, liberal-demokratik görüşlü bir partiyadır. Eyni zamanda bizim Rəsul Quliyevlə geniş müzakirələrimiz oldu. Dünyadakı, regiondakı və Azərbaycandakı vəziyyəti çox geniş və detallı müzakirə etdik. Mən bu müzakirələrdən sonra fəaliyyətimi ACP-də davam etdirməyə qərar verdim. Partiyanın sədrliyi kifayət qədər yüksək siyasi postdur. Mən düşündüm ki, siyasi imkanlarımı bu statusda və bu partiyada daha effektiv realizə edə bilərəm. O baxımdan bu qərarı verdim. Azərbaycanın yaxın siyasi inkişaf perspektivi ilə bağlı, həmçinin strateji-taktiki məsələlərdə Rəsul bəylə fikirlərimiz üst-üstə düşür. Belə hesab edirəm ki, Azərbaycanda demokratiyaya yumşaq keçid üçün Rəsul Quliyevin böyük xidmətləri ola bilər. Çünki onun imkanları genişdir. Rəsul Quliyevin həm Azərbaycanın hakim, həm də müxalif elitası ilə sıx əlaqələri var. Demokratiyaya yumşaq keçid üçün də bu elitanın barışığına ehtiyac var. O, bu funksiyanı yerinə yetirə bilər. Buna həm yaşı, həm təcrübəsi, həm əlaqələri imkan verir. Eyni zamanda hakim elitada demokratik islahatları müdafiə edən insanlarla və demokratik düşərgə ilə əlaqələri var. Düşünürəm ki, mənim bu postda olmağım Azərbaycandakı demokratik düşərgənin də marağına uyğundur. Demokratik düşərgə ilə müxtəlif güc mərkəzləri arasında münasibətlərin yumşalması və inkişafı baxımdan da səylərimizi artıracağıq. Bütün bu səbəblər mənim bu qərarı qəbul etməmdə öz rolunu oynadı.
– Deyirsiniz ki, Azərbacyanda müxalifət olmaq çətindir. Cəmiyyət Sülhəddin Əkbərin timsalında Azərbaycanda necə bir müxalifətin şahidi olacaq?
– ACP Azərbaycanın gerçək, real müxalifət partiyaları ilə bir sırada olacaq. Mən bunu Məclisdəki çıxışımda da qeyd etdim. Partiyanın siyasi prioritetləri sırasında Azərbaycanın bütün demokratik qüvvələrinin mobilizasiyasını və konsaldasiyasını göstərdim. Təbii ki, Azərbaycanda real siyasi gücə malik olan partiyalarla bir sırada olmaq istəyirik və İnşallah olacağıq. Əsas vəzifələrimizdən biri də müxalifət partiyalarının rəhbərləri ilə görüşmək olacaq.
AXCP, KXCP, Müsavat, AMİP, ALP, ADP və dəyişikliklər üçün real gücə malik olan digər partiyalarla birgə çalışacağıq.
Xalq dəstəyi almaq üçün ilk növbədə bu partiyaların konsaldasiyasına ehtiyac var.
– İctimai Palata ilə bağlı planlarınız nədir?
– Yaxın vaxtlarda İctimai Palatanın rəhbərliyi ilə görüşməyi planlaşdırmışam. İctimai Palatanın rəhbərliyi və Koordinasiya Şurası bizim dostlarımızdır. Düşünürəm ki, dostlarımızla birgə müzakirələr aparıb yaranmış vəziyyəti düzgün qiymətləndirəcəyik.
Gültəkin