25m-ak

İqtidar müxalifətin səssiz aksiyasından da qorxdu

25m-akAXCP-nin təşkil etdiyi tədbir qəddarlıqla dağıdıldı; Gənclər döyüldü; Jurnalistlərə qarşı kobudluq edildi

AXCP ötən gün Dənizkənarı Milli Parkda “flaşmob” təşkil etdi. Heç bir şüar səsləndirmədən, sakit şəkildə şəhərə çıxıb gəzmək məqsədi daşıyan aksiya saat 18:00-a təyin olunmuşdu. Bu dəfə də polis və mülki geyimlilər hadisə yerinə öncədən toplaşmışdılar. Prosesə Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini Səhlab Bağırov başçılıq edirdi.

Səssiz gəzinti şüarlarla əvəzləndi

Şəhərin hər yeri – metronun “Sahil” stansiyasının giriş-çıxışı, “Tarqovı”, Milli Park, “Sahil” parkı başdan-ayağa hüquq-mühafizə orqanları və mülki geyimlilərlə əhatələnmişdi. Yoldan ötən hər kəsə nəzarət edilirdi. Kürəyindən bayraq asanlar, rəngli köynək geyinənlər saxlanılır, sorğu-sual ediləndən sonra sərbəst buraxılırdı.
Ilk tutulan AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu oldu. O, “Sahil” parkından jurnalistlərin yanına gələrkən yolda zorakılıqla həbs edildi. Daha sonra ACP üzvü Ağasif Şakiroğlu polislərin gözünə yaxşı görünmədiyi üçün maşına mindirildi.

Məlum oldu ki, cəbhəçilərin əksəriyyəti artıq Milli parkda toplaşıblar və gəzintiyə başlayıblar. Əvvəlcə müxalifət fəallarına ərazini tərk etmək xəbərdarlığı edildi. Ancaq onlar şəhərdə gəzintiyə çıxdıqlarını söylədilər. Bu zaman Səhlab Bağırovun əmri ilə qadın-qoca deyilmədən hamısına hücum edildi. Cəbhəçi Xanım Mustafayeva zorakılıq nəticəsində bayıldı. Onu yoldaşlarının ilkin yardımı nəticəsində özünə gətirə bildilər.

AXCP sədrinin müavini Gözəl Bayramlı, hüquq müdafiəçisi Kəmalə Bənanyarlı bu haqsızlığa etiraz etdilər. Polislər və mülki geyimlilər ona hücum edərək öncədən saxlanılmış avtobuslara mindirdilər.
Gəzintiyə imkan verilmədiyini görəndə cəbhəçilər şüar səsləndirməyə başladılar. Bu zaman isə AXCP Gənclər Komitəsinin üzvü Əbülfəz Qurbanlı, komitə üzvləri Bəyim Həsənli, Xanım Mustafayeva, Nihad Hüseyn, Dəyanət Babayev, Ülkər Azərtürk, Rövşən Fərhadov, Akif Quliyev, Rahim Musayev, Səxavət Mehtiyev, Hüseyn Novruzov, Kənan Qasımlı, Orxan Carçı, Nuru Nuruzadə, Elşən Ağayev zorakılıqla həbs edildi.
AXCP sədrinin müşaviri Məmməd Ibrahimi də Milli Parka gələrkən döyərək həbs etdilər.

Müşahidəçi göz yaşını saxlaya bilmədi; jurnalistlər isə təhqir olundu

Milli Parkda polislərə mülki geyimlilər də kömək edirdilər. Xüsusən Milli parkın mühafizə xidmətinin əməkdaşları bu işdə cənfəşanlıq edirdilər. Onlar jurnalistlərlə kobud rəftar edir, çəkiliş aparmasına mane olurdu. Ara-sıra təhqirlər də yağdırırdılar. ATƏT müşahidəçiləri və əcnəbi jurnalistlərin çəkilişləri onlarda daha çox qıcıq yaradırdı.
Bir neçə dəqiqəlik sükutu yoldan keçib, Bulvara əylənməyə gələn üç gənc pozdu. Onlar polislərin yanından ötərkən heç bir qanunsuz hərəkətə yol verməsələr də həbs edildilər.
Onların ardınca Müsavat başqanının müşaviri Səxavət Soltanlı həbs edildi. Çayxanada oturub çay içən zaman mülki geyimlilər ona hücum edərək maşına mindirdilər. Başqa bir müsavatçı Ayxan Hacıbəyli, ADP gənclər təşkilatının rəhbəri Cəmil Hacıyev, Gülsura Məmmədova, gənc fəllar Rövşən Nəsirli, Şamil Hadıyev, AXCP fəalı Elçin Həsənov polis özbaşınalığının qurbanı oldular. Həbs edilənlər “Azadlıq!”, “Istefa!”, “Diktaturaya yox!” şüralarını səsləndirə-səsləndirə avtobuslara kobudluqla mindirildi.

Şəhərə çıxan Şirinbacı Rzayeva, Mahirə Məmmədova da həbs olunaraq naməlum istiqamətə aparıldı.
Qadınlara qarşı zorakılıqları görən Norveç Helsinki Komitəsinin müşahidəçisi göz yaşlarını saxlaya bilmədi.
Iki saata yaxın davam edən “flaşmob” “Azadlıq” qəzetinin fotomüxbiri Islam Şıxəlinin həbs edilməsi ilə yekunlaşdı.

“Azərbaycan hökuməti tək Azərbaycan xalqı ilə deyil, bütün dünya ilə qarşıdurmadadır”

Gənclərin “flaşmob”una AXCP sədri Əli Kərimli münasibət bildirib. Onun sözlərinə görə, etirazçıların əsas tələbi siyasi məhbusların azad olunması idi: “Siyasi məhbusların portretlərini qaldırıblar, dinc yürüş ediblər. Bulvara cəlb olunmuş çoxlu sayda mülki geyimli hüquq-mühafizə orqanları əməkdaşları onları kütləvi şəkildə həbs edib. Ilkin hesablamalara görə, azı 50 nəfər həbs olunub. Onları müxtəlif istiqamətlərə aparıblar. Bəzilərini Qobustana, bəzilərini polis idarəsinə. Cəbhəçi gənclər növbəti dəfə öz mübarizə əzmlərini nümayiş etdirdilər. Azərbaycan müxalifəti, Ictimai Palata mübarizədən yorulmadığını, baş verən repressiyaların, fiziki təzyiqlərin bizim tərəfdarlarımızı qorxutmadığını ortaya qoydu. Digər tərəfdən, Azərbaycan hökuməti növbəti dəfə özünü ifşa etdi. Avropa Parlamentinin Azərbaycan hökumətindən siyasi məhbusları azad etmək və sərbəst toplaşmaq azadlığını təmin etməyi tələb edən qətnaməsindən cəmi bir gün sonra Azərbaycan hökuməti növbəti səhvini etdi, növbəti dəfə zorakılığa əl atdı. Özünü faktiki olaraq bütün dünyaya qarşı qoydu. Indi Azərbaycan hökuməti təkcə Azərbaycan xalqı ilə qarşıdurmada deyil, həm də bütün dünya ilə qarşıdurmadadır”.

Aksiya zamanı həbs edilənlərin siyahısı

İP Koordinasiya Şurası:

1.Qələndər Muxtarlı
2.Rafiq Manaflı

AXCP:

3.Gözəl Bayramlı – Sədr müavini
4.Nemət Əliyev – Rəyasət Heyətinin üzvü
5.Natiq Ədilov – Rəyasət Heyətinin üzvü
6.Məmməd İbrahim – Sədrin müşaviri
7.Əbulfəz Qurbanlı –Gənclər Komitəsinin sədri
8.Dəyanət Babayev
9.Orxan Carçıyev
10.Nuru Nuruzadə
11.Vaqif Xaliqov
12.Tahir (soyadı dəqiqləşdirilməyib)
13.Elşən Ağayev
14.Türkel Əlisoy
15.Kamran Sanatürk
16.Kəmalə Bənəniyarlı
17.Bəyim Həsənli
18.Xanım Mustafayeva
19.Mahirə Muradova
20.Nihad Hüseyn
21.Rövşən Fərhadov
22.Rahim Musayev
23.Akif Quliyev
24.Toğrul Məmməd
25.Zərifə Məhyəddinova
26.Ağasim Abbasov
27.Adil Hüseynov
28.Sadif Qurbanov
29.Azər Nəbiyev
30.Amil Paşayev
31.Aydın Əliyev
32.Təzəxan Mirələmli
33.Ağakərim Kərimov
34.Cavanşir Qafarov
35.Mahirə Muradova
36.Ülkər Azərtürk
37.Səxavət Mehtiyev
38.Hüseyn Novruzov
39.Qüdrət İmanov

 

 

Müsavat:

40.Səxavət Soltanlı
41.Ayxan Hacıbəyli
42.Tofiq Yaqublu
43.Rəhim Yaqublu

ADP:

44.Cəmil Haciyev
45.Gülsura Məmmədova

VHP:

46.Samir Əsədli
47.Punhan İmanlı
48.Namiq Əhməd

ACP:

49.Şirinbacı Rzayeva
50.Ağasif Şakiroğlu
51.Yasəmən Kərimova

Azad Gənclik:

52.Ülvi Həsənli

NİDA

53.Fərid Mikayıl

Bitərəf:

54.Səlcuq Elçin
55.Rövşən Nəsirli
56.Şamil Hadıyev

Ramin DEKO