Gün o gün olsun Respublika günündə Respublika özü də olsun!

Bu il 28 may – Respublika bayramını xüsusi bir coşqu ilə, həvəslə qeyd etdik. Son illərdə ictimai mənada bu qədər gözəl, canlı, maraqlı, rəngarəng, ümid ilə, sevgi ilə, sevinc dolu bir gün yaşadığımı xatırlamıram.
Öncə Novxanıya – Rəsulzadənin heykəli qarşısına toplaşdıq. Bir-birimizin bayramını qutladıq, sevincimizi bölüşdük. Azad, demokratik bir ölkədə yaşamağı arzuladıq bir ölkədə.
Sonra dəyərli hüquqçu Ənnağı bəyin elə Novxanıdakı bağ evinə yığışdıq. Burada dostlarla həm Respublika bayramı təntənəsini davam etdirdik, bu təntənənin içində Cümhuriyyətlə eyni gündə doğulan ustad yazarımız Xaliq Bahadırın ad günü təbrikləri qırmızı xətlə keçdi.
Kiçik bayram ziyafətimizə Cümhuriyyət günü münasibəti ilə keçirdiyimiz “azad voleybol turu” xüsusi rəng qatdı. Hətta ona deviz də müəyyənləşdirdik: “Play for democrasu”. Yəni “demokratiya üçün oyna”.
Xeyli tər töksək də, zaman-zaman halsız düşsək də canımızda yorğunluqdan çox, inanılmaz bir məmnunluq vardı.
Hələ bu harasıdır? Gün axşama, biz də şəhərə dönürdük, bu dəfə də dostlarla bir gün öncə doğum günü olan əvəzsiz həmkarımız Xədicə İsmayıl üçün bir araya gələcəyimiz aydınlaşdı. Yığışdıq və beləcə, günün mutluluğu, məmnunluğu yeni gün başlayanadək sürdü.
Bir sözlə, inanılmaz, unudulmaz bir Respublika bayramı yaşadım bu 28 mayda. Hər şey vardı bu bayramın içində: ən sevgili dostlar, ən müxtəlif mövzularda polemikalar, keçmişin anıları, gələcəklə bağlı ümidlər, gülüş, hiss, həyəcan, hətta voleybol!
Bəs nə yox idi desəniz, mən də axırdan-axır soruşdum öz-özümdən: nə yox idi bu gün?
Və cavabı tapmaq çətin olmadı: Respublika bayramında Respublikanın özü yox idi!
Bəli, Respublika bayramını biz növbəti dəfə ailə hakimiyyəti, sülalə, qəbilə idarəçiliyi, tayfa-klan rejimi, bir də telekanalların zərrəcə vicdanları sızlamadan, üzləri qızarmadan ekranlarının sol günclərinə yapışdırdıqları Heydər Əliyev şəkli ilə qarşıladıq və yola saldıq.
Nə deyim, gün o gün olsun Respublika günündə Respublika özü də olsun!!!

Vəziyyət nə qədər ağır olsa da…

Bir də bu 28 mayda nəyi anladım, bilirsinizmi?
Cibimiz bayramlar üçün müsaid deyil. Qayğılarımız boğazdan yuxarıdır.
Addımbaşı yalan. Addımbaşı talan. Addımbaşı əsəb. Addımbaşı qəzəb. Addımbaşı…
Üstəlik, dəmir barmaqlıqlar ardında dava dostlarımız var, onlarla bağlı narahatlıqlar, nigarançılıqlar var.   
Bir sözlə, hansı üzünə çeviriksə çevirək, bu rejimin sayəsində canımızda heç olmasa, əlamətdar günlərdə şadlanmaq, şənlənmək heyi, həvəsi qalmayıb.
Amma sonuncu Respublika günündə bir şeyi başa düşdüm: rejim nə qədər pis olsa da, biz bəzən həyatımızda yaxşı anlar yaratmasaq, mübarizəni sürdürmək çox çətindir. Bu qədər gərginliyə, məhrumiyyətə sinə gərmək ağır işdir. Odur ki, ən ağır şərtlər altında da həyatımıza rəng qatmağı bacarmalıyıq. Ölkədəki bunca pisliyin, çirkabın, iyrəncliyin həyatımızı tamamən zəhər etməsinə yol verməməliyik.  
Yeni enerji ilə, yeni güclə, həvəslə yola davam etmək üçün bu, çox vacibdir.

Əhəd!

28 may həm də həbsdəki arxadaşımız, cəsur, ləyaqətli duruşu ilə hər kəsə örnək ola biləcək Əhəd Məmmədlinin ad günüdür. Artıq ikinci ildir ki, o, Azərbaycanın ən şanlı, ən şərəfli bir tarixini dəmir barmaqlıqlar ardında qeyd edir.
“Qeyd edir” deyirəm, çünki bilirəm ki, Əhəd indi doğum günündən çox, Respublika gününü həbsdə qarşıladığı üçün üzülür. Həmin gün Rəsulzadənin heykəli qarşısına gedə, orada bayrağımızı dalğalandıra bilmədiyi üçün üzülür. Əminəm ki, Respublika gününü də elə ən səmimi, içdən şəkildə həbsdə Əhəd Məmmədli qeyd edib – bu üzüntüsü ilə!
Amma üzülməyə dəyməz, Əhəd! Sən növbəti Respublika günlərində Rspublikanın özünün də olması üçün bu gün dəmir barmaqlıqlar ardındasan, sənin və səninlə bərabər indi həbsdə olan bütün dava dostlarımızın bu xidməti, fədakarlığı heç vaxt unudulmayacaq, daim minnətdarlıqla xatırlanacaqdır.
Eşq olsun sənə!
Eşq olsun sizə!