Leyla Yunus: «Hazırda dünyada elə bir mətbu orqanı yoxdur ki, Azərbaycandakı acınacaqlı durumu gündəmə gətirməsin»
Hökumətyönlü mətbuat yeni öz ampluasında çıxış edərək cəmiyyətdə olan neqativ halları qabardan ictimai-siyasi xadimləri təhqir etməklə muşğuldur. “Yeni Azərbaycan” qəzetinin dünənki sayında hüquq müdafiəçisi Leyla Yunusla bağlı dərc olunan məqalə də bu qəbildəndir.
“Çaqqal ulartıları və ya sən kimsən Leyla Yunus?” başlıqlı yazıda hüquq müdafiəçisinin ünvanına sərt ittihamlar səsləndirilib. Bu cür çıxışa səbəb isə L.Yunusun bir neçə gün əvvəl “Sing for Democrasy” tədbirdə çıxışında hakimiyyətin yürütdüyü siyasəti ifşa etməsi olub. Yazıda L.Yunusun səsləndirdiyi arqumentlərə tutarlı cavab verə bilməyən müəllif yalnız təhqir yolunu seçib. L.Yunusun fəaliyyətinin daha çox ermənilərə sərf etdiyini düşünən hakimiyyətyönlü qəzet Azərbaycanla bağlı etirafların xalqımızın və dövlətimizin maraqlarına uyğun gəlmədiyini düşünür. Əslində biz yazının məzmununu oxcularımıza daha yüngül formada çatdırmağa çalışdıq. Məqalədə L.Yunusun ünvanına senzuradan kənar ifadələrə yol verilib.
Məsələyə münasibət öyrənmək üçün L.Yunusa müraciət etdik. “Yeni Azərbaycan”dakı məqaləyə münasibət bildirmək istəmədiyini deyən L.Yunus vurğuladı ki, hakimiyyətin bu cür yanaşmasına təəccüblənmək lazım deyil. Əvəzində L.Yunus xarici mətbuata verdiyi son açıqlamasından danışdı: “Son zamanlar hər gün xarici mətbuat nümayəndələri mənimlə mütəmadi əlaqə saxlayırlar. Almaniyanın tanınmış mətbu orqanlarından birinə açıqlamam zamanı belə bir sual ilə üzləşdim. Alman jurnalist həmin sualda özü etiraf etdi ki, artıq bütün dünya Azərbaycandakı neqativ məqamlardan danışır. Hazırda elə bir mətbu orqanı yoxdur ki, bu məsələyə toxunmasın. Sual isə belə oldu ki, hakimiyyət ”Eurovision” vasitəsilə özünü tanıtmağa çalışdığı bir zamanda nəticənin belə olacağını gözləyirdimi”. Məncə, bununla hər şey aydındır”.
Hikmət