Hökumət büdcəni daha 600 milyon şişirdir, amma bu, əmək haqlarının artırılmasına yox, tikinti-quraşdırma işlərinə yönəldiləcək
2012-ci il dövlət büdcəsinə dəyişiklik edilib. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması məqsədilə 600 milyon vəsait ayrılacaq. Bu vəsaitlə eyni zamanda Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulub. Bir sözlə, dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.
Bəs büdcəyə edilən dəyişiklik hansı nəticələri verə bilər? Ümumiyyətlə, belə bir dəyişikliyi etmədən keçinmək olardımı?
Digər tərəfdən, maraqlı sual ondan ibarətdir ki, bir qayda olaraq ilin ortalarında əmək haqlarına, təqaüdlərə artım edilirdi. Dəyişiklikdən sonra bu istiqamətdə yeni sürprizlərlə üzləşə bilərikmi?
Iqtisadçı Qubad Ibadoğlu bildirdi ki, bu il Azərbaycanda ehtiyat fondunun vəsaitlərinin ötənilkinə nisbətən artırılmasına baxmayaraq hazırda bu xərclərin qarşılanmasına vəsait yoxdur. Q.Ibadoğlunun sözlərinə görə, büdcənin ehtiyat fondunun vəsaitləri Nazirlər Kabinetinin ehtiyat fondunun vəsaitləri və prezidentin ehtiyat fondunun vəsaitləri hesabına formalaşdırılmışdı. Bu il büdcənin ehtiyat fondunun vəsaitlərinin məbləğinə gəlincə, ümumilikdə 800 milyon vəsaitin 500 milyonu NK-ya, 300 milyonu isə prezidentin ehtiyat fonduna məxsus olub: “Yalnız bu 800 milyon vəsaitin xərclənməsi şəraitində mümkündür ki, büdcəyə əlavə və dəyişiklik edilsin. Artıq büdcənin ehtiyat fondunda olan vəsaitlər xərclənib. Bu vəsaitlər daha çox ”Eurovision” yarışması çərçivəsində, xüsusilə “başqa xərclər” adı altında sərf olunub. Milli Büdcə Qrupu olaraq Kür və Araz çaylarının daşması nəticəsində dəyən ziyanın monitorinqinin aparılmasında iştirak etmişik. Orada da apardığımız tədqiqatlar göstərdi ki, vəsaitlərin təyinatdan kənarlaşdırılması, səmərəsiz istifadə halları var. Bu isə əhalinin böyük narazılığına səbəb olur. Bunun baş verməsinin əsas səbəbi odur ki, ictimai əhəmiyyətli məsələdə ictimai nəzarət imkanları təmin edilməyib. Oqtay Gülalıyevin həbsi də bu sıradan olan məsələlərdəndir”.
Q.Ibadoğlunun sözlərinə görə, büdcədən ayrılan bu vəsaitlərin xərclənməsi və istifadəsi ilə bağlı məlumatlar gizlədilir. Bu isə həmin vəsaitlərin korrupsiya qurbanı olmasına gətirib çıxarır. Büdcənin ehtiyat fondunun məhz ölkədə təbii fəlakətlər baş verən zaman fəsadların aradan qaldırılması üçün yaradıldığını deyən Q.Ibadoğlu vurğuladı ki, indi bu vəsaitlərin hara və necə xərcləndiyi barədə məlumat yoxdur. Ümumiyyətlə, NK-nın ehtiyat fondu keçənilki ilə müqayisədə 3.3 dəfə çox olub. NK-nın fondunun vəsaitinin bu cür kəskin artmasının isə izahatı verilməyib. Bu ilin sonuna qədər hökumətin əmək haqları və təqaüdlərin artırılması istiqamətində ciddi addımlar atmasının da gözlənilmədiyini deyən Q.Ibadoğlu vurğuladı ki, baxmayaraq ki, bu ilin büdcəsi əvvəlki ilin büdcəsi ilə müqayisədə çoxdur. Amma bu ilin büdcəsinin təxminən 5.8 milyard manatı əvvəl başlamış infrastruktur layihələrinin yekunlaşdırılmasına yönəlib.
Q.Ibadoğlu büdcəyə dəyişiklik nəticəsində 600 milyon vəsaitin dövlət büdcəsinə iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi məqamına da toxundu: “Belə görünür ki, hakimiyyət yenə ənənəvi siyasətinə müraciət edərək sahibkarları ilin sonunda cərimələmək hesabına 600 milyon vəsaiti formalaşdırmağa çalışacaq”.
Hikmət