Dünən sosial şəbəkələrdə Qabil Hüseynlinin bir açıqlamasını paylaşmışdı dostlar, oxuyub xeyli kef elədim. Qabil müəllim deyir ki, rejim ona vəzifə təklif etsə, sevinə-sevinə qəbul edərdi. Hətta bundan şərəf duyacağını da söyləyir çox ünlü politoloq.
Amma yadımdadır ki, Qabil Hüseynli hələ Müsavatda ikən içi bəndəniz qarışıq, bir çox həmkarlarım onu tez-tez iynələyirdik və bu da bəzi müsavatçı dostların xətrinə dəyirdi, bizi Qabil müəllim barədə bədgüman olmaqda ittiham edirdilər. Halbuki, son bir neçə ildə ünlü politoloqun Müsavatda ola-ola əslində, Müsavatda olmadığını görməmək, anlamamaq mümkün deyildi. Həqiqəti itirib “Səni axtarıram” adlı veriliş hazırlayan Xoşqədəm xanımın qəzetində köşə yazır, rejimi küsdürəcək bir kəlmə də danışmır, sözlərini yüz ölçüb bir biçirdi. Girəvəyə düşəndə hələ “ümummilli məsələlərdə iqtidar-müxalifət bölgüsü olmamalıdır” da deyirdi.
Buyurun, indi həmin adam bütün kartlarını açır, Ilham Əliyevdən vəzifə umduğunu gizlətmir, hətta Ilham Əliyev ona vəzifə versə, bundan qürur duyacağını söyləyir.
Illərdən bəridir başda Müsavat, AXCP olmaqla, Azərbaycanın müxalifət partiyalarının ortaq bir zəifliyi var: artıq addım-addım hakimiyyətin çətiri altına getdiyi heç bir şübhə doğurmayan üzvlərinə, funksionerlərinə son anadək sahib çıxmaq, onlara zamanında qapı göstərməmək, o adamların özünün vaxtı yetişəndə qapını çırpıb hələ partiyadaşlarının belinə bir də minnət şələləyərək getməsinə “yaşıl işıq” yandırmaq! Beləcə, illərdir prinsiplər şəxslərə qurban verilir. Illərdir “onsuz da az qalmışıq” kimi absurd məntiqlə dəyərlər rəqəmlərə qurban verilir.
Baxın, bir neçə gündür eyni partiyada (Müsavatda) olduğum bir xanım hüquq müdafiəçisi – adı Allahdan gizli deyil, sizdən niyə gizli olsun: Səidə Qocamanlı, – “Eurovision”un siyasiləşdirilməməsi gərəkdiyi haqqında YAP-çılardan daha betər açıqlamalar verir. Amma nə bir qınaq var, nə bir təpki! Necə ki, bir vaxtlar Qabil Hüseynlinin sırtı sıvanırdı, indi də eyni məntiqlə Səidə Qocamanlıya sahiblənir partiyadaşlarım, ən yaxşı halda, “onun öz fikirləridir, bizi bağlamaz” deyə, işin içindən çıxmağa çalışırlar. Və beləcə, yeni bir “Qabil Hüseynli vaqeəsi”nə “yaşıl işıq” yandırırlar.
Bilirsiniz, əziz dostlar, bəzən kiminsə illah ki, çıxıb “mən bundan sonra Ilham Əliyevin əsgəriyəm”, “hamını Ilham Əliyevin ətrafında sıx birləşməyə çağırıram” deməsini gözləmək lazım deyil. Kimsə məhz bu qədər açıq rejimə “stavka edirsə”, məhz onda onlar haqqında qərar vermək artıq gecikmiş addımdır. Arxadan daş atmaq kimi bir şeydir.
Azərbaycanda bəlli teoriyalar var. Həmin teoriyalar hakimiyyət tərəfindən istehsal olunaraq ictimai rəyə buraxılıb. YAP-çılar illərdir bu teoriyaların arxasına sığınaraq öz ayıblarını gizlədir, öz ömrünü uzadırlar. Həmin teoriyaların ən azı, birini və bircə dəfə dilinə gətirmək, yazmaq kifayətdir ki, o adamın gec-tez rejimin səngərində səf tutacağına, bu gün olmasa da, sabah Ilham Əliyevin köləsinə çevriləcəyinə əmin olasan. Hansıdır həmin teoriyalar? Bir neçəsini buradan mən yazım:
– “Erməni dəyirmanı”;
– “Bizim Qarabağ kimi dərdimiz var”;
– “Ümummilli məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalıdır”;
– “Anarın yaradıcılığını şəxsiyyətindən ayırmaq lazımdır”;
– “Milli mentalitetimizə yad ünsürlər”;
– “Avropalıların da bizdən öyrənəcəyi çox şey var”;
– “Yol polisinə də Ilham Əliyev deyir ki, rüşvət alsın?”;
– “Mən öz ölkəmin diktatorunu başqasının demokratına dəyişmərəm”;
– “Hakimiyyətdəkilərin pisi də bizimdir, yaxşısı da” və s.
Baxın əziz dostlar, bu və buna bənzər teoriyalardan birini dilinə gətirən adam bu gün Müsavatda olsun, ya da Cəbhədə, fərq etməz, əmin olun ki, sabah, ya da birigün YAP-da, YAP-ın yan-yörəsində olacaq. Ona görə də belələri zamanında qınaq obyekti olmalı, belələri zamanında layiqli cavabını almalıdır. Yoxsa iş işdən keçəndən sonra asıb-kəsməyin mənası nədir?
Daşı heç vaxt arxadan atmayaq ki, o da gedib topuğa dəyməsin.

Arxadan atılan daşların hekayəsi
•
•