Müsavat Partiyasının qərargahında vicdan məhbuslarına azadlıq tələbilə keçirilən aclıq aksiyası 12-ci günündə dayandırılıb. Aksiyanı dayandırmağı aclıq edənlərdən İctimai Palatanın Koordinasiya Şurası xahiş edib.
Koordinasiya Şurasının aclıq edənlərə ünvanladığı müraciətdə qeyd edilib ki, aksiyanın məqsədi Azərbaycanda insan haqlarının pozulmasına, həbsdə olan vicdan məhbuslarına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək idi. Koordinasiya Şurası hesab edir ki, aksiya iştirakçıları məqsədlərinə nail olub, beynəlxalq təşkilatlar və KİV aksiya iştirakçılarının tələblərini dünya ictimaiyyətinə çatdırıb. Koordinasiya Şurası eyni zamanda aclıq edən xanımların səhhətinin pisləşməsini nəzərə alaraq aksiyanın dayandırılmasını xahiş edib.
Xatırladaq ki, mayın 15-də başlayan və 12 gün davam edən aksiyada 38 nəfər iştirak edib. Onlardan 20 nəfəri qadın, 18 nəfəri kişi olub. Iştirakçılardan 2 nəfər aclığı aksiyanın 6-cı günü, 7 nəfəri 5-ci günü, 7 nəfəri 4-cü günü, 10 nəfəri 3-cü günü, 12 nəfəri isə 2-ci günü dayandırıb. 1 nəfər aclıq aksiyasına fasilələrlə 2 dəfə qoşulub. Aksiya beynəlxalq təşkilatların və medianın diqqətində olub. Dünyanın bir sıra nüfuzlu nəşrləri aksiya barədə materiallar dərc edib.