Lorenin ikinci yarımfinalı

57-ci “Eurovision” musiqi yarışmasının ikinci yarımfinalı daha çox səsvermədən sonrakı mətbuat konfransında Isveç müğənnisinə verilən sualın düzgün tərcümə edilməməsi üzündən yaranan qalmaqalla yadda qaldı. Amma mən Lorenin ifasını o qədər bəyəndim ki, ona verilən sualı, sualın tərcümədən qaçırılmasını, müğənninin ikibaşlı cavabını unutmağa belə, hazıram.
Beynəlxalq tədbirlərdə, lap elə Ictimai Televiziyanın özündə keçirilən görüşlərdə tərcüməçilərin qeyri-peşəkarlığı, mətni özlərinə sərfəli şəkildə dəyişmələri təzə xəbər deyil. Bu da olsun biri. Fikrimcə, bu dəfə səhv “Eurovision”un mətbuat mərkəzinin tərcüməçisinin adına yazılmalıdır.
Bəli, 18 ölkənin təmsilçisi cümə axşamı səhnəyə çıxdı, 10-u finala keçdi. Onuncu Türkiyə oldu. Bir ara düşündüm ki, əgər yarışma Azərbaycanda keçirilməsəydi, bəlkə də Can Bonomo final üzü görməzdi. Tamaşaçıların səsi də Türkiyənin finala keçməmək qorxusu yaşananda coşquyla çıxdı: “Türkiyə, Türkiyə!..” Yoxsa sakitlikdi…
Bu arada, türklər verdikləri sözü yerinə yetirdilər; Bonomo səhnəyə Azərbaycan bayrağı ilə çıxdı. Görünür, adamın finalda birinci yerə ümidi yoxdur.
Bu dəfə ITV-nin ekranında Azərbaycanın səsvermədə iştirak etməməsi barədə xəbərdarlıq yazısı vardı. Halbuki, birinci yarımfinalda bununla bağlı xəbərdarlıq edilməmişdi. Təşkilatçıların çox kobud səhvidir. Belə çıxır ki, ötən mərhələdə Azərbaycandan bir xeyli adamın pulu batıb.
ITV-nin aparıcıları Könüllə Salehin başı mənasız söhbətə o qədər qarışır ki, bəzən vacib məlumatları çatdırmağı “unudurlar”. Aparıcı-şərhçilər ikinci yarımfinalda da öz amplualarındaydılar. Allah bizi finalda qorusun.
Ümumiyyətlə, yenə ifaların çoxu maraqlı deyildi. Deyəsən, Avropada bu musiqi yarışmasına maraq get-gedə azalır. Mahnı, ifaçı seçiminə diqqət yetirilmir, imic məsələsinə az pul xərclənir. Performanslar aradan çıxır. Ildən-ilə ifaların şou hissəsi ixtisara düşür. Amma nahaq. Bu yarışmanın formatını dəyişməkdənsə, ona əlavə çalar qatmaq gərəkdir. Haqq-nahaq, şeytan deyir ki, builki yarışma məhz Azərbaycanda keçirildiyi üçün Avropa ailəsi ona barmaqarası baxır. Siyasi Azərbaycana baxdığı kimi…
Özlüyümdə favorit bildiyim ölkələri yarımfinal qaliblərinin siyahısında gördüm. Litvadan – Donni Montell, Bosniya və Herseqovinadan – Maya Sar, Serbiyadan – Zeliko Yoksimoviç, Ukraynadan – Qaytana Essami, Isveçdən – Loren, Makedoniyadan -ÿKaliopi, Norveçdən – Touray Keştkar, Estoniyadan – Ott Lepland, Maltadan – Kurt Kalleya, Türkiyədən – Can Bonomo.  Onların arasında Isveç təmsilçisi Loren digər ölkələrin ifaçılarından seçilir. O, Azərbaycana gəldiyi gündən ölkədə fəaliyyət göstərən QHT və müxalifət fəalları ilə görüşüb, Azərbaycanda demokratiyanın inkişaf etməsinin, söz azadlığının təmin olunmasının vacib olduğunu deyib. Loren yarımfinalda çox gözəl oxudu…
Bu gün yarışmanı Azərbaycanda izləyəcək hər kəsi axşam “Eurovision” finalında Isveç müğənnisi Lorenə səs verməyə, onun birinci pillə haqqını təsdiq etməyə çağırıram. Lorenin ölkəsi – Avropanın demokratik Isveçi də birinciliyə layiq olduğu üçün Lorenə səs verin. Lorenin nəğməsi “Eurovision-2012″ yarışmasının ən yaxşı mahnısı, klipi isə ən gözəli olduğu üçün bu müğənniyə səs verin. Loren Azərbaycana gələn 41 ölkə təmsilçisi arasında mediaya, vətəndaş cəmiyyətinə açıq, insanların, o sıradan Azərbaycan vətəndaşının pozulan hüquqlarını uyğun dairələrdə, bacardığı səviyyədə müdafiəyə hazır olduğunu bəyan etdiyi üçün ona səs verin.
Əziz azadlıqsevərlər, gəlin hamılıqla Isveçin Mərakeş əsilli müğənnisi Lorenə səs verək! Isveçi beşinci dəfə qalib edək. Azərbaycan da Isveçlə arasındakı fərqin böyüklüyünü anlasın.

Sənubər